Mobil versiya
Novruzəli Aslanov: “Suverenlik milli iradənin ən parlaq qələbəsidir”
Tarix: 18-09-2026 | Saat: 09:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Suverenlik milli iradənin ən parlaq qələbəsidir”

“Müasir beynəlxalq münasibətlər sistemində dövlətin nüfuzu ilk növbədə onun suverenliyinin tam təmin olunması ilə müəyyən edilir. Ərazi üzərində müstəsna hakimiyyətin həyata keçirilməsi, sərhədlərin toxunulmazlığı, konstitusiya quruluşunun ölkənin bütün ərazisində bərqərar olması müstəqil dövlətin əsas göstəriciləridir. Azərbaycanın son illərdə keçdiyi yol məhz bu prinsiplərin real həyatda necə təmin olunduğunu nümayiş etdirən ən parlaq nümunələrdən biridir. Bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü təkcə təqvimdə yeni tarix deyil, dövlətçilik tariximizin ən mühüm siyasi hadisələrindən biridir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü Azərbaycan xalqının onilliklər boyu apardığı mübarizənin məntiqi nəticəsini ifadə edir. Sərəncamda vurğulandığı kimi, xalqımız tarix boyu ağır sınaqlarla üzləşsə də, dövlətçilik idealından heç vaxt imtina etməmiş, müstəqil dövlətini qorumaq əzmini daim nümayiş etdirmişdir. Bu gün qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına tam təmin edilmiş ərazi bütövlüyü və dövlət suverenliyi Azərbaycanın ən böyük milli sərvətlərindən biri kimi qiymətləndirilir.”

Bu ifadələr Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a açıqlamasında yer alıb.

Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinin beynəlxalq hüququn fundamental prinsiplərinə açıq hörmətsizlik olduğunu vurğulayan millət vəkili Azərbaycan torpaqlarının işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərin viran qoyulması, tarixi-mədəni irsin məhv edilməsini təkcə ölkəmizə qarşı deyil, ümumilikdə beynəlxalq hüquq sisteminə qarşı yönəlmiş cinayətlər kimi dəyərləndirib: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin uzun illər icra edilməməsi mövcud hüquqi mexanizmlərin səmərəsizliyini nümayiş etdirdi. Lakin 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bu vəziyyəti kökündən dəyişdirdi. Ermənistanın yeni hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfər qazandı. İşğal altında olan ərazilərin böyük hissəsi azad edildi, digər rayonlar isə üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan uzun illər kağız üzərində qalan beynəlxalq hüquq normalarının icrasını öz gücü hesabına təmin etdi. Suverenliyin tam bərpasına aparan növbəti mühüm addım 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu qərar dövlət sərhədlərinə nəzarətin təmin edilməsinin, qanunsuz hərbi daşınmaların qarşısının alınmasının və Azərbaycanın hakimiyyət səlahiyyətlərinin ardıcıl şəkildə bərpasının mühüm göstəricisi idi. Ardınca 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatizmə son qoyuldu və Azərbaycanın Konstitusiya quruluşu bütün ölkə ərazisində bərpa olundu. Bu gün ölkəmiz tam suveren dövlət kimi yeni inkişaf mərhələsini yaşayır. Daxili sabitliyin möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi və beynəlxalq nüfuzun artması məhz tam suverenlik şəraitində daha etibarlı əsaslar üzərində qurulur. Dövlət Suverenliyi Günü də milli birliyin, güclü dövlət idarəçiliyinin və gələcəyə inamın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır” – deyə, Novruzəli Aslanov açıqlamasını başa vurub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2026