Mobil versiya
GƏNCƏ TƏHSİLİNİN "KORRUPSİYA MEMARLIĞI": ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI
Tarix: 13-07-2026 | Saat: 16:22
Bölmə:Karusel / Manşet / Təhsil / Yazar6 | çapa göndər

GƏNCƏ TƏHSİLİNİN "KORRUPSİYA MEMARLIĞI":


Elm və Təhsil Nazirliyinin (ETN) daxili nəzarət və audit şöbələrinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (RTİ) apardıqları yoxlamaların 34 vərəqlik rəsmi aktı sadəcə nöqsanları deyil, təhsil sisteminin içərisində kök salmış mütəşəkkil və sistemli bir idarəetmə böhranını tam çılpaqlığı ilə ortaya qoyur. Bu rəsmi sənəd, "təhsildə şəffaflıq və islahat" bəyanatlarının arxasında regional idarələrin necə bir şəxsi mülk və qanunsuz maliyyə dövriyyəsi mərkəzinə çevrildiyini bənd-bənd sübut edir. Bu analitik araşdırmada aktın hər bir maddəsi sistemli şəkildə təhlil olunur, idarə müdiri Elçin Kərimovun və bütün bu maxinasiyaların mərkəzində dayanan müavin Rövşən Kərimovun hüquqi və inzibati məsuliyyəti tam ifşa edilir.

İDARƏETMƏDƏ XAOS YARATMA VƏ SƏNƏDLƏŞMƏ SAXTAKARLIQLARI

1. Möhürsüz və imzasız milyonlar: İdarənin əsasnaməsinin 4.1.13-cü bəndinin tələbləri kobud şəkildə pozularaq, 2022-2023, 2023-2024, 2024-2025-ci tədris illərinin tarifləşmə cədvəlləri komissiya üzvləri və sabiq müdir Anar Qədiməliyev tərəfindən imzalanmamış və idarənin möhürü ilə təsdiq edilməmişdir. Hüquqi cəhətdən etibarsız olan bu cədvəllər əsasında dövlət büdcəsindən milyonlarla manat əməkhaqqı ödənilmişdir. Üstəlik, 2025-2026-cı tədris ili üzrə sinif və qrupların komplektləşdirilməsini yoxlamaq üçün qanunla vacib olan komissiya və işçi qrupu yaradılmamış, heç bir rəsmi əmrlə rəsmiləşdirmə aparılmamışdır.

2. İz itirmək üçün aktsız təhvil-təslim: Dövlət orqanlarında kargüzarlığın aparılmasına dair Təlimatın 6-cı bəndinin tələbləri pozulmuşdur. 2025-ci ilin dekabrı və 2026-cı ilin yanvar aylarında idarənin iki ən mühüm strukturu — İnzibati təşkilat və Maliyyə-iqtisadiyyat sektorlarının rəhbərləri dəyişdirilsə də, icrada olan işlər və sənədlər yeni təyin olunmuş və ya vəzifəni müvəqqəti icra edən şəxslərə aktla təhvil verilməmişdir. Bu addım maliyyə və inzibati fırıldaqların izinı itirməyə xidmət edir.


RƏHBƏR KADRLARIN SAXTA PROTOKOLLARLA YERLƏŞDİRİLMƏSİ


3. Keçid balı toplamayan 13 direktor: Direktorların işə qəbulu Qaydalarının 3.8.1-ci bəndinin tələbləri (müsahibə zamanı hər bir meyar üzrə keçid balının minimum 3 bal olması) ayaqlar altına atılmışdır. 2022-ci ildə 10 nəfər, 2023-cü ildə isə 3 nəfər olmaqla, ümumilikdə 13 nəfər müsahibədə minimum keçid balını toplamadıqları halda qanunsuz olaraq direktor vəzifəsinə təyin edilmişdir.

