Mobil versiya
ABŞ İranı iqtisadi çöküşə sürükləyir: Azərbaycanın Tehranla ticarəti risk altındadırmı?
Tarix: 29-08-2026 | Saat: 16:00
Bölmə:Dünya | çapa göndər

ABŞ İranı iqtisadi çöküşə sürükləyir: Azərbaycanın Tehranla ticarəti risk altındadırmı?


ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə qədəm qoyur. Vaşinqton hərbi müdaxilə əvəzinə Tehrana qarşı iqtisadi təzyiqləri artıraraq İranı zəiflətməyə çalışır.

Bəs ABŞ-ın İrana qarşı yeni sanksiyalar siyasəti Tehranın iqtisadiyyatını real olaraq çökdürə bilərmi? ABŞ-İran qarşıdurmasının iqtisadi müstəvidə dərinləşməsi region ölkələri, xüsusilə Azərbaycan üçün hansı riskləri yaradır?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibənin əvəzinə bu ölkənin iqtisadi çöküşünü təmin etmək istəyir. Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib. ABŞ eyni zamanda hərbi gəmiləri vasitəsilə Hörmüz boğazının girişinə və çıxışa nəzarəti gücləndirib. Pentaqondan yayımlanan açıqlamaya görə, ABŞ hərbi gəmiləri Hörmaz boğazını minalardan təmizləyiblər. Bundan başqa ABŞ-ın Hörmüz boğazından neft və sıxılmış qaz daşıyan tankerlərin təhlükəsizliyini təmin etdiyi bildirilib. Halbuki, SEPAH generalları bu məlumatları təkzib ediblər.

Donald Tramp İranla yanaşı bu ölkə ilə müxtəlif formalarda əməkdaşlıq edən ölkə və şirkətləri cəzalandıracaqlarını da açıqlayıb. Siyahıda ilk sırada Çin gəlir. Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib. Tramp jurnalistin mövzuyla bağlı sualına cavab olaraq İranla əməkdaşlıq edən Çin şirkət və banklarının sanksiyalardan kənarda qalmayacağını vurğulayıb.

Çin rəsmiləri Trampın açıqlamasına sərt reaksiya veriblər. Pekin İranla əməkdaşlığıa davam edəcəyini bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Onun sözlərinə görə, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır. Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin tərəflər arasında gərginliyin danışıqlar yolu ilə həllinə tərəfdar olduğu fikrini təkrarlayıb. Pekin Trampın hədəsi qarşısında geri çəkilərsə, bu Çinin nüfuzunə zərbə vuracaq. Çin İran neftinin əsas alıcılarından biridir. Pekin Tehranla enerji və ticarət əlaqələrindən imtina etməyəcək.

Tramp avqustun 20-də verdiyi açıqlamada, İrana qarşı beynəlxalq təcrid məqsədi daşıyan genişmiqyaslı iqtisadi kampaniyanın başladığını elan etmişdi. O, həmçinin söyləmişdi ki, maliyyə qurumlarına, şirkətlərinə, hava limanlarına və ya dövlət qurumlarına İranı dəstəkləməyə icazə verən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Vaşinqtonun hədəsinə Tehran da hədə ilə cavab verib. İran Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda bütün müstəqil ölkələrin ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməsi və istənilən sanksiyanı rədd etməsi gərəkliyi vurğulanıb. SEPAH komandanlığının hədəsi daha sərtdir. İran generalları ABŞ-ın sanksiyasina riayət edən ölkələri hədəf seçəcəklərini açıqlayıblar".

"Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı?" sualına politoloq bu cür cavab verib:

"Azərbaycan bütün qonşularıyla olduğu kimi İranla da ticarət əlaqələrinin davamında maraqlıdır. İki ölkə arasında mhdud həcmdə enerji mübadiləsi var. Bununla yanaşı Azərbaycan İranda heç bir layihəni maliyyələşdirmir. Odur ki, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməyə heç bir əsası yoxdur. Digər tərəfdən Azərbaycan Ağ Evin hədəsi qarşılığında İranla ticarət əlaqlərindən də imtina etməyəcək. Bu baxımdan SEPAH komandanlığının hədəsinin də Azərbaycana aidiyyatı yoxdur".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-08-2026