Mobil versiya
Təbii sərvətlərdən yüksək əlavə dəyərə: Azərbaycanın yeni sənaye mərhələsi
Tarix: 23-09-2026 | Saat: 16:14
Bölmə:Siyasət | çapa göndər

Təbii sərvətlərdən yüksək əlavə dəyərə: Azərbaycanın yeni sənaye mərhələsi

Azərbaycanın son iki onillikdə keçdiyi iqtisadi inkişaf yolu ölkəmizin qarşısında yeni sənaye imkanlarının formalaşmasına şərait yaradıb. Bu gün əsas məqsəd yalnız mövcud təbii resurslardan istifadə etmək deyil, onları daha yüksək əlavə dəyər yaradan məhsullara çevirmək, xammaldan son məhsula qədər tam istehsal zənciri formalaşdırmaqdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu baxımdan mühüm hadisədir. Dövlət Proqramı sentyabrın 23-də Prezidentin Sərəncamı ilə təsdiq edilib və 2027-2030-cu illəri əhatə edir. Sənəd ölkədə yeni və müasir sənaye istiqamətinin formalaşdırılmasına, təbii sərvətlərin daha səmərəli istifadəsinə və istehsal zəncirinin genişləndirilməsinə yönəlib.

Hesab edirəm ki, proqramın əhəmiyyətini yalnız dağ-mədən sənayesinin inkişafı ilə məhdudlaşdırmaq olmaz. Burada təbii sərvətlərin idarə olunması, yeni istehsal müəssisələrinin yaradılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının artırılması, regionlarda məşğulluğun yüksəldilməsi və investisiyaların cəlb olunması vahid sənaye siyasətinin tərkib hissəsinə çevrilir.

Böyük investisiya imkanları

Dövlət Proqramının hazırlanması ilə bağlı müvafiq Sərəncam aprelin 1-də imzalanmışdı. Hazırlıq prosesində konkret layihələr, maliyyə mənbələri və icra mexanizmləri müəyyənləşdirilib. 2027-2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacının 5,3 milyard manat olması nəzərdə tutulur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, o cümlədən kreditlər, 2 milyard manatının isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşması planlaşdırılır. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına cəlb edilməsi nəzərdə tutulur. Bu göstəricilər dövlətin sahənin inkişafına verdiyi əhəmiyyəti və özəl sektor üçün açılan imkanları göstərir. Dağ-mədən və metallurgiya yüksək kapitaltutumlu sahədir. Ona görə burada uzunmüddətli investisiya, müasir texnologiya və peşəkar idarəetmə xüsusi əhəmiyyət daşıyır. Proqramın konkret zaman çərçivəsinə malik olması da mühüm məqamdır. 2027–2030-cu illərdə nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçirilməli, nəticələr qiymətləndirilməli və icraya nəzarət təmin edilməlidir.

Yeni sənaye siyasəti üçün formalaşdırılmış baza

Bu gün dağ-mədən və metallurgiya sənayesinin inkişafı haqqında danışarkən son illərdə yaradılmış iqtisadi və infrastruktur bazasını nəzərə almaq lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr nəticəsində ölkənin bütün bölgələrində istehsal, nəqliyyat, enerji və sosial infrastruktur imkanları genişlənib.

2004-cü ildən etibarən regionların inkişafına dair dövlət proqramlarının ardıcıl icrası nəticəsində yeni müəssisələr və iş yerləri yaradılıb, yollar, məktəblər, xəstəxanalar, enerji və digər infrastruktur obyektləri inşa edilib. Bu gün həmin baza yeni sənaye layihələrinin reallaşdırılması üçün mühüm imkan yaradır. Enerji sektorunda əldə olunan nəticələr də Azərbaycanın sənaye imkanlarını genişləndirir. Bir vaxtlar təbii qaz və elektrik enerjisi idxal edən Azərbaycan bu gün öz enerji tələbatını təmin etməklə yanaşı, böyük həcmdə enerji resursları ixrac edən ölkəyə çevrilib. Ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb, illik qaz ixracı isə 25 milyard kubmetrdən çoxdur.

