Mobil versiya
"Türk Dünyası Həftəsi" xüsusi siyasi və simvolik məna daşıyır - Novruzəli Aslanov
Tarix: 29-06-2026 | Saat: 22:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Türk Dünyası Həftəsi" xüsusi siyasi və simvolik məna daşıyır

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin keçirilməsi Azərbaycan ilə Türk Dövlətləri Təşkilatı (TDT) arasında əməkdaşlığın mədəni-humanitar istiqamətdə inkişafını əks etdirən mühüm hadisələrdən biridir. Tədbir türk xalqlarının ortaq tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və mənəvi dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini ön plana çıxarır. Eyni zamanda, bu təşəbbüs TDT çərçivəsində ortaq kimliyin möhkəmləndirilməsi, humanitar inteqrasiyanın dərinləşdirilməsi və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

O bildirib ki, bu tədbir Azərbaycanın Türk dünyasının mədəni və elmi həyatında tarixən mühüm rol oynadığını bir daha nümayiş etdirir. 1926-cı ildə Birinci Türkoloji Qurultaya Bakının ev sahibliyi etməsi Azərbaycanın həmin dövrdə türkoloji tədqiqatların, elmi fikir mübadiləsinin və mütərəqqi ideyaların əsas mərkəzlərindən biri olduğunu göstərirdi. Qurultayda dil, tarix, etnoqrafiya, ədəbiyyat və ortaq əlifba kimi məsələlərin müzakirəyə çıxarılması türk xalqları arasında elmi və mədəni əməkdaşlığın inkişafında mühüm mərhələ olmuşdu. Sonrakı dövrdə sovet totalitar rejimi bu ideyaların həyata keçirilməsinə mane olsa da, onların əhəmiyyəti aradan qalxmamış, müstəqillik dövründə yenidən aktuallıq qazanaraq türk dövlətləri arasında inteqrasiyanın ideoloji əsaslarından birinə çevrilmişdi.

Bu baxımdan, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə qeyd olunması xüsusi siyasi və simvolik məna daşıyır. Bu, Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyini, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni və ortaq tarixi-mədəni irsin qorunmasına göstərdiyi diqqəti əks etdirir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər TDT çərçivəsində humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ortaq dəyərlərin təbliğinə və türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

“Tədbir, eyni zamanda, göstərir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, dil siyasəti, ortaq tarix və mədəni irsin öyrənilməsi kimi sahələr də təşkilatın fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Bu sahələrdə həyata keçirilən layihələr türk xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, ortaq humanitar məkanın formalaşdırılmasına və ümumtürk dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir”, - deyə N.Aslanov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində də vurğulandığı kimi, TDT-nin ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi müasir layihələrin ideya əsasını Birinci Türkoloji Qurultayın irəli sürdüyü mütərəqqi prinsiplər təşkil edir. Bu yanaşma tarixi irslə müasir inteqrasiya prosesləri arasında varisliyi nümayiş etdirir və TDT-nin fəaliyyətinin ortaq tarixi yaddaş üzərində qurulduğunu göstərir. Müraciətdə Türk dünyasının böyük sivilizasiya irsinin davamçısı kimi gələcəkdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi perspektivinin vurğulanması isə təşkilatın uzunmüddətli strateji baxışını və üzv dövlətlərin ortaq məqsədlər ətrafında birləşmək iradəsini ifadə edir.

Ümumilikdə isə “Türk Dünyası Həftəsi” Azərbaycan ilə Türk Dövlətləri Təşkilatı arasında əməkdaşlığın humanitar ölçüsünün daha da dərinləşdirilməsinə, ortaq tarixi və mədəni irsin qorunmasına, elmi əməkdaşlığın genişləndirilməsinə və Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026