4. Stajı olmayan müəllimə xüsusi imtiyaz: Qanunvericiliyin namizədlərdən ən azı 5 il pedaqoji staj tələbi pozulmuşdur. Pedaqoji stajı 3 il belə olmayan və daimi müəllimlik fəaliyyəti göstərməyən Mirbaba oğlu Mirsəyyaf Məmmədov, 14 sentyabr 2023-cü il tarixli əmrlə Goranboy rayonu Balakürd kənd məktəbinə direktor təyin edilmişdir. Bundan əvvəl isə o, Mərkəzi Aran RTİ-dən gətirilərək qanunsuz şəkildə Samux rayonu İstixana kənd məktəbinə direktor müavini qoyulmuş və MİQ-dən kənar müəllimlik fəaliyyətinə şərait yaradılmışdır.

5. Psixoloq və Uşaq Birliyi Rəhbərindən direktor düzəltmək:
Pedaqoji fəaliyyətlə məşğul olmayan və MİQ müsabiqəsindən keçməyən şəxslər direktor təyin edilmişdir. Samux rayonu Sarıqaya kənd məktəbinin psixoloqu Elnur Qocayev Sarıqamış kənd məktəbinə direktor qoyulmuşdur. Çobanabdallı kənd məktəbinin Uşaq birliyi rəhbəri Svetlana Məmmədova isə Goranboyun Gürzallar kəndinə direktor təyin olunmuş, məktəb bağlandıqdan sonra isə Samux rayonu Salahlı kənd məktəbinə direktor kimi qanunsuz "rotasiya" edilmişdir.

6. Videoçəkilişlərin gizlədilməsi və sənəd saxtakarlığı: Direktorların işə qəbulu müsabiqəsinin videoçəkilişlərinə təkrar baxış zamanı müsahibə komissiyasının suallarını cavablandıra bilməyən 8 nəfərin (A.Həsənova, L.Əliyeva, L.Abışova, M.Məmmədov, V.Əsgərova, H.Məmmədov, İ.Tağıyeva, S.Məmmədova) müxtəlif məktəblərə direktor təyin edildiyi sübut olunmuşdur. Həmin şəxslərdən 5 nəfərin qiymətləndirmə protokolları birbaşa saxtalaşdırılaraq dəyişdirilmişdir. Həmçinin, protokolları məqsədli şəkildə dəyişdirilən İlahə İsmayılova və Tərgül Məmmədova da qanunsuz şəkildə direktor təyin edilmişlər. Audit qrupu sənədləri tələb etdikdə isə idarə rəhbərliyi 12 direktorun həm protokollarını, həm də videoçəkilişlərini məqsədli şəkildə gizlədərək təqdim etməmişdir.

7. Direktor müavinləri müsabiqəsində saxtakarlıq: 2023-cü ilin oktyabr-noyabr aylarında keçirilən müsabiqədə minimum keçid balını toplamayan 5 nəfərin (Ə.Satayev, T.Şəfiyeva, B.Cəfərova, Ş.Məmmədova, Ə.Ələkbərova) qiymətləndirmə protokolları saxtalaşdırılaraq dəyişdirilmiş və idarənin xüsusi göndəriş məktubları ilə direktor müavini və təşkilatçı vəzifələrinə təyin olunmuşlar.

8. Laborantı direktor müavini edən şəbəkə: Vahid Tarif-İxtisas Sorğu Kitabçasının tələbləri pozularaq, müəllim kimi pedaqoji fəaliyyəti və 3 il stajı olmayan Nərminə Qəhrəmanova uşaq birliyi rəhbərliyindən Gəncə şəhər 42 nömrəli məktəbə təşkilatçı təyin edilmiş və MİQ-dən kənar müəllimlik saatları ilə təmin olunmuşdur. Digər laborant Humay Eldarova isə laborantlıqdan təşkilatçılığa, oradan isə qanunsuz şəkildə direktor müavini vəzifəsinə rotasiya edilmişdir.

9. Müsabiqədənkənar inzibati təyinat: Gəncə şəhəri 19 nömrəli məktəbin ibtidai sinif müəllimi Fəxriyyə Axundova, heç bir müsabiqədə iştirak etmədən, sadəcə məktəb direktorunun təqdimatı və idarənin qanunsuz dərkənarı ilə 30 nömrəli məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilmiş, cari ildə isə əmək müqaviləsinin müddəti uzadılmışdır.

