Mobil versiya
Bakıdan Asiyaya uzanan əməkdaşlıq: Azərbaycanın beynəlxalq dialoqda artan rolu
Tarix: 22-10-2026 | Saat: 22:17
Bölmə:Ölkə | çapa göndər

Bakıdan Asiyaya uzanan əməkdaşlıq: Azərbaycanın beynəlxalq dialoqda artan rolu

2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrin mühüm göstəricisi oldu. Dövlət və hökumət başçılarının, eləcə də nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin xarici siyasət prioritetlərini, regional təhlükəsizlik məsələlərini və AQEM çərçivəsində görülən işləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2024-cü ildə AQEM-ə sədrliyinin üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirildiyini vurğuladı. Dövlət başçısı bu dəstəyi ölkəmizə göstərilən etimadın və beynəlxalq platformalarda fəal iştirakımızın təsdiqi kimi qiymətləndirdi.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan tarixən müxtəlif mədəniyyətləri, iqtisadi məkanları və nəqliyyat marşrutlarını birləşdirən ölkə olub. Bu gün də ölkəmizin coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, enerji imkanları və beynəlxalq tərəfdaşlıqları regional əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasəti dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə əsaslanır.
Dövlət başçısının çıxışında beynəlxalq münasibətlər sistemində ikili standartların yolverilməzliyi məsələsi xüsusi yer tutdu. Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların icrasını təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Bu yanaşma münaqişələrin qarşısının alınması, beynəlxalq hüququn aliliyinin qorunması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından aktualdır.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına toxunan Prezident İlham Əliyev ölkəmizin keçdiyi tarixi mərhələləri xatırlatdı. Otuz ilə yaxın davam edən işğal dövründə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması beynəlxalq hüququn tətbiqində mövcud problemləri üzə çıxarmışdı. Azərbaycan 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etdi.
Prezident İlham Əliyev vurğuladı ki, müharibədən sonra Azərbaycan Ermənistana sülh təklif edib. Bununla yanaşı, sülhün hələ də kövrək olduğunu və onun qorunaraq möhkəmləndirilməsinin vacibliyini bildirdi. Bu mövqe regionda uzunmüddətli sabitliyin təmin edilməsinin yalnız siyasi bəyanatlarla deyil, konkret addımlar və qarşılıqlı öhdəliklərlə mümkün olduğunu göstərir.
Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirilən təşəbbüslər idi. Nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi təşkilatın fəaliyyətinin daha praktik məzmun qazanmasına xidmət edib.
Zirvə Görüşündə Laosun AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi də təşkilatın coğrafi əhatəsinin genişlənməsi baxımından əlamətdar hadisə oldu. Üzvlüyün genişlənməsi Asiya ölkələri arasında dialoq imkanlarının artırılmasına və ortaq məsələlərin müzakirəsi üçün daha inklüziv platformanın formalaşmasına şərait yaradır.
Zirvə Görüşünün nəticələri Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması ilə də yadda qaldı. Bu qərar üzv dövlətlərin əməkdaşlığın davamlılığına və AQEM-in institusional inkişafına verdiyi əhəmiyyəti əks etdirir.
Beləliklə, Prezident İlham Əliyevin Bakı Zirvə Görüşündəki çıxışı beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin qorunması, regional sülh və çoxtərəfli əməkdaşlığın inkişafı kimi məsələləri ön plana çıxardı. Bakıda keçirilən bu tədbir Azərbaycanın beynəlxalq dialoqda iştirakını genişləndirməklə yanaşı, Asiya məkanında etimadın, qarşılıqlı anlaşmanın və davamlı inkişafın təşviqinə yönəlmiş səylərin davam etdiyini göstərdi.

Lyudmila Sərkərova,
YAP Qusar rayon təşkilatının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026