Mobil versiya
Bakı–Praqa: Azərbaycanın Avropa siyasətində yeni prioritetləri
Tarix: 28-04-2026 | Saat: 16:31
Bölmə:Siyasət | çapa göndər

Bakı–Praqa: Azərbaycanın Avropa siyasətində yeni prioritetləri

Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri Azərbaycan–Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Qəbələdə baş tutan görüşlər, mətbuata bəyanatlar və biznes-forum çərçivəsində səsləndirilən fikirlər iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın genişlənməsinə yönəlmiş konkret gündəliyi ortaya qoydu.

Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğulandığı kimi, Bakı ilə Praqa arasında münasibətlər dinamik inkişaf edir və artıq fəal siyasi dialoq mərhələsinə qədəm qoyub. Dövlət başçısı qeyd edib ki, bu müstəvidə keçirilən görüşlərdə iqtisadi sahədə konkret layihələr müzakirə olunub və əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur.

Bu səfərin mühüm cəhətlərindən biri də onun simvolik məzmunudur. Belə ki, Andrey Babişin Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana etməsi Bakının Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunun göstəricisidir.

Eyni zamanda, tərəflər hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılığa gəliblər ki, bu da institusional əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Səfərin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Çexiya tərəfi Azərbaycanın enerji resurslarına marağını açıq şəkildə ifadə edib və uzunmüddətli qaz tədarükü müqaviləsinin bağlanması perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayaraq ölkənin artıq bir sıra Avropa dövlətlərinə qaz ixrac etdiyini qeyd edib. Bu, Azərbaycanın enerji diplomatiyasının uğurunu və Avropa bazarında mövqelərinin möhkəmləndiyini göstərir.

Bununla yanaşı, tərəflər sənaye, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını da nəzərdən keçiriblər. Bu isə əməkdaşlığın yalnız enerji ilə məhdudlaşmadığını, daha geniş iqtisadi spektri əhatə etdiyini göstərir.

Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes-forumu səfərin iqtisadi məzmununu daha da gücləndirdi. Forumda hər iki ölkənin iş adamlarının iştirakı yeni tərəfdaşlıqların qurulmasına və mövcud layihələrin genişləndirilməsinə şərait yaratdı.

Prezident İlham Əliyev forumdakı çıxışında ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində çağırışlar edib. O, Azərbaycanın nəqliyyat-logistika imkanlarına, xüsusilə Şərq–Qərb nəqliyyat dəhlizinə yatırılan investisiyalara diqqət çəkərək ölkənin regional tranzit mərkəzinə çevrildiyini vurğulayıb.

Çexiyanın aparıcı şirkətlərinin, o cümlədən enerji və sənaye sektorunda fəaliyyət göstərən qurumların bu prosesə cəlb olunması iqtisadi əlaqələrin praktik nəticələrə yönəldiyini göstərir.

Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri də diqqət mərkəzində olub. Prezident İlham Əliyev bu bölgələrdə genişmiqyaslı layihələrin həyata keçirildiyini və xarici tərəfdaşlar üçün böyük investisiya imkanlarının mövcud olduğunu qeyd edib. Bu kontekstdə Çexiya şirkətlərinin infrastruktur, enerji və sənaye layihələrində iştirakı üçün əlverişli şəraitin olduğu vurğulanıb ki, bu da əməkdaşlığın yeni coğrafi və sektorial istiqamətlər üzrə genişlənməsinə zəmin yaradır.

Andrey Babişin Azərbaycana səfəri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində əldə olunan razılaşmalar və səsləndirilən fikirlər göstərir ki, ölkələrimiz arasında siyasi dialoq daha da intensivləşir, enerji əməkdaşlığı strateji xarakter alır, iqtisadi əlaqələr konkret layihələrlə zənginləşir və biznes dairələri arasında birbaşa əlaqələr güclənir.

Bütün bunlar isə Azərbaycanın Çexiya ilə əməkdaşlığın uzunmüddətli və dayanıqlı inkişaf perspektivlərini formalaşdırır və son nəticədə Avropa məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Əli Hüseynli
Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026