Mobil versiya
Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır
Tarix: 02-05-2026 | Saat: 10:24
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır

Azərbaycanın idman salnaməsinə daha bir şərəfli səhifə əlavə olundu. Bu dəfə də uğurun mərkəzində əzmkarlıq, qətiyyət və milli ruhun parlaq təcəssümü olan güləş dayanırdı. Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında Azərbaycan güləşçiləri komanda hesabında birinci yerə yüksələrək bir daha nümayiş etdirdilər ki, qalibiyyət bu xalqın xarakterindədir.

Bu böyük nailiyyətdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmançılar və onların məşqçiləri ilə görüşərək hər birinin zəhmətini yüksək dəyərləndirdi. Dövlət başçısının sözləri bu uğurun mahiyyətini dəqiq ifadə edir: “Bu qələbə bizim hamımızı sevindirdi.” Hər bir medalın arxasında illərlə davam edən zəhmət, yorucu məşqlər və sarsılmaz inam dayanır. Azərbaycan güləş məktəbi uzun müddətdir ki, öz gücünü təsdiqləyir və bu nəticələr heç də təsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, bu gün həm Avropa, həm də dünya miqyasında rəqabət son dərəcə kəskindir. Belə bir şəraitdə zirvəyə yüksəlmək yalnız güclü və hazırlıqlı idmançılara nəsib olur. “Mübarizə çox gərgin idi. Bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər.” Bu fikirlər Azərbaycan idmançısının xarakterini – dürüstlük, peşəkarlıq və qalibiyyət əzmini aydın şəkildə əks etdirir.

İdmanın ən duyğulu anı isə bayrağın ucaldılması, himnin səsləndirilməsi və milyonlarla insanın eyni hissləri paylaşmasıdır. Bu anlar yalnız idman uğuru deyil, həm də milli kimliyin və dövlətçilik şüurunun təntənəsidir. “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir.” Bu qürur yalnız bu günün deyil, gələcəyin də təminatıdır. Bu ruhla böyüyən gənclər sabahın qaliblərinə çevrilir. Azərbaycan idmanında diqqəti cəlb edən əsas məqamlardan biri də davamlılıqdır. Keçmiş çempionlar bu gün gənc nəslin formalaşmasında mühüm rol oynayır. Bu isə artıq sadəcə idman deyil, bütöv bir məktəb, ənənə və dəyərlər sistemidir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İndi isə onların yetirmələri bizi sevindirir.” Bu ardıcıllıq Azərbaycan idmanının möhkəm təməllər üzərində qurulduğunu göstərir. Əldə olunan uğurlar sistemli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Regionlarda yaradılan müasir idman infrastrukturu, keçirilən beynəlxalq yarışlar və idmançılara göstərilən diqqət bu sahəyə verilən yüksək önəmin göstəricisidir. Bu gün Azərbaycan yalnız yarışlarda qalib gələn ölkə deyil, həm də beynəlxalq idman ictimaiyyətinin etibarlı və güclü üzvüdür.

Albaniyada qazanılan bu uğur bir daha sübut edir ki, Azərbaycan idmanı inkişaf və yüksəliş mərhələsindədir. Bu inkişaf təkcə idman arenaları ilə məhdudlaşmır, xalqın ruhunda, gənclərin düşüncəsində və dövlətin gücündə öz əksini tapır. Azərbaycan güləşçiləri bir daha nümayiş etdirdilər ki, qələbə təsadüf deyil – o, zəhmətin, inamın və milli ruhun nəticəsidir. Bu uğurun mühüm tərəflərindən biri də ölkənin idman coğrafiyasının genişlənməsidir. Artıq təkcə paytaxt deyil, regionlar da böyük nailiyyətlərin əsas mənbəyinə çevrilir. Müasir Olimpiya kompleksləri və yaradılan şərait sayəsində ucqar bölgələrdən belə istedadlı gənclər üzə çıxaraq beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Bu proses idmanın kütləviliyini artırmaqla yanaşı, sosial inkişafı sürətləndirir, gəncləri sağlam həyat tərzinə yönəldir və cəmiyyətin ümumi rifahına müsbət təsir göstərir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə