Mobil versiya
20 Sentyabr – Azərbaycanın tam suverenliyinin, milli iradəsinin və tarixi Zəfərinin təntənəsi
Tarix: 18-09-2026 | Saat: 09:59
Bölmə:Siyasət | çapa göndər

20 Sentyabr – Azərbaycanın tam suverenliyinin, milli iradəsinin və tarixi Zəfərinin təntənəsi

Dövlət Suverenliyi Günü müstəqil Azərbaycanın bütün ərazilərində dövlət hakimiyyətinin bərpasının rəmzidir
Azərbaycan xalqının müasir tarixində 20 sentyabr xüsusi siyasi, tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix təkcə bir hərbi əməliyyatın başa çatdığı gün deyil, xalqımızın uzun illər davam edən mübarizəsinin mühüm nəticəsi, Azərbaycan Respublikasının öz suverenliyini bütün ərazilərində tam təmin etməsinin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilməsi dövlətçilik tariximizdə mühüm hadisədir. Bu qərar Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda keçdiyi şərəfli mübarizə yolunun əbədiləşdirilməsinə, xalqımızın qazandığı tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Dövlət suverenliyi hər bir xalqın və dövlətin ən böyük sərvətlərindən biridir. Suverenlik dövlətin öz ərazisində tam hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil müəyyən etməsi, milli maraqlarını qoruması və heç bir kənar qüvvənin diktəsi ilə hərəkət etməməsi deməkdir. Azərbaycan xalqı əsrlər boyu öz dövlətçiliyini qorumaq, milli kimliyini yaşatmaq və müstəqil yaşamaq uğrunda mübarizə aparıb. Bu gün Azərbaycanın əldə etdiyi müstəqillik, ərazi bütövlüyü və tam suverenlik xalqımızın ən böyük milli sərvətlərindəndir. Bu nailiyyətlər bizə asanlıqla başa gəlməyib. Bu yolda minlərlə şəhidin qanı, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın iradəsi və dövlətimizin qətiyyətli siyasəti dayanır. Azərbaycanın dövlət suverenliyinin tam bərpasına aparan yolun ən mühüm mərhələlərindən biri 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu. Azərbaycan xalqı və Ordusu 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi ki, işğal və ədalətsizlik əbədi davam edə bilməz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi və Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bu Qələbə yalnız torpaqlarımızın azad olunması deyildi. Bu, Azərbaycan xalqının milli ruhunun, birliyinin, dövlətinə və Ordusuna olan inamının qələbəsi idi. Lakin 2020-ci il Zəfərindən sonra Azərbaycanın bütün ərazilərində suverenliyin tam təmin olunması prosesi hələ başa çatmamışdı. Qarabağın bir hissəsində qanunsuz silahlı birləşmələrin mövcudluğu davam edir, separatçı qurum öz qeyri-qanuni fəaliyyətini davam etdirməyə çalışırdı.
Azərbaycan dövləti müharibədən sonrakı dövrdə bölgədə sülhün bərqərar olunması üçün siyasi və diplomatik imkanlardan istifadə etdi. Ermənistanla münasibətlərin normallaşdırılması, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması və sülh müqaviləsinin imzalanması istiqamətində konkret təşəbbüslər irəli sürüldü. Lakin Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı birləşmələrin saxlanılması nə dövlətimizin təhlükəsizliyi, nə də bölgədə davamlı sülh baxımından qəbul edilə bilməzdi. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatlar və təhlükəsizliyə qarşı yönəlmiş terror xarakterli hadisələr vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan dövlətinin vətəndaşlarının, hərbi qulluqçularının və hüquq-mühafizə orqanları əməkdaşlarının təhlükəsizliyini qorumaq, qanunsuz silahlı birləşmələrin yaratdığı təhdidləri aradan qaldırmaq dövlət üçün zəruri idi. Məhz bu şəraitdə, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Qarşıya qoyulan əsas məqsəd Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı təhdid yaradan qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, onların hərbi infrastrukturunun sıradan çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası idi. Rəşadətli Azərbaycan Ordusu bir daha yüksək peşəkarlıq, hərbi hazırlıq və qətiyyət nümayiş etdirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə nail olunması ilə başa çatdı. 2023-cü ilin sentyabrında baş verən tarixi hadisələrdən sonra Azərbaycanın dövlət hakimiyyəti Qarabağın bütün ərazilərində bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər yaşayış məntəqələrində üçrəngli Azərbaycan Bayrağının ucaldılması tarixi Zəfərimizin ən böyük rəmzlərindən birinə çevrildi. Bir vaxtlar işğal və separatizmin hökm sürdüyü ərazilərdə bu gün Azərbaycan Respublikasının dövlət atributları mövcuddur, dövlət qurumları fəaliyyət göstərir və Konstitusiyamızın, qanunlarımızın aliliyi təmin olunur. Bu, xalqımızın onilliklər boyu arzuladığı tarixi ədalətin bərpasıdır. Azərbaycan xalqı 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində böyük Qələbə qazandı, 2023-cü ildə isə ölkənin bütün ərazilərində dövlət suverenliyinin təmin olunması istiqamətində tarixi nəticəyə nail oldu. Məhz buna görə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması xüsusi məna daşıyır. Bu gün hər bir azərbaycanlı üçün qürur, şərəf və milli birlik günüdür.
Bu gün azad Qarabağda dalğalanan Azərbaycan Bayrağı minlərlə şəhidimizin müqəddəs xatirəsi ilə bağlıdır. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımız Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması naminə ən uca zirvəyə yüksəldilər. Şəhidlərimizin hər biri Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir. Onların fədakarlığı nəticəsində Azərbaycan bu gün öz torpaqlarında qalib xalq və qalib dövlət kimi yaşayır. Şəhidlərimizin qanı bahasına əldə edilmiş Qələbəni qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və azad edilmiş torpaqları yenidən qurmaq hər birimizin mənəvi məsuliyyətidir. Dövlət Suverenliyi Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür.
Dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni və daha böyük vəzifələr qoyur. Torpaqları azad etmək və suverenliyi bərpa etmək tarixi nailiyyətdir. Lakin bu nailiyyətin qorunması, azad edilmiş ərazilərin dirçəldilməsi, insanların doğma yurdlarına qaytarılması və həmin bölgələrin ölkənin ümumi inkişafına tam inteqrasiyası yeni dövrün əsas vəzifələridir. Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Şəhərlər və kəndlər yenidən qurulur, müasir yollar çəkilir, elektrik və enerji infrastrukturu yaradılır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Bir zamanlar xarabalığa çevrilmiş yaşayış məntəqələrinin yenidən canlanması Azərbaycanın gücünün və imkanlarının göstəricisidir. Bu gün Qarabağa qayıdış yalnız insanların yaşayış yerlərinə köçürülməsi deyil. Bu, Azərbaycanın suveren hakimiyyətinin həmin torpaqlarda əbədi bərqərar olmasının ən mühüm təzahürlərindən biridir. Son illərin tarixi hadisələri bir daha göstərdi ki, dövlətin gücü yalnız hərbi imkanlarla ölçülmür. Güclü iqtisadiyyat, müstəqil siyasət, müasir Ordu, xalqla hakimiyyət arasında birlik və milli məqsəd ətrafında həmrəylik böyük nəticələrin əldə edilməsinin əsas şərtləridir. Azərbaycan uzun illər ərzində məhz bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdi. Ölkəmizin iqtisadi imkanları gücləndirildi, enerji və nəqliyyat layihələri həyata keçirildi, beynəlxalq mövqelərimiz möhkəmləndi, Azərbaycan Ordusu ən müasir imkanlarla təchiz edildi. Bu hazırlıq nəticəsində Azərbaycan 2020-ci ildə öz tarixi Qələbəsini qazandı. 2023-cü ilin antiterror tədbirləri isə göstərdi ki, Azərbaycan öz suveren hüquqlarını qorumaq və dövlət təhlükəsizliyini təmin etmək iqtidarında olan qüdrətli dövlətdir. Xalq, Ordu və Ali Baş Komandan birliyi Azərbaycanın Zəfər yolunun ən mühüm dayaqlarından biri oldu.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2026