Mobil versiya
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
Tarix: 16-06-2026 | Saat: 10:10
Bölmə:Manşet / Media | çapa göndər

Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir


Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.

aia.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.

Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:

- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;

- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;

- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;

- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;

- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;

- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;

- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;

- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;

- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;

- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;

- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;

- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;

Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;

- “Reklam haqqında” qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

- istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

- strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.

Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediəcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.

Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

“Media haqqında” qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-06-2026