Mobil versiya
Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ: Qardaşlıqdan strateji tərəfdaşlığa, tərəfdaşlıqdan böyük gələcəyə
Tarix: 24-08-2026 | Saat: 13:42
Bölmə:Özəl | çapa göndər

Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ: Qardaşlıqdan strateji tərəfdaşlığa, tərəfdaşlıqdan böyük gələcəyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və tarixi hadisə kimi yadda qaldı. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər, qarşılıqlı təltiflər və yeni layihələrin müzakirəsi Azərbaycan–Özbəkistan əlaqələrinin artıq ənənəvi dostluq münasibətlərindən daha geniş və hərtərəfli strateji əməkdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin səfər zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və gələcək perspektivlərini geniş şəkildə ortaya qoydu. Dövlət başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi vurğulayaraq, hər səfəri zamanı ölkədə yeni inkişaf dinamikasının şahidi olduğunu bildirdi. Bu qiymətləndirmə yalnız Özbəkistanın iqtisadi göstəricilərinə deyil, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun artmasına, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində həyata keçirilən genişmiqyaslı layihələrə verilən yüksək siyasi qiymətdir.
Özbəkistanın son illərdə əldə etdiyi nailiyyətlər Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mühüm nəticəsidir. İlham Əliyevin də qeyd etdiyi kimi, Şavkat Mirziyoyev ölkəyə rəhbərlik etməyə başladığı dövrdə qarşıda mühüm və mürəkkəb vəzifələr dayanırdı. İqtisadiyyatın inkişafı üçün yeni əsasların formalaşdırılması, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, investisiyaların cəlb edilməsi, nəqliyyat və energetika infrastrukturunun gücləndirilməsi genişmiqyaslı və ardıcıl islahatlar tələb edirdi.
Bu gün Özbəkistanın regional və beynəlxalq müstəvidə mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsi həmin siyasətin nəticələrindən biridir. Ölkənin iqtisadi potensialının artması, yeni sənaye müəssisələrinin yaradılması, nəqliyyat bağlantılarının genişləndirilməsi və investisiya imkanlarının artırılması Özbəkistanı Mərkəzi Asiyanın aparıcı dövlətlərindən birinə çevirir. Azərbaycan isə bu inkişaf prosesini dost və qardaş ölkənin uğuru kimi qiymətləndirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu əlaqələr yalnız siyasi maraqlara və iqtisadi hesablamalara söykənmir. İki xalq arasında tarix, mədəniyyət, dil və mənəvi yaxınlıq münasibətlərin möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin səfər zamanı qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində qurulub.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də bu əməkdaşlığın ikitərəfli çərçivələri aşaraq regional əhəmiyyət daşımasıdır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin inkişafında Özbəkistanın xüsusi rolu vardır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması regional əlaqələrin daha da genişlənməsinə imkan verib.
Bu proses nəticəsində Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi, nəqliyyat və siyasi bağlantılar formalaşır. Azərbaycan və Özbəkistan bu prosesdə mühüm tərəfdaşlar kimi çıxış edirlər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya və Azərbaycan böyük potensiala və bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi formalaşır. Bu yanaşma gələcəkdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının imkanlarından daha səmərəli istifadə edilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yarada bilər.
Azərbaycan–Özbəkistan qardaşlığının ən parlaq nümunələrindən biri Özbəkistanın Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində iştirakıdır.
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Bu prosesdə dost və qardaş ölkələrin göstərdiyi dəstək xüsusi mənəvi məna kəsb edir. Özbəkistanın Qarabağdakı layihələrə ilk mərhələdən etibarən qoşulması Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi bu qardaşlığın konkret nümunələrindən biridir. Xankəndidə tikiş fabrikinə investisiya qoyulması isə Özbəkistanın Qarabağın yalnız sosial deyil, həm də iqtisadi və sənaye inkişafına töhfə verdiyini göstərir.
Bu layihələr Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını, qardaşlığın real və konkret layihələrdə öz əksini tapdığını nümayiş etdirir.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq ali dövlət ordenləri ilə təltif olunması da səfərin mühüm hadisələrindən biri oldu. Prezident Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə ali dərəcəli “Dostluq” ordenini təqdim etməsi iki ölkə arasındakı münasibətlərə verilən yüksək qiymətin göstəricisidir.
Prezident İlham Əliyevin Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini təqdim etməsi isə Azərbaycan tərəfindən Özbəkistan Prezidentinin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsi kimi xüsusi məna daşıyır.
Bu təltiflər dövlət başçıları arasında şəxsi dostluğun və qarşılıqlı etimadın dövlətlərarası münasibətlərin inkişafına necə mühüm təsir göstərdiyini bir daha ortaya qoyur.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı təsadüfi və epizodik xarakter daşımır. Əksinə, tərəflərin qarşısında konkret fəaliyyət planı və real layihələr dayanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, hər bir layihənin konkret məzmunu vardır.
Əməkdaşlıq yalnız Bakı və Daşkəndlə məhdudlaşmır. İki ölkənin regionları arasında əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Regionlararası əməkdaşlıq forumlarının keçirilməsi sahibkarlar, yerli idarəetmə orqanları və müxtəlif iqtisadi subyektlər arasında birbaşa əlaqələrin inkişafına imkan yaradır.
Bu baxımdan “səylərin birləşdirilməsi” və “sinerji yaradılması” yanaşması Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcək modelini xarakterizə edən əsas prinsiplərdən biri hesab oluna bilər.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2026