Mobil versiya
Zəngilanın yenidən qurulması mühüm mənəvi-siyasi və sosial-iqtisadi əhəmiyyətə malikdir
Tarix: 19-10-2026 | Saat: 14:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Zəngilanın yenidən qurulması mühüm mənəvi-siyasi və sosial-iqtisadi əhəmiyyətə malikdir

Zəngilan şəhərinin işğaldan azad edilməsi illərlə davam edən həsrətin sona çatmasına, doğma torpaqlarda yeni həyatın qurulmasına yol açdı. Bu gün rayonun simasında Qələbədən sonra bərpanın, ümidin və inkişafın real mənzərəsi formalaşır. Zəngilanın yenidən qurulması Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Zəngilanın işğalı rayon sakinləri üçün ağır sınaq oldu. 1993-cü ilin oktyabrında mühasirə şəraitində 67 gün müqavimət göstərən əhali doğma yurdunu tərk etməyə məcbur qaldı. Şəhidlərin və itkin düşən soydaşların xatirəsi bu torpağın azadlığı uğrunda mübarizənin ağrılı səhifəsidir. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı qələbələr isə tarixi ədalətin bərpasını təmin etdi. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan şəhərinin və bir sıra kəndlərin azad edildiyini elan etməsi xalqımızda böyük qürur hissi yaratdı. Döyüş əməliyyatları nəticəsində şəhər, rayonun dörd qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bununla yanaşı, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin bərpası dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm nəticə oldu.

Böyük Qayıdış Proqramı çərçivəsində yaşayış məntəqələrinin bərpası, evlərin tikilməsi, sosial xidmətlərin təşkili və sakinlərin məşğulluğunun təmin edilməsi ardıcıl şəkildə həyata keçirilir. Zəngilan şəhərində yeni yaşayış kompleksinin istifadəyə verilməsi, Ağalı və Məmmədbəyli kəndlərində məskunlaşmanın davam etməsi doğma yurda dönüşün mərhələli şəkildə gerçəkləşdiyinin göstəricisidir. Burada əsas məqsəd insanların öz evlərinə qayıtması ilə yanaşı, onların təhlükəsiz, rahat və firavan həyat sürməsi üçün zəruri şəraitin yaradılmasıdır. Məktəblərin, tibb müəssisələrinin, xidmət obyektlərinin və digər sosial infrastrukturun qurulması bu məqsədə xidmət edir.

Ağalı ağıllı kəndi bu prosesin müasir yanaşmalar əsasında qurulduğunu nümayiş etdirir. Alternativ enerji mənbələri, rəqəmsal xidmətlər, müasir kommunikasiya şəbəkələri və sosial infrastruktur kənd sakinlərinin rahat yaşayışına xidmət edir. Burada tətbiq olunan texnoloji həllər ekoloji tarazlığın qorunması ilə innovasiyaları uzlaşdırır, resurslardan səmərəli istifadəyə imkan yaradır. Təhsil, səhiyyə və elektron xidmətlərin əlçatanlığı sakinlərin gündəlik həyatını asanlaşdırır. Azad edilmiş ərazilərdə quruculuq yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır, müasir həyat standartlarına uyğun yaşayış mühitinin formalaşdırılmasını da əhatə edir.

Rayonun iqtisadi imkanlarının genişləndirilməsi quruculuq siyasətinin digər əsas istiqamətidir. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bölgənin nəqliyyat əlaqələrini gücləndirir. Bu infrastruktur Zəngilanın regional daşımalar sistemində mövqeyini möhkəmləndirməklə yanaşı, sahibkarlıq və ticarət üçün yeni imkanlar yaradır. Nəqliyyat layihələrinin inkişafı insanların hərəkətini asanlaşdırmaqla yanaşı, məhsulların bazarlara çıxarılmasına, investisiya imkanlarının genişlənməsinə və iqtisadi fəallığın artmasına şərait yaradır. Zəngilanın coğrafi mövqeyi rayonun gələcəkdə regional nəqliyyat və logistika əlaqələrində daha fəal iştirakına imkan verir.

“Dost Aqropark” layihəsi kənd təsərrüfatında istehsalın artırılmasına, emal sahələrinin yaradılmasına və yeni iş yerlərinin formalaşmasına töhfə verir. Müasir heyvandarlıq və bitkiçilik təsərrüfatlarının qurulması rayonun aqrar potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir. Layihənin genişləndirilməsi məhsul istehsalı, saxlanması və emalı imkanlarını artırmaqla yerli iqtisadiyyatın şaxələndirilməsinə xidmət edəcək. Turizm obyektlərinin inkişafı da rayonun iqtisadi həyatına əlavə dinamika qazandırır. Ağalı kəndində hotelin fəaliyyəti və yeni turizm layihələri Zəngilanın təbii gözəlliklərinin tanıdılması, xidmət sektorunun genişlənməsi və əlavə məşğulluq imkanlarının yaradılması üçün perspektivlər yaradır.

Zəngilanın yenidən qurulması milli-mənəvi irsin qorunması ilə də müşayiət olunur. Tarixi şəhər məscidinin bərpası, yeni ibadət məkanının inşası və şəhərin Baş planına uyğun inkişafı keçmişlə gələcək arasında əlaqənin qorunmasına xidmət edir. İşğal dövründə zərər görmüş tarixi abidələrin bərpası xalqımızın mədəni irsinə ehtiramın ifadəsidir. Məqsəd Zəngilanı yalnız müasir binalarla yeniləmək deyil, onun tarixi kimliyini yaşatmaq, milli-mənəvi dəyərləri qorumaq və sakinlərin doğma yurda bağlılığını daha da möhkəmləndirməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri Zəngilanın gələcək inkişafına möhkəm zəmin yaradır. Şəhərin və kəndlərin yenidən canlanması, iqtisadi layihələrin genişlənməsi, insanların öz torpaqlarında məskunlaşması Zəfərin gündəlik həyatımızda davam edən nəticələridir. Dövlətin diqqət mərkəzində olan əsas məsələlərdən biri də yaradılan infrastrukturun uzunmüddətli inkişafı təmin etməsi, sakinlərin iqtisadi və sosial həyata fəal şəkildə qoşulmasıdır. Bu baxımdan, Zəngilanda görülən işlər gələcək nəsillərin rifahına hesablanıb.

20 Oktyabr – Zəngilan şəhəri günü bu tarixi yolun önəmini bir daha xatırladır. Zəngilanın keçdiyi yol göstərir ki, milli iradə ilə qazanılan qələbə quruculuq əzmi ilə möhkəmlənir. Bu gün rayonun hər bir yeni evi, salınan yolu, yaradılan istehsal sahəsi və açılan iş yeri doğma torpaqlarda həyatın bərpasına xidmət edir. Zəngilan artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə yönələn inkişafı, müasirliyi və yüksəliş ümidləri ilə tanınır. Onun dirçəlişi Azərbaycanın azad edilmiş ərazilərdə davamlı inkişaf, sosial rifah və firavan gələcək qurmaq əzminin parlaq ifadəsidir.

Heydər Əsədov
Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-10-2026