10. Hüquqi əsası olmayan rotasiyalar: Nazirliyin müvafiq qaydalarında rotasiya nəzərdə tutulmadığı halda, idarənin 2025-ci il oktyabr tarixli qanunsuz əmrləri ilə Səidə Tağı-zadə təşkilatçılıqdan, Laçın Abbasova isə informatika müəllimliyindən birbaşa direktor müavini vəzifələrinə təyin edilmişlər.

11. Uğursuz namizədə xüsusi xidmət: İdarənin keçirdiyi müsabiqələrdə dəfələrlə uğursuz nəticə göstərmiş Tural Abdullayev, qanunsuz şəkildə Daşkəsəndən Gəncə şəhər 18 nömrəli məktəbə direktor müavini təyin edilmişdir. Sənəddə bu yerdəyişmənin tamamilə "məqsədli xarakter" daşıdığı yazılı izahatlarla təsdiqini tapmışdır.

12. Qanunsuz kütləvi yerdəyişmələr: Cari tədris ilinin oktyabr ayında 4 nəfər direktor müavini (E.Həsənova, R.Ələsgərov, İ.Hüseynova, G.Həsənova) heç bir hüquqi və müsabiqə əsası olmadan müxtəlif lisey və məktəblər arasında qaydalara zidd olaraq rotasiya edilmişdir.

13. Sənədlərin kütləvi gizlədilməsi: İdarə tərəfindən 2022-2025-ci illərdə həyata keçirilən qanunsuz işə qəbul proseslərinin izini gizlətmək üçün direktor vəzifəsi üzrə 1 nəfərin protokolu, 10 nəfərin videoçəkilişi, 12 nəfərin isə həm protokolu, həm də videosu qəsdən təqdim edilməmişdir. Həmçinin direktor müavinləri üzrə 4 nəfərin protokolu, 1 nəfərin videosu və 34 nəfərin müsahibə materialları dəfələrlə tələb olunsa da audit qrupundan gizlədilmişdir.

14. Gözətçidən və Uşaq Birliyi Rəhbərindən idarəçi yaratmaq: İşə qəbul müsabiqəsinin şərtlərinə tamamilə zidd olaraq, Gəncə şəhər 28 nömrəli məktəbin gözətçisi Xalid Əliyev və 31 nömrəli məktəbin uşaq birliyi rəhbəri Samirə Əliyeva qanunsuz rotasiya əmrləri ilə məktəb-liseylərə təsərrüfat işləri üzrə direktor müavini təyin edilmişlər.

15. Mərkəzləşdirilmiş imtahandan qaçan müəllimlər üçün xüsusi mexanizm: "Ümumi təhsil haqqında" Qanunun 27.4-cü maddəsinin tələblərinə görə müəllimlərin yerdəyişməsi yalnız mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilməlidir. Lakin digər RTİ-lərdən 7 nəfər və idarənin daxilindən 22 nəfər müəllim yerdəyişmə müsabiqəsindən qaçaraq, saxta direktor müavinliyi və təşkilatçılıq müsabiqələrinə cəlb edilmiş, minimum balı toplamayanların protokolları dəyişdirilərək yaşadıqları ünvanlara yaxın məktəblərə qanunsuz yerdəyişmələri təmin edilmişdir.

BÜDCƏNİN DOSTLAR VƏ "MÜAVİNLƏR" ARASINDA TALANMASI


16. Gənc mütəxəssis fondundan əsassız ödənişlər: Nazirlər Kabinetinin 67 nömrəli Qərarının tələbləri pozularaq, kənd məktəblərində 3 illik güzəşt müddəti bitmiş və 5 ildən artıq müddətdir işləyən 5 nəfər müəllimə ümumilikdə 1440 manat əsassız dövlət vəsaiti ödənilmişdir.

