Mobil versiya
Manaf Manafov: "Ulu Öndər strategiyasının təntənəsi- Qarabağ və Şərqi Zəngəzurun yeni intibah dövrü"
Tarix: 13-07-2026 | Saat: 10:11
Bölmə:Özəl | çapa göndər

Manaf Manafov: "Ulu Öndər strategiyasının təntənəsi- Qarabağ və Şərqi Zəngəzurun yeni intibah dövrü"

Azərbaycan Respublikasının müasir dövlətçilik tarixi və qazandığı qlobal uğurlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi xəttinin və milli inkişaf strategiyasının davamlılığının bariz təzahürüdür. Ulu Öndərin əsasını qoyduğu siyasi-iqtisadi kursu zamanın tələblərinə uyğun olaraq böyük qətiyyətlə və yaradıcı şəkildə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün qlobal dünyada tam müstəqil xarici və daxili siyasət yürüdən, beynəlxalq müstəvidə söz sahibi olan qüdrətli bir dövlətə çevrilmişdir. Ölkəmizin yeritdiyi prinsipial və ədalətli siyasət, həm regional, həm də qlobal miqyasda qazanılan yüksək diplomatik nüfuz, dinamik iqtisadi inkişaf, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr və "yaşıl enerji" strategiyası məhz bu düşünülmüş xəttin bəhrəsidir. İqtisadi müstəqilliyin təmin edilməsi və güclü ordu quruculuğu Azərbaycana öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək imkanı vermişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsində aparılan genişmiqyaslı quruculuq işləri, müasir sosial-iqtisadi infrastrukturun yenidən qurulması və keçmiş köçkünlərin öz doğma yurdlarına qayıdışı "Böyük Qayıdış" Proqramının uğurla icra olunduğunu, Ümummilli Liderin vəsiyyətinin və müqəddəs arzularının tam reallığa çevrildiyini nümayiş etdirir.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Dövlətimizin başçısı İlham Əliyevin iyulun 11-də doğma Qarabağ torpaqlarına növbəti səfəri, Xocavənd rayonunun Quzeyxırman və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndlərində fərdi evlərin, sosial infrastrukturun bərpası ilə yaxından tanış olması bu nəhəng dirçəliş prosesinin növbəti mühüm mərhələsidir. Səfər çərçivəsində təqdim olunan rəsmi məlumatlar və həyata keçirilən layihələrin miqyası Azərbaycan dövlətinin iqtisadi gücünü və bərpa-quruculuq qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirir.

Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturun bərpası və əhalinin yerləşdirilməsi istiqamətində həyata keçirilən işlər sürəti və keyfiyyəti ilə diqqət çəkir. Hər iki kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində azadlığına qovuşmuşdur. İşğaldan əvvəl zəngin kənd təsərrüfatı ənənələrinə və inkişaf etmiş sosial infrastruktura malik olan bu ərazilər işğal dövründə tamamilə viran qoyulmuşdur. Hazırda Güneyxırman kəndindəki 549 fərdi evdən 170-i yararsız, 379-u qismən yararlıdır və artıq 50 ev istismara tam hazır vəziyyətə gətirilmişdir. Kəndə ilkin mərhələdə 18 ailə (72 nəfər) qayıtmışdır. Quzeyxırman kəndində isə mövcud olan 447 fərdi evdən 65-i yararsız, 382-si qismən yararlıdır ki, onlardan da 100-ü artıq istismara hazırdır. Bu kəndə də ilkin mərhələdə 21 ailə (87 nəfər) köçürülmüşdür. Hər iki kənddə müasir qaz xətləri bərpa edilib yenidən çəkilmiş, subartezian quyuları ən son nasos avadanlıqları ilə təchiz olunmuş, su şəbəkəsi və transformator məntəqələri tamamilə yenilənmişdir. Ərazidə rabitə təminatını yüksək səviyyəyə çatdırmaq məqsədilə fiber-optik kabel xətləri çəkilmiş, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbi və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları əsaslı şəkildə bərpa edilərək istifadəyə verilmişdir.

