Mobil versiya
"Üç nəhəng"in dəhşətli və gizli anlaşma planı: Dünyanı bölüşdürmək, kiçik dövlətləri yox etmək istəyirlər
Tarix: 25-10-2026 | Saat: 19:12
Bölmə:Dünya | çapa göndər

"Üç nəhəng"in dəhşətli və gizli anlaşma planı: Dünyanı bölüşdürmək, kiçik dövlətləri yox etmək istəyirlər


Əgər, üç nəhəngin sammiti beynəlxalq gərginliyin azaldılmasına və münaqişələrin siyasi-diplomatik yolla həllinə xidmət edərsə, onda qlobal təhlükəsizlik üçün müsbət nəticələr də verə bilər... Əksinə, əgər, müzakirələr böyük dövlətlərin kiçik ölkələrin taleyini, onların iştirakı olmadan müəyyən edilməsinə yönəldilərsə, bu halda, yeni hərbi-siyasi qarşıdurmaların qaçılmaz olacağı qətiyyən şübhə doğurmur...
Müasir dünyanın yeni təsir dairələrinə bölünməsinə yönəlik cəhdlərin olduğu müşahidə edilir. Belə ki, Ağ Ev sahibi Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpinin mümkün üçtərəfli görüşünə hazırlıq barədə məlumatlar mövcuddur. Və bu görüş ərəfəsində yeni dünya nizamı ilə bağlı müzakirələr qlobal məkanda ziddiyyətli geopolitik mülahizələrə yol açmağa başlayıb.

Məsələ ondadır ki, "The Guardian" nəşrinin təhlilinə görə, belə bir üçtərəfli sammit böyük dövlətlərin öz təsir dairələrini müəyyənləşdirməyə çalışdığı geopolitik modelin güclənməsinə səbəb ola bilər. Belə bir ssenarinin Ukrayna və Avropadan tutmuş Tayvan, Yaponiya, Cənubi Koreya və Avstraliyaya qədər çox genişmiqyaslı coğrafiyada təhlükəsizlik balansını dəyişə biləcəyi ehtimal olunur. Və bu ehtimal əksər dünya dövlətləri tərəfindən olduqca ciddi narahatlıq ilə qarşılanır.

Onu da qeyd etmək lazımdır ki, böyük güclərin geopolitik hesablamaları əksər hallarda dünyanın geriyə qalan hissəsi üçün real təhlükə mənbəyi sayılır. Bu baxımdan, mümkün görüşün əsas əhəmiyyəti də məhz ABŞ, Rusiya və Çin arasında qlobal güc balansının müzakirə oluna biləcəyi ilə bağlıdır. Belə ki, ABŞ özünün Qərb yarımkürəsindəki mövqelərini qorumağa, Rusiya postsovet məkanında təsirini daha da gücləndirməyə, Çin isə Şərqi Asiyada strateji üstünlüyünü mümkün qədər artırmağa çalışır.

Təbii ki, belə bir geopolitik yanaşma tərzi böyük dövlətlərin qarşılıqlı güzəştlər hesabına öz təsir dairələrini müəyyənləşdirmə ehtimalını gündəmə gətirir. Ancaq bu üç liderin dünyanın yenidən bölüşdürülməsi barədə razılığa gələ biləcəyini iddia etmək hələ çox tezdir. Çünki ehtimal olunan üçtərəfli sammitin yekun nəticələri böyük ölçüdə iştirakçı tərəflərin konkret siyasi və təhlükəsizlik maraqlarından asılı olacaq.

Maraqlıdır ki, üçtərəfli sammitin Ukrayna və Avropa ölkələri üçün ciddi risklər yarada biləcəyi ehtimal olunur. Qərb ekspertləri hesab edirlər ki, hazırda ən həssas məsələlərdən biri də məhz Ukraynanın gələcək taleyi və Avropa ölkələrinin təhlükəsizliyi ilə bağlıdır. Çünki əgər, Ağ Ev Kreml ilə münasibətləri normallaşdırmaq naminə Rusiyanın neoimperialist regional iddialarına daha çox güzəştə gedərsə, Ukraynanın suverenliyi və təhlükəsizlik təminatları ilə bağlı olduqca ciddi problemlər yarana bilər.

