Mobil versiya
Azərbaycan–Qırğızıstan münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib - DEPUTAT
Tarix: 31-07-2026 | Saat: 18:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan–Qırğızıstan münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib

Milli Məclisin deputatı Azər Badamov mətbuata açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacaq.

Onun sözlərinə görə, bu siyasətin ən uğurlu nümunələrindən biri də Azərbaycan–Qırğızıstan münasibətləridir:

"Tarixi, dil, din, mədəniyyət və ortaq türk kimliyi iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Diplomatik münasibətlər 1993-cü ildə qurulsa da, son illərdə Prezident İlham Əliyev və Prezident Sadır Japarov arasında yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrə yeni dinamika qazandırıb. Dövlət başçılarının siyasi iradəsi nəticəsində siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar münasibətlər əhəmiyyətli dərəcədə genişlənib".

Azər Badamov qeyd edib ki, hazırda Azərbaycan və Qırğızıstan arasında 100-dən çox sənəd imzalanıb və əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradılıb.

"Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun həyata keçirdiyi layihələr və qarşılıqlı investisiyaların artması iqtisadi tərəfdaşlığın davamlı inkişafını təmin edir. Humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir. Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya, Nizami Gəncəvi adına məktəb və "Dostluq" parkının yaradılması, Ağdamın Xıdırlı kəndində Manas adına məktəbin inşası iki qardaş xalq arasında dostluğun və qarşılıqlı etimadın bariz nümunəsidir".

Deputatın fikrincə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin ən mühüm nəticəsi iki ölkə arasında "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanmasıdır.

"Bu sənəd münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəldərək siyasi dialoqun, iqtisadi əməkdaşlığın, təhlükəsizlik, nəqliyyat, enerji və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar açdı".

Azər Badamov bildirib ki, səfər çərçivəsində imzalanan 14 sənəd iqtisadiyyat, investisiya, nəqliyyat, təhsil, mədəniyyət və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə xidmət edir.

"Eyni zamanda altı şəhərin qardaşlaşması haqqında razılaşmalar xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və mədəni inteqrasiyanın daha da güclənməsinə mühüm töhfə verəcək".

Deputat vurğulayıb ki, dövlət başçılarının mətbuata bəyanatları Azərbaycan və Qırğızıstan arasında fikir ayrılığı doğuran ciddi məsələlərin olmadığını bir daha nümayiş etdirib.

"Qarşılıqlı etimada əsaslanan münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun qarşılıqlı olaraq Heydər Əliyev və Manas ordenləri ilə təltif olunması da münasibətlərin yüksək səviyyəsinin rəmzidir".

Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyevin qırğızıstanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət etməsi siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz layihəsi də iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərindən biridir.

"Çin–Qırğızıstan–Özbəkistan marşrutunun Azərbaycan üzərindən Avropa bazarlarına çıxışı həm Qırğızıstan üçün yeni iqtisadi imkanlar yaradır, həm də Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir".

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Qırğızıstanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqunun daha da dərinləşməsinə, nəqliyyat, enerji, investisiya, yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.

Azər Badamovun fikrincə, bütövlükdə Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən mühüm siyasi hadisədir və səfər çərçivəsində əldə olunan razılaşmalar gələcək əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdıracaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2026