Etibarlı enerji təminatı yeni istehsal müəssisələrinin fəaliyyəti və uzunmüddətli sənaye layihələrinin həyata keçirilməsi üçün mühüm şərtdir. Bu baxımdan son illərdə görülən işlər Azərbaycanın sənaye potensialının artırılması üçün möhkəm zəmin yaradıb.

Qeyri-neft sənayesinin inkişafı

Qeyri-neft sektorunun inkişafı son illərdə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biridir. Cari ilin səkkiz ayında qeyri-neft-qaz sənayesində 5,4 faizlik artımın qeydə alınması da bu sahədə əldə olunan nəticələrin göstəricisidir. Ümumi iqtisadi artımın tempinə neft hasilatındakı təbii azalma təsir etsə də, qeyri-neft sahələrində yeni istehsal imkanlarının yaradılması iqtisadiyyatın daha dayanıqlı strukturunun formalaşdırılması baxımından vacibdir.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu siyasətin davamıdır. Məqsəd filizin hasil edilərək xammal kimi satılması ilə məhdudlaşmamalı, hasilat, zənginləşdirmə, emal və son məhsul istehsalını birləşdirən tam dəyər zənciri yaradılmalıdır. Bu yanaşma ölkənin ixrac imkanlarını genişləndirməklə yanaşı, daxili sənaye kooperasiyasının inkişafına da təkan verə bilər. Mədən sənayesinin ətrafında logistika, xidmət, avadanlıq, tikinti və digər istiqamətlər üzrə yeni biznes imkanlarının yaranması iqtisadiyyatda əlavə dəyərin artmasına şərait yaradacaq.

Qarabağ və Şərqi Zəngəzurun resurs potensialı

Azərbaycanın dağ-mədən sənayesinin inkişafında işğaldan azad edilmiş ərazilərin xüsusi yeri var. Uzun illər ərzində həmin ərazilərdəki təbii resurslardan istifadə etmək imkanımız olmayıb. Əksinə, işğal dövründə ərazilərin təbii sərvətlərinə və ekoloji sisteminə ciddi zərər vurulub. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, mineral resursların müasir geoloji üsullarla öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi üçün də imkan yaranıb. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində qızıl, mis və digər faydalı qazıntı yataqları ilə bağlı layihələr bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Mövcud yataqların sovet dövründə aparılmış tədqiqatlarının müasir texnologiyalar əsasında yenilənməsi də vacibdir. Aradan keçən onilliklər ərzində həm texnoloji imkanlar, həm də geoloji məlumatların emalı üsulları əhəmiyyətli dərəcədə dəyişib. Buna görə mövcud ehtiyatların yenidən qiymətləndirilməsi və yeni perspektivli sahələrin aşkarlanması Azərbaycanın mineral-xammal bazasını genişləndirə bilər.

Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də bu strategiyanın mühüm istiqamətlərindəndir. Yeni yataqların müəyyənləşdirilməsi regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan verə bilər.

“Filizçay” və “Daşkəsən” layihələri

Dövlət Proqramında diqqət çəkən layihələrdən biri Balakən rayonundakı “Filizçay” polimetal yatağıdır. Buradakı ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması Azərbaycanın əlvan metallurgiya və ixrac potensialının genişləndirilməsi üçün imkan yaradır. Əsas hədəf hasil edilən xammalın daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsini təmin edən emal imkanlarının yaradılmasıdır.

