Mobil versiya
Azərbaycan-Özbəkistan münasibətləri uzunmüddətli hədəflər əsasında dərinləşdirilir
Tarix: 24-08-2026 | Saat: 14:07
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Özbəkistan münasibətləri uzunmüddətli hədəflər əsasında dərinləşdirilir

Azərbaycan və Özbəkistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi təsadüfi siyasi yaxınlaşmanın nəticəsi deyil. Bu əlaqələr uzun illər ərzində formalaşan qarşılıqlı etimadın, ortaq maraqların və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi kimi meydana çıxıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi də iki ölkə arasındakı münasibətlərin mahiyyətini daha geniş şəkildə dəyərləndirməyə imkan yaradır.

Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, Azərbaycan və Özbəkistan əlaqələri artıq ikitərəfli əməkdaşlığın ən yüksək siyasi mərhələlərindən birinə çatıb. Bu münasibətlərin əsas fərqləndirici cəhəti isə tərəfləri birləşdirən amillərin yalnız dövlət maraqları ilə məhdudlaşmamasıdır. Azərbaycan və Özbəkistan xalqlarını əsrlərdən gələn ortaq tarix, zəngin mədəni irs və ümumi mənəvi dəyərlər birləşdirir. Məhz bu ortaq təməl siyasi dialoqun qarşılıqlı səmimiyyət və etimad şəraitində inkişafına imkan verir. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı hörmət və yüksək etimad isə həmin potensialın konkret qərarlara və praktiki layihələrə çevrilməsini təmin edir.

Son illərdə qəbul edilən və imzalanan mühüm sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin institusional bazasını əhəmiyyətli dərəcədə gücləndirib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəliş yalnız terminoloji dəyişiklik kimi qəbul edilə bilməz. Bu mərhələ iki ölkənin regional və beynəlxalq məsələlərdə bir-birinin mövqelərinə hörmət göstərməsini, qarşılıqlı dəstəyi və uzunmüddətli əməkdaşlıq iradəsini siyasi-hüquqi müstəvidə rəsmiləşdirir. Ali Dövlətlərarası Şuranın yaradılması da əlaqələrin ayrı-ayrı sahələrlə məhdudlaşmadığını, sistemli və davamlı xarakter aldığını göstərir. Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar və platformalar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirməsi də müttəfiqliyin əsas istiqamətlərindəndir. Hər iki dövlətin Türk Dövlətləri Təşkilatında fəal mövqeyi, regional və qlobal gündəlikdə ortaq maraq doğuran məsələlər üzrə əməkdaşlığı türk dövlətləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Bakı ilə Daşkəndin əlaqələri yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, daha geniş coğrafiyada siyasi və iqtisadi əməkdaşlıq imkanlarının artmasına təsir göstərən amilə çevrilir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin sürətlə genişlənməsi də bu prosesin mühüm hissəsidir. Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətə malik dövlətlərindən biri kimi Azərbaycanın regionla əlaqələrinin inkişafında mühüm tərəfdaş rolunu oynayır. Bununla yanaşı, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı nəqliyyat və logistika imkanları Özbəkistan üçün dünya bazarlarına çıxış yollarının şaxələndirilməsi baxımından əhəmiyyətli imkanlar yaradır. Belə qarşılıqlı tamamlayıcılıq iki ölkə arasındakı əməkdaşlığın geoiqtisadi əhəmiyyətini daha da artırır. Tərəflərin coğrafi mövqeləri və iqtisadi potensiallarının uzlaşdırılması regional nəqliyyat, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi üçün yeni perspektivlər açır.

Müttəfiqlik münasibətlərinin real gücü yalnız siyasi bəyanatlarla deyil, mühüm və məsuliyyətli məqamlarda göstərilən konkret dəstəklə də müəyyən olunur. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə verdiyi töhfə bunun bariz nümunəsidir. Füzulidə həyata keçirilən layihələr qardaş Özbəkistanın Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərə və Böyük Qayıdış prosesinə həm mənəvi, həm də praktiki dəstəyini nümayiş etdirir. Bu cür təşəbbüslər dövlətlərarası münasibətləri yalnız siyasi səviyyədə saxlamır, onları insanların həyatına birbaşa təsir göstərən real əməkdaşlıq müstəvisinə keçirir.

Humanitar sahədə əlaqələrin genişlənməsi də siyasi münasibətlərin davamlılığını təmin edən əsas amillərdəndir. Təhsil layihələri, mədəni tədbirlər, media qurumları arasında əməkdaşlıq və şəhərlərarası əlaqələrin inkişafı Azərbaycan və Özbəkistan xalqlarının bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Çünki dövlətlər arasında qurulan dostluq və müttəfiqliyin uzunmüddətli olması üçün bu münasibətlərin cəmiyyətlər və xalqlar arasında da möhkəm sosial dayaqları formalaşmalıdır.

Bütün bunlar göstərir ki, müasir mərhələdə Bakı ilə Daşkənd arasındakı münasibətlər qardaş dövlətlər arasında strateji əməkdaşlığın uğurlu nümunələrindən birini təşkil edir. Burada siyasi iradə iqtisadi maraqlarla, tarixi və mədəni yaxınlıq müasir layihələrlə, ikitərəfli tərəfdaşlıq isə daha geniş regional baxışla tamamlanır. Məhz bu amillərin vəhdəti Azərbaycan-Özbəkistan müttəfiqliyinin gələcəkdə daha da dərinləşəcəyinə və həm iki ölkə, həm də bütövlükdə Türk dünyası üçün daha böyük nəticələr doğuracağına əsas verir.

Qudbiddin Qardaşov,
YAP Zaqatala Rayon Təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2026