17. Rövşən Kərimovun şəxsi korrupsiya və mükafat faktı: "Dövlət qulluğu haqqında" Qanunun 24.1-ci maddəsinin tələbləri tamamilə tapdalanmışdır. İdarədə daimi dövlət qulluqçusu statusu daşımayan, müddətli müqavilə ilə işləyən şəxslərə qanunsuz olaraq dövlət büdcəsindən mükafatlar yazılmışdır. VƏ BU QANUNSUZ SİYAHININ ƏN BAŞINDA İDARƏ MÜDİR MÜAVİNİ RÖVŞƏN KƏRİMOVUN ÖZÜ DAYANIR. Daimi dövlət qulluqçusu olmadığı halda, özünə və ətrafındakı sektor müdirlərinə (S.Quliyeva, N.Həsənova, X.Məmmədov, E.Qasımov, E.Cəfərov və məsləhətçilərə) ümumilikdə 5730 manat əsassız və qanunsuz mükafat ödənilməsini təmin etmişdir.

18. "Ölü canlar" və məzuniyyət fırıldağı: Nazirlər Kabinetinin 61 nömrəli qərarına zidd olaraq, məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən yardımçı fəhlə, tikişçi, dalandar və metodistlərin əvəzlənməsi üçün büdcədə əlavə xərc nəzərdə tutulmadığı halda, saxta əvəzləyici sənədlərlə ümumilikdə 80.922 manat əsassız əməkhaqqı silinmişdir. Bu məbləğin 75.958 manatı təkcə Gəncə şəhərinin payına düşür.

19. Uydurma ştatlarla 904.402 manatın mənimsənilməsi: Nazirlər Kabinetinin 59 nömrəli Qərarına və normativ sənədlərə tamamilə zidd olaraq, idarənin tabeliyində olan Samux, Gəncə, Daşkəsən və Göygöl rayonlarındakı təhsil müəssisələrində qanunsuz olaraq 51 kompüter laborantı ştatı saxlanılmışdır. Bu uydurma və qanunsuz ştatlara görə 2022-2026-cı illər ərzində dövlət büdcəsindən düz 904.402 manat (təxminən 1 milyon) əsassız əməkhaqqı ödənilmişdir. Goranboy rayonu üzrə isə idarə Maliyyə Nazirliyi ilə razılaşdırma sənədlərini gizlətdiyi üçün yoxlama aparmaq mümkün olmamışdır.

20. Saxta komissiya qərarı ilə büdcə talanı: Nazirlər Kabinetinin 77 və 309 nömrəli Qərarlarının tələbləri pozulmuşdur. Evdə təhsil almaq hüququ verməyən diaqnoza sahib olan bir şagirdə (B.Məmmədov) Samux rayonunun Psixoloji-tibbi-pedaqoji komissiyası tərəfindən saxta və yanlış qərar verilmiş, nəticədə dövlət büdcəsindən 6627 manat əsassız vəsait xərclənmişdir.

MƏKTƏBDAXİLİ MONİTORİNQ REZALƏTLƏRİ VƏ KEÇİRİLMƏYƏN DƏRSLƏR


21. Monitorinqlər zamanı üzə çıxan ağır nöqsanlar: Gəncə şəhər 20, 33, 4, 30, 24, 9, 12 nömrəli məktəblərdə, 47 nömrəli bağçada, Samux və Goranboy təhsil müəssisələrində aparılan yoxlamalar zamanı tədris-pedaqoji sənədlərin tamamilə bərbad vəzifədə olduğu, əmək intizamının pozulduğu və kütləvi saxtakarlıqlar edildiyi sübut olunmuşdur:

Gəncə şəhər 20 nömrəli məktəb: Evdə təhsil dərsləri və yarımqruplara bölünən dərslər ümumiyyətlə tədris edilmədiyi halda, keçilmiş kimi saxta sənədləşdirilmə aparılmış və müəllimlərə 9555 manat əsassız maaş verilmişdir.

Gəncə şəhər 33 nömrəli məktəb: Attestat blanklarının uçotu aparılmamış, dərslər tədris edilmədiyi halda 1231 manat qanunsuz maaş ödənilmişdir.

Gəncə şəhər 30 nömrəli məktəb: Şagird sayı azaldığı üçün dərnək bağlanmalı olduğu halda formal saxlanılmış və 4031 manat əsassız pul silinmişdir.

