Mobil versiya
Cənubi Qafqazda yeni siyasi reallıqlar və sülh perspektivləri
Tarix: 05-05-2026 | Saat: 18:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

Cənubi Qafqazda yeni siyasi reallıqlar və sülh perspektivləri

Mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin qeyd etdiyi fikirlər regionda baş verən dərin geosiyasi dəyişikliklərin mahiyyətini ifadə edir. Dövlətimizin başçısının videobağlantı formatında etdiyi çıxış təkcə cari vəziyyətin təsviri deyil, eyni zamanda post-münaqişə mərhələsində formalaşan yeni siyasi arxitekturanın konseptual mahiyyətini əks etdirir.
Mövcud siyasi reallıqlar diplomatik yanaşmaların transformasiyasını tələb edir. Bu çərçivədə əsas məqamlardan biri regional balansın qorunması istiqamətində nümayiş etdirilən diplomatik çeviklikdir. Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Bakıda keçirilməsinə dəstək verməsi uzun illər davam edən qarşıdurmadan sonra münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Bu yanaşma qarşılıqlı kompromis və siyasi realizm üzərində qurulmuş yeni modelin formalaşdığını təsdiqləyir. Albaniyanın paytaxtı Tiranada aparılmış müzakirələr və sonradan əldə olunan razılaşmalar tərəflərin artıq paralel şəkildə əməkdaşlıq imkanlarını dəyərləndirməyə başladığını nümayiş etdirir.

Müasir dövrdə sülh yalnız siyasi sənədlərlə deyil, iqtisadi inteqrasiya vasitəsilə möhkəmlənir. Bu baxımdan dövlətimizin başçısının çıxışında qeyd edilən tranzit daşımaların bərpası və enerji resurslarının ixracı məsələsi xüsusi əhəmiyyət kəsb edir. Sözügedən proses yalnız ticarət əlaqələrinin genişlənməsi deyil, eyni zamanda sabitliyin iqtisadi təminat mexanizminin qurulması deməkdir.

Dövlətimizin başçısı qeyd edib: “İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”.
Yeni nəqliyyat marşrutlarının formalaşdırılması dövlətləarası münasibətlərdə strateji aspektlərdən biridir. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim edilən təşəbbüs regionun logistika xəritəsini yenidən müəyyənləşdirə bilər. Bu layihə yalnız lokal deyil, Avrasiya miqyasında təsir imkanlarına malikdir. Orta Dəhlizlə inteqrasiya perspektivi isə regionu qlobal ticarət sistemində daha aktiv iştirakçıya çevirir. Bu amillər həm enerji, həm də qeyri-enerji sektorunda yeni imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında bəzi Avropa təsisatlarının Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirdiyini, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı qeyri-obyektiv yanaşma sərgiləndiyini bildirib. Ölkəmizin əleyhinə qəbul edilmiş çoxsaylı qətnamələrin siyasi motivli olması təəssüf doğurur. Bu yanaşma beynəlxalq münasibətlər sistemində selektiv yanaşmaların hələ də mövcud olduğunu ifadə edir. Bunun fonunda həmin qurumların regiondakı reallıqları düzgün qiymətləndirməməsi siyasi dialoqda müəyyən gərginlik yaradır.

Dövlətimizin başçısının çıxışında vurğulanan məqamlardan biri ərazi bütövlüyü və suverenlik prinsipidir. Qarabağda separatizmin aradan qaldırılması beynəlxalq hüququn tələblərinə uyğun addım kimi dəyərləndirilir. Bu kontekstdə beynəlxalq təşkilatların yanaşması universal hüquqi prinsiplərə əsaslanmalı, selektiv mövqelərdən uzaq olmalıdır. Əks halda, bu, beynəlxalq sistemə olan etimadı zəiflədən amilə çevrilə bilər.

Regionda sülh prosesi və sabitliyin möhkəmləndirilməsi istiqamətində mütərəqqi addımlar atılır, bu da uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimad üçün möhkəm zəmin yaradır. Xarici təsirlərə və müəyyən dairələrin müqavimətinə baxmayaraq, sülh gündəliyi irəliləməkdə davam edir. Ermənistan rəhbərliyinin sülhə dair açıqlamaları isə həmin istiqamətdə müəyyən konsensusun formalaşdığını nümayiş etdirir.

Dövlətimizin başçısının Zirvə toplantısında vurğuladığı fikirlər regionda yeni geosiyasi reallıqların formalaşdığını təsdiqləyir. Sülh prosesi artıq yalnız diplomatik ritorika deyil, konkret iqtisadi, siyasi və nəqliyyat layihələri ilə müşayiət olunan kompleks strategiyadır. Bu strategiyanın uğurla həyata keçirilməsi isə yalnız regional aktorların deyil, eyni zamanda beynəlxalq tərəfdaşların obyektiv və ədalətli mövqeyindən birbaşa asılı olacaqdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2026