Mobil versiya
Tokayevdən mühüm qərar – Qazaxıstanda əsgərlik tamamilə dəyişir
Tarix: 25-10-2026 | Saat: 11:46
Bölmə:Dünya | çapa göndər

Tokayevdən mühüm qərar – Qazaxıstanda əsgərlik tamamilə dəyişir


Qazaxıstanda Silahlı Qüvvələrin fəaliyyətini kökündən dəyişdirəcək genişmiqyaslı hərbi islahatlara başlanılıb.

aia.az xəbər verir ki, yeni qaydalara əsasən, çağırışçılar yalnız hərbi hazırlıq keçməyəcək, həm də süni intellekt, informasiya texnologiyaları, xarici dillər və mülki peşələr üzrə biliklər əldə edəcəklər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında hərbi islahatlar planı təsdiqlənib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, islahatların əsas məqsədi müasir, çevik və yüksək texnologiyalarla təchiz edilmiş ordu formalaşdırmaqdır.

Əsgərlik iki mərhələyə bölünəcək

2027-ci ildən etibarən yeni hərbi xidmət modelinin sınaq tətbiqinə başlanılması nəzərdