Mobil versiya
Ermənistanda SÜNİ İNTELLEKT fabriki açıldı – Gecikmirik ki?
Tarix: 10-08-2026 | Saat: 14:20
Bölmə:Dünya | çapa göndər

Ermənistanda SÜNİ İNTELLEKT fabriki açıldı – Gecikmirik ki?


“Razdan şəhərində regionun ən böyük texnologiya mərkəzlərindən biri olan süni intellekt fabriki rəsmən açılıb. Beləcə, irimiqyaslı investisiya proqramının birinci mərhələsinə start verilib”. Erməni mediasının yazdığına görə, bu barədə şəhər icmasının rəhbəri Sevak Mikaelyan məlumat verib.
“Bu, şəhərimiz üçün mühüm və tarixi gündür. Bundan sonra Razdan dünyanın texnoloji xəritəsində innovasiya və yüksək texnologiyalar mərkəzi kimi yer alacaq”, - Mikaelyan iddia edib.

Onun sözlərinə görə, süni intellekt fabrikinin işi şəhərin iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq, yeni investisiyalar cəlb edəcək və təzə iş yerləri yaradacaq. “Bu, Razdan tarixində yeni səhifədir”, - o əlavə edib.
Mikaelyan həmçinin xatırladıb ki, belə bir fabrikin tikintisinə ayrılmış investisiyanın ümumi dəyəri 5 milyard ABŞ dolları təşkil edir.

Bu fabrikin əhəmiyyəti nədən ibarətdir? Doğrudanmı Razdan dünyanın texnoloji xəritəsində innovasiya və yüksək texnologiyalar mərkəzi kimi yer alacaq? Azərbaycanda da belə bir müəssisə mümkündürmü, nəzərdə tutulurmu? Geri qalmırıq ki?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, bu, əslində, əvvəlcədən də gözlənilən idi: “Çünki Ermənistanın NVIDIA şirkəti ilə imzaladığı müqavilələr çərçivəsində həm süni intellekt, həm də çip istehsalı ilə bağlı müəyyən müəssisələrin yaradılması nəzərdə tutulurdu. Hazırda isə bu istiqamətdə yavaş-yavaş konkret addımlar atılır”.
İqtisadçı qeyd edib ki, Ermənistanda belə bir fabrikin açılması ölkə iqtisadiyyatı üçün mühüm məsələdir: “Çünki söhbət Ermənistan iqtisadiyyatının innovativ yolla inkişafına yardımçı ola biləcək sahələrdən birindən gedir. Bununla belə, hələlik bu təşəbbüsün hansı nəticə verəcəyini, Ermənistan üçün hansı üstünlüklər yaradacağını, ən əsası isə doğrudan da əlavə dəyər formalaşdırıb-formalaşdırmayacağını zaman göstərəcək. Çünki belə bir müəssisənin açılması hələ o demək deyil ki, Ermənistan artıq böyük bir uğura imza atıb”.

Natiq Cəfərlinin sözlərinə görə dünyada bu cür onlarla, hətta yüzlərlə müəssisə yaradılır, lakin sonradan onların bir qismi fəaliyyətini dayandırır və bağlanır: “Əsas məsələ belə bir müəssisənin gələcəkdə necə fəaliyyət göstərəcəyi, hansı nəticələr əldə edəcəyi və uzunmüddətli perspektivdə özünü doğruldub-doğrultmayacağıdır”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda da belə bir fabrikin yaranmasına ehtiyac var. Onun sözlərinə görə Azərbaycanın bu sahədə potensialı Ermənistandan daha çoxdur: “Bəs Azərbaycan bu sahədə geri qalırmı? Bəli, Azərbaycan investisiyaların cəlb olunması məsələsində bir qədər daha aktiv olmalıdır. Hazırda Azərbaycan daha çox investisiya cəlb etməlidir. O cümlədən ölkədə süni intellektlə bağlı məlumat bazalarının yaradılması, yeni istehsal sahələrinin qurulması istiqamətində dövlətin bir sıra proqramları və qərarları var. Yəqin ki, bundan sonra bu istiqamətdə görülən işlər daha da sürətləndirilməlidir. Daha çox xarici investorların Azərbaycana cəlb olunmasına, yeni texnologiyaların ölkəyə gətirilməsinə çalışmalıyıq. Çünki dünyada bu sahədə rəqabət davam edir. Bizim qonşularımız, dostlarımız – fərqi yoxdur – hamısı eyni zamanda bu sahədə bizim rəqiblərimizdir. Çünki dünyada süni intellekt və yeni texnologiyalar istiqamətində çox ciddi rəqabətli mühit formalaşıb. Bu baxımdan hər günün, hər atılan addımın, hər qəbul edilən qərarın öz əhəmiyyəti var. Əslində, Azərbaycanın bu sahədə potensialı Ermənistandan daha çoxdur. Biz xarici texnologiyaları və investisiyaları Azərbaycana cəlb edə bilsək, təbii ki, hazırda mövcud olan geriliyi aradan qaldırmaq imkanımız olacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-08-2026