Gəncə şəhər 9 nömrəli məktəb (A.Puşkin adına): Məktəbin gözətçiləri Mirkaim Seyidov və onun qızı Ruhiyyə Qayıbova daimi olaraq işə gəlmədikləri halda onlara rəsmən 8482 manat əsassız əməkhaqqı ödənilmişdir. Bu, dövlət büdcəsində "ölü canlar" saxlanılmasının birbaşa sübutudur.
Samux rayon Çobanabdallı kənd məktəbi: Tədris sənədləri nə məktəbin, nə də idarənin möhürü ilə təsdiq edilməmişdir. Keçirilməyən dərslərə görə 1387 manat pul mənimsənilmişdir.

Goranboy şəhər R.Ağakişiyev adına Gimnaziya: Xidmətçi Naibə Bəşirova aylarla işə gəlmədən 1271 manat maaş almışdır. Ən dəhşətlisi isə, fərdi təhsil alan iki şagirdə 2023-cü ildən bəri heç bir dərs keçirilmədiyi halda, dərsi keçməli olan müəllimlərə 18.828 manat əsassız maaş yazılmışdır.
22. Sertifikatlaşmadan kəsilənlərə "Dərnək" sığınacağı: Qanunla işdən çıxarılmalı olan, təkrar sertifikatlaşmadan kəsilmiş və pedaqoji fəaliyyət hüququ olmayan 44 nəfər savadsız şəxs, idarə tərəfindən məktəblərdə dərnək rəhbəri təyin edilmiş və uşaqların gələcəyi onlara tapşırılmışdır.

23. Xarici vətəndaşlara qanunsuz eksternat imtahanı: Nazirliyin 242 nömrəli əmrinin tələbləri tamamilə pozularaq, Azərbaycan vətəndaşı olmayan 4 nəfər şəxs qanunsuz eksternat imtahanlarına buraxılmış, 1 nəfərin yaşı gizlədilmiş, protokollar isə idarə müdirinin imzası və möhürü olmadan rəsmiləşdirilmişdir.

MALIYYƏ VƏ SATİNALMA MÜQAVİLƏLƏRİNDƏKİ CİDDİ CORRUPTİON SXEMLƏRİ


24. 507 milyonluq kassa xərcləri: 2023-2025-ci illər ərzində idarə tərəfindən ümumilikdə 509.227.828 manat maliyyələşmə açılmış və 507.338.754 manat kassa xərci icra edilmişdir. Lakin rəsmi mühasibatlığın aparılmaması bu nəhəng vəsaitin ciddi bir hissəsinin qaranlıq mexanizmlərlə silindiyini göstərir.

25. Rəhbərliyə qanunsuz məzuniyyət pulları: Əmək Məcəlləsinin 118-ci maddəsinə zidd olaraq, dərs yükü normasının üçdə bir hissəsindən az pedaqoji iş aparan və ya dərs yükü ümumiyyətlə olmayan 30 nəfər rəhbər işçiyə qanunsuz olaraq 56 günlük məzuniyyət pulları hesablanmış və 23.895 manat dövlət vəsaiti əsassız xərclənmişdir.

26-27. Balansa keçməyən 103 min manatlıq avadanlıqlar:
Qrant müqavilələrinin tələbləri pozularaq, dövlətin innovasiya layihələri çərçivəsində ayırdığı vəsaitlərlə alınmış 103.195 manat dəyərində inventar və avadanlıqlar layihələr bitdikdən sonra məktəblərin rəsmi balansına və uçotuna alınmamış, faktiki olaraq buxarlandırılmışdır.

28. "Dənli bitki becərən" riskli vergi ödəyicisi ilə satınalma: Vergi orqanında rəsmən "Riskli Vergi Ödəyicisi" statusu daşıyan və fəaliyyət növü "Dənli bitkilərin becərilməsi" olan fiziki şəxs Esmira Qurbanova ilə katric doldurulması, dəftərxana, nəqliyyat təmiri və mətbəx ləvazimatı adı altında 4 müqavilə bağlanmışdır. Razılaşdırma protokolu, ekspert rəyi və anbar mədaxili olmayan sənədlərlə ümumilikdə 8039 manat büdcə vəsaiti fiziki şəxsin hesabına köçürülərək nağdlaşdırılmışdır.