Eyni yüksək dinamika və quruculuq xətti Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində də özünü büruzə verir. Rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən və 2023-cü ilin sentyabrında azad edilən bu səfalı kənddə fərdi evlərin bərpası prosesi uğurla davam edir. Kənddəki 66 fərdi evdən 26-sı artıq tam bərpa edilərək istismara verilmiş, növbəti il üçün isə daha 21 evin hazır olması planlaşdırılmışdır. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıtmışdır və ilin sonunadək bu rəqəmin daha da artacağı gözlənilir. Kiçik Qaladərəsində yeni qaz və su xətləri çəkilmiş, elektrik hava xətləri bərpa olunmuş, kənddaxili yollar tamamilə asfaltlanmışdır. Sakinlərin rahatlığı və mədəni asudə vaxtının təşkili üçün kənddə müasir park kompleksi və Bayraq meydanı salınmışdır ki, bu da azad edilmiş ərazilərdə milli dövlətçilik rəmzlərinə verilən yüksək dəyərin göstəricisidir. Dövlət tərəfindən yaradılan bu geniş imkanlar və infrastruktur yerli əhalinin həm rahat yaşamasına, həm də gələcəkdə kənd təsərrüfatı, heyvandarlıq və arıçılıq fəaliyyətlərini bərpa edərək ölkə iqtisadiyyatına töhfə verməsinə yönəlmişdir.

Cənab Prezident İlham Əliyevin kənd sakinləri ilə görüşlərində etdiyi konseptual çıxışlar müasir Azərbaycanın hərbi, siyasi və mənəvi gücünü bəyan edən strateji tezislər xarakteri daşıyır. Dövlətimizin başçısı vurğulamışdır ki, keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtması bütün Azərbaycan xalqı üçün böyük bir bayramdır və bu proses hər ay daha da geniş vüsət alır. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun – elektrik, qaz, su, nəqliyyat və körpülərin – qurulması dövlətin prioritet hədəfidir və bu təməllər möhkəmləndikcə qayıdış prosesi daha da sürətlənəcəkdir.
Azərbaycan xalqının son illərdə tam haqlı olaraq böyük qürur hissi ilə yaşadığını qeyd edən dövlət başçısı, ölkəmizin bütün dünyaya böyük bir xalq olduğunu, öz dədə-baba ənənələrinə və milli iradəsinə sadiq qaldığını sübut etdiyini bildirmişdir. Uzun illər davam edən işğala baxmayaraq, xalqımızın iradəsi sınmamış, cəmiyyətin bütün təbəqələri bir amalla birləşərək şanlı Qələbə gününü yaxınlaşdırmışdır. Son 80 il ərzində dünya hərb tarixində Azərbaycan dövləti və xalqı qədər çətin relyef şəraitində, düşmənin çoxşaxəli müdafiə xətlərini yararaq və xarici təzyiqlərə rəğmən, cəmi 44 gün ərzində belə parlaq və oxşarsız bir Qələbə qazanan ikinci bir dövlətin olmadığı xüsusi vurğulanmışdır. Dünyada münaqişələrin alovlandığı və dayandırılmasının çətin olduğu bir dövrdə, Azərbaycanın nümayiş etdirdiyi hərbi strategiya və xalq-ordu birliyi qlobal miqyasda öyrənilən bir nümunədir. Müharibə dövründə Azərbaycan ordusunda bir nəfərin belə fərarilik etməməsi, gənclərin milli ruh və ləyaqətlə sinələrini önə verməsi xalqımızın mənəvi ucalığının göstəricisidir.

Bu gün şanlı Zəfərdən keçən dövr ərzində azad edilmiş torpaqlarda 90 mindən çox insanın yaşaması, çalışması və təhsil alması aparılan siyasətin real nəticəsidir. Ermənistanın talan etdiyi ərazilər reallıqda yenidən doğulur, şəhərlər və kəndlər sürətlə dirçəlir. Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartlara cavab verən şərait formalaşdırır. Bu böyük qayıdış həm də gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, dövlətə və xalqa sevgi ilə tərbiyə olunması üçün mühüm mənəvi əsasdır. Dövlətimizin gücü, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi Azərbaycanın gələcək təhlükəsizliyinin və daimi inkişafının ən etibarlı təminatıdır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, milli ləyaqətimizin qorunması və xalqımıza qarşı yönələ biləcək hər hansı təhdidin qarşısının alınması üçün "Dəmir yumruq" həmişə öz yerindədir və yerində olacaqdır. Dövlətin qətiyyəti və xalqın sarsılmaz dəstəyi müstəqil Azərbaycanı gələcək qlobal çağırışlar qarşısında daha da sarsılmaz və güclü edir- deyə Manaf Manafov fikrini yekunlaşdırıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-07-2026