“Daşkəsən” layihəsi isə qara metallurgiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur. Bu layihə yerli xammal bazasının istifadəsi və gələcəkdə polad istehsalı zəncirinin genişləndirilməsi üçün mühüm baza yarada bilər. Qərb Sənaye Parkının yaradılması da bu məqsədə xidmət edir. Dağ-mədən sənayesinin yalnız mədən ərazisi ilə məhdudlaşmaması, hasilatdan emala qədər bütün mərhələlərin bir sənaye ekosistemində birləşdirilməsi iqtisadi səmərəliliyi artıra bilər. Filizin zənginləşdirilməsi, pelet və briketləşdirilmiş dəmir istehsalı kimi mərhələlərin Azərbaycanda yaradılması xammal ixracından daha yüksək əlavə dəyərli məhsulların ixracına keçidi sürətləndirə bilər.

Ekoloji təhlükəsizlik əsas şərtdir

Dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, ekoloji təhlükəsizlik məsələsi də xüsusi diqqətdə saxlanılmalıdır. Yeraltı sərvətlər iqtisadi inkişaf üçün mühüm resurs olsa da, onların istismarı ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırılmalıdır. Mədən layihələrinin icrası zamanı ekoloji ekspertizanın aparılması, müasir texnologiyalardan istifadə, tullantıların düzgün idarə olunması, su və torpaq ehtiyatlarının qorunması, rekultivasiya tədbirlərinin görülməsi vacibdir. Azərbaycanın qarşısında duran vəzifə təbii sərvətləri iqtisadi dəyərə çevirməklə yanaşı, təbiətin qorunmasını da təmin etməkdir. Bu iki məqsəd dayanıqlı sənaye siyasətinin ayrılmaz hissələridir.

Dövlət Proqramının digər mühüm istiqaməti metallurgiya sənayesinin inkişafıdır. Xüsusilə alüminium istehsalının genişləndirilməsi diqqət çəkir. 2030-cu ilin sonunadək ilkin alüminium istehsalının 100 min tona çatdırılması nəzərdə tutulur. Metallurgiyanın inkişafı yeni emal müəssisələrinin yaradılması, məhsul çeşidinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycanın artıq müəyyən sənaye və ixrac bazasına malik olması yeni layihələrin daha geniş dəyər zəncirinə inteqrasiyasına imkan verir.

Bu prosesdə yerli və xarici investorların iştirakı da mühüm rol oynaya bilər. Dövlətin proqram üzrə əsas maliyyə mexanizmlərini formalaşdırması özəl kapital üçün əlavə imkanlar yaradır. Böyük investisiya tələb edən layihələrdə dövlət və özəl sektorun əməkdaşlığı maliyyə yükünün bölüşdürülməsinə və müasir texnologiyaların cəlb edilməsinə şərait yarada bilər.

Yeni proqram regionların inkişafına əlavə impuls verəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız sənaye göstəricilərinin artması demək deyil. Bu layihələr regionlarda yeni iş yerlərinin açılması, xidmət sektorunun genişlənməsi, infrastrukturun inkişafı və yerli iqtisadi fəallığın yüksəlməsi baxımından da əhəmiyyətlidir. Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Əsas sənaye müəssisələrinin ətrafında formalaşacaq xidmət və təchizat zəncirlərində əlavə məşğulluq imkanlarının yaranması da gözlənilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması Böyük Qayıdış prosesinin sosial-iqtisadi dayaqlarını daha da gücləndirə bilər.

Nəticə etibarilə, 2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramı Azərbaycanın təbii resurs potensialının daha səmərəli istifadəsinə, qeyri-neft sənayesinin genişlənməsinə və yeni istehsal zəncirlərinin qurulmasına xidmət edən mühüm yol xəritəsidir. Əsas hədəf resursların sadəcə hasilatı deyil, onların ölkə daxilində mümkün qədər çox emal olunması və yüksək əlavə dəyərə çevrilməsidir. Bu yanaşma Azərbaycanın sənaye potensialının gücləndirilməsinə, ixrac imkanlarının genişləndirilməsinə və regionların iqtisadi inkişafına yeni təkan verə bilər.

Asif Əsgərov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026