29. Müəssisəyə gəlib çatmayan kağızlar — Neosol MMC fırıldağı: Həm sabiq müdir Anar Qədiməliyev, həm də hazırkı müdir Elçin Kərimov tərəfindən Neosol MMC ilə satınalma müqavilələri bağlanmışdır. MMC-yə pullar tam ödənilməsinə baxmayaraq, anbar uçot kitabları yoxlanılarkən ümumilikdə 2690 manat dəyərində A4 kağızının və dəftərxana mallarının idarəyə ümumiyyətlə təhvil verilmədiyi müəyyən edilmişdir. Pul ödənilmiş, mal isə gəlib çatmamışdır(??)



ZİBİL MAXİNASİYALARI VƏ REKORD ƏSKİKGƏLMƏLƏR


30-33. Yay tətilində "formal" zibil daşınması aktları: Gəncə və Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birlikləri ilə bağlanan müqavilələrdə Tarif Şurasının qiymətləri gizlədilmiş və hər ay qabaqcadan eyni həcmdə sərfiyyat aktları tərtib edilmişdir. Yay aylarında (iyul-avqust) məktəblərdə bir dənə də olsun şagird olmadığı, müəllimlər məzuniyyətdə olduğu halda hər ay formal aktlar yazılaraq on minlərlə manat vəsait köçürülmüşdür. Şagird sayı dəyişmədiyi halda, 2023-cü ildə xidmət həcmi qəsdən 2.4 dəfə artıq göstərilmiş və təkcə bu fərqdən 57.084 manat təmiz mənimsəməyə yol verilmişdir.

34-35. Məhkəməlik olan tullantı müqavilələri: Fiziki şəxs H.Novruzovla bağlanan 48.450 manatlıq formal müqavilələrin pulu ödənilmədiyi üçün idarə Gəncə Kommersiya Məhkəməsinə verilmiş, məhkəmə qərarı ilə büdcədən 40.004 manat ödənilmişdir. Eyni zamanda "Pearl Servis" MMC ilə cəmi 23 günlük xidmət üçün 19.704 manatlıq şübhəli ödəniş reallaşdırılmışdır.

36-38. Göygöl rayonunda analoji tullantı fırıldağı: Göygöl şəhər MKİB ilə bağlanan xidmət müqavilələrində də formal təhvil-təslim aktları yazılmış, yay aylarında heç bir zibil daşınmadığı halda minlərlə manat əsassız vəsait şirkətin hesabına oturdulmuşdur.

39. Ezamiyyə kitabının məhvi və Rövşən Kərimovun şəxsi ezamiyyə fırıldağı: 2024-cü ilin iyun ayından etibarən idarədə ezamiyyə qeydiyyat kitabı ümumiyyətlə aparılmamışdır. Sənədlər saxtalaşdırılmış, ezamiyyət vərəqələrində gediş-gəliş tarixləri əmrlərlə uyğun gəlməmişdir. VƏ BU SAXTA SƏNƏDLƏRLƏ DÖVLƏTDƏN PUL SİLƏNLƏRDƏN BİRİ DƏ ŞƏXSƏN MÜDIR MÜAVİNİ RÖVŞƏN KƏRİMOVDUR. Onunla yanaşı E.Məmmədov, E.Məmmədtağıyev və N.Həsənovanın da ezamiyyə sənədləri saxta çıxmışdır. Bakıya 2 günlük attestat gətirməyə gedən Ceyhun Bağırova rəsmən 3 günlük ezamiyyə yazılaraq ümumilikdə 2130 manat artıq vəsait verilmişdir. Ümumilikdə ezamiyyət maddəsindən 2561 manat nağdlaşdırılmışdır.

40. Kommunal borc oyunları: Azərişıq, Azəriqaz və Azərsu hesabatlarında yüz minlərlə manatlıq debitor və kreditor borcların süni şəkildə saxlanılması idarənin gizli maliyyə manipulyasiyalarından xəbər verir.