Digər tərəfdən, Avropa ölkələri üçün əsas narahatlıq isə ABŞ-ın NATO çərçivəsindəki öhdəliklərinin zəifləmə ehtimalı ilə bağlıdır. Çünki belə bir ssenari Avropa ölkələrini mütləq müdafiə xərclərini artırmaq və ABŞ-dan daha müstəqil təhlükəsizlik siyasəti yürütməyin mümkün variantlarını axtarmaq məcburiyyətində buraxa bilər. Halbuki, Avropa ölkələri hazırda hadisələrin belə inkişaf istiqamətləri almasına qətiyyən hazır deyillər. Və bu, onları real "hərbi təhlükə labirinti" ilə üzləşdirə bilər.

Onu da nəzərə almaq lazımdır ki, mümkün üçtərəfli geopolitik razılaşmaların neqativ təsirlərinin Asiya-Sakit okean regionunda da hiss oluna biləcəyi qətiyyən istisna deyil. Belə ki, Çin hələ də Tayvan üzərində suverenlik iddiasını davam etdirir. ABŞ isə hazırda bu regionda hərbi təhlükəsizlik balansının qorunmasında önəmli rol oynayır.

Ona görə də, ABŞ-ın Çinlə münasibətlərdə mümkün güzəştləri ilk növbədə Tayvanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artıra bilər. Eyni zamanda, bütün bunların Yaponiya, Cənubi Koreya və Avstraliyanı da öz müdafiə strategiyalarına yenidən baxmaq məcburiyyətində buraxa biləcəyi ehtimal edilir. Bununla belə, ABŞ-ın bu ölkələrə hərbi-siyasi dəstəyini azaltmaq barədə qərar verə biləcəyi hələlik o qədər də inandırıcı görünmür.

Maraqlıdır ki, böyük dövlətlərin təsir dairələrini yenidən müəyyənləşdirmə ehtimalı İkinci Dünya müharibəsindən sonra formalaşan geopolitik bölgünü xatırladır. Ancaq müasir dünya 1945-ci ildən ciddi şəkildə fərqlənir. Belə ki, qarşılıqlı iqtisadi asılılıq, beynəlxalq institutlar və regional güclərin artan rolu qlobal siyasətin yalnız üç dövlətin qərarları ilə müəyyənləşdirilməsini ciddi şəkildə çətinləşdirir.

Bütün bunlara baxmayaraq, istənilən halda, reallaşacağı təqdirdə, belə bir modelin əsas təhlükəsi kiçik və orta dövlətlərin öz gələcəkləri ilə bağlı qərarlardan kənarda qalması ilə bağlıdır. Çünki bu, beynəlxalq hüququn, dövlətlərin suveren bərabərliyinin və ərazi bütövlüyü prinsipinin zəifləməsi riskini ciddi şəkildə artırmış olacaq. Bu baxımdan, üç nəhəngin sammiti ilə bağlı əsas məsələ danışıqların hansı prinsiplər üzərində qurulacağı və digər dövlətlərin maraqlarının nə dərəcədə nəzərə alınacağıdır.

Məsələ ondadır ki, əgər bu sammit beynəlxalq gərginliyin azaldılmasına və münaqişələrin siyasi-diplomatik yolla həllinə xidmət edərsə, onda qlobal təhlükəsizlik üçün müsbət nəticələr də verə bilər. Əksinə, əgər, müzakirələr böyük dövlətlərin kiçik ölkələrin taleyini onların iştirakı olmadan müəyyən edilməsinə yönəldilərsə, bu halda, yeni hərbi-siyasi qarşıdurmaların qaçılmaz olacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, müasir dünyanın gələcəyinin yalnız üç böyük dövlətin arasında razılaşma ilə təyin olunması o qədər də asan məsələ deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-10-2026