41-47. Məktəb yeməkxanalarının pulunun yayındırılması: İdarə bufet icarədarları ilə gizli sövdələşməyə girərək şagird sayını rəsmi UTİS bazasındakı rəqəmlərdən dəfələrlə az göstərmişdir. Məsələn, 4 nömrəli məktəbdə faktiki 3260 şagird olduğu halda müqavilədə 1304 yazılmış, icarə pulunun yarıdan çoxu büdcədən yayındırılmışdır. Təkcə bu məktəbdə 10.601 manat gəlir gizlədilmişdir. Digər 19 məktəbdə də şagird sayı azaldılaraq 6319 manat yayındırılmışdır. Müqavilələr 9 aylıq tədris ili üçün bağlansa da, pullar yalnız 8 ay üzrə yığılmış, qalan 1 ayın 16.451 manatlıq icarə vəsaiti rəsmən buxarlandırılmışdır. Şəhid ailəsi statusu olmayan şəxslərə isə qanunsuz olaraq 50% güzəştlər tətbiq edilmişdir. Ümumilikdə icarədən 33.372 manat pul mənimsənilmişdir.

48. Sintetik uçotun qəsdən aparılmaması: memorial orderlərin, yığım cədvəllərinin və baş kitabın ümumiyyətlə tərtib edilməməsi, törədilən bu nəhəng cinayətlərin rəsmi mühasibatlıq izinin qalmaması üçün qurulmuş bilavasitə mütəşəkkil plandır.

49. 3.7 hektar məktəb torpaqlarının ZƏBTİ: İdarənin birbaşa nəzarətsizliyi və ya şəxsi sövdələşmələri nəticəsində 13 təhsil müəssisəsinin həyətyanı sahəsi (36.811 m2) və 1 məktəbin tədris binası (100 m2) qanunsuz olaraq zəbt edilmişdir. Dövlətin 3.7 hektarlıq təhsil torpağı peşkəş edilmişdir.

50. 1 MİLYON 179 MİN MANATLIQ REKORD ƏSKİKGƏLMƏ: İdarənin tabeliyində olan məktəblərdə dövlət əmlakı tamamilə talan edilmişdir. İnventarizasiya zamanı düz 1.179.327 manatlıq dövlət malının anbarlarda olmadığı (əskikgəlmə) sübut olunmuşdur. Bu dəhşətli rəqəmin 893 min manatı təkcə Gəncə şəhərinin payına düşür. Artıq 303.308 manatlıq konkret əskikgəlmə faktı üzrə sənədlər hüquqi qiymət verilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir.

51. Anbar uçotunun olmaması və qəzalı bina ssenarisi: 2022-2023-cü illərdə nazirliyin verdiyi qiymətli malların heç bir anbar mədaxil-məxaric qeydiyyatı aparılmamışdır. İdarənin əsas anbarının yerləşdiyi bina isə qəsdən qəzalı və yanğın təhlükəli vəziyyətdə saxlanılır ki, törədilən bu milyonluq talanların izini gələcəkdə "təsadüfi yanğınla" yox etmək mümkün olsun.

MÜDİR ELÇİN KƏRİMOVUN MƏSULİYYƏTİ VƏ "ARAN"DAN GƏLƏN ŞƏXSİ KÖÇ


Bütün bu cinayət mexanizminin içərisində idarə müdiri Elçin Vaqif oğlu Kərimovun rolu və hüquqi məsuliyyəti qaçılmazdır. 01 noyabr 2024-cü il tarixdən idarəyə rəhbərlik edən Elçin Kərimov, müavin Rövşən Kərimovun rəhbərlik etdiyi bu şəbəkənin dövlət büdcəsini tamamilə yağmalamasına ya tamamilə göz yummuş, ya da bu idarəetmə xaosunun əsas hamisinə çevrilmişdir. Elçin Kərimovun imzaladığı satınalma müqavilələrində (məsələn, Neosol MMC ilə bağlanan müqavilədə) dövlətin pulları tam ödənilmiş, lakin mallar anbara heç vaxt daxil olmamışdır.
Üstəlik, Elçin Kərimov dövlət idarəsini özünün şəxsi mülkü kimi idarə etmək təfəkkürünü tam nümayiş etdirmişdir. Aktda idarədə 16 nəfərin müddətli müqavilə ilə, yəni daimi dövlət qulluqçusu statusu olmadan işlədiyi qeyd olunur. Elçin Kərimov əvvəllər rəhbərlik etdiyi Mərkəzi Aran Regional Təhsil İdarəsindən dövlət qulluğu imtahanından keçməyən, qanuni statusu olmayan 16 nəfərlik öz şəxsi sadiq "kadr karvanını" Gəncəyə sürüyüb gətirmişdir. Gəncənin yerli, savadlı və daimi statuslu dövlət qulluqçuları kənarda qaldığı və 6 ştat vakant saxlanıldığı halda, idarənin əsas postları müdirin şəxsi sadiqlik prinsipləri ilə doldurulmuşdur.

ANALİTİK REPLİKA VƏ SON SÖZ ƏVƏZİ


Hörmətli nazirimiz Emin Əmrullayev isə hər dəfə ekrana çıxanda, bəyaz köynəyinin yaxalığını düzəldib, o məşhur, qərb təhsilli intellektual təbəssümü ilə bizə təsəlli verir: "Təhsildə korrupsiya azalıb, şəffaflıq tənzimlənib, rəqəmsallaşma uğurla gedir..." Vallah, adam nazirin o sivil, mülayim danışığına baxanda az qala inanmaq istəyir. Elə bilir ki, doğrudan da məktəblərimizdə tək problem uşaqların sumkasının ağırlığı, bir də bəzi siniflərdə tabaşirin vaxtından əvvəl qurtarmasıdır. Amma rəsmi müfəttişlərin imzaladığı bu 34 vərəqlik Gəncə aktını oxuyanda adamı elə bir rəqəmsal və şəffaf reallıq vurur ki, bəyaz köynək də yaddan çıxır, qərb təhsili də.
Ay Emin müəllim, cəmi bircə regional idarədə — hələ bu, üz qabığıdır, seçmə üsulla yoxlanılan hissəsidir — bir milyon manatdan çox inventar buxarlanıb, yoxdur! Zibil daşınmasından tutmuş məktəb torpaqlarının zəbtinə, imtahandan kəsilən adamların gizli dərnəklərdə "mühafizə" olunmasına qədər hər cür rəqəmsal maxinasiya qurulub. Təsəvvür edin, adam rəsmi sənəddə "Dənli bitkilərin becərilməsi" ilə məşğuldur, amma Gəncədə məktəb katrici doldurur, nəqliyyat təmir edir, pul nağdlaşdırır. Yəqin təhsil idarəsinin rəhbərliyi elə bilib ki, katricin içinə mürəkkəb yox, buğda, darı doldurmaq lazımdır.
Gözətçi işə gəlmir — maaş alır, xidmətçi aylarla yoxa çıxır — büdcə onu maliyyələşdirir, minimum keçid balı toplamayan savadsızlar isə protokolları dəyişdirilərək başımıza direktor qoyulur. Bütün bu "kənd təsərrüfatı" işlərinin başında da idarə müavinləri, sektor müdirləri əl-ələ verib dövlətin mükafatını, ezamiyyət pulunu öz aralarında qardaşcasına bölüşdürürlər. Nazirliyin rəqəmsal sistemi bəlkə də korrupsiyanı azaldıb, amma görünür, regional idarələrin "canlı, əlbəttə ki, nağd" sistemi nazirliyin o məşhur kompüterlərini də, serverlərini də çoxdan sıradan çıxarıb. Şəffaflıq o dərəcəyə çatıb ki, büdcənin pulu görünməz olub, uçub gedir. Sənəd ortadadır.
Hörmətli Emin müəllim! Növbəti dəfə təhsildə islahatdan danışanda, zəhmət olmasa, Gəncə prokurorluğunun qapısını döyən bu sənədi də slaydların arasına əlavə edin. Qoy millət islahatın real çəkisini rəqəmlərlə yox, bu yoxa çıxan milyonlarla görsün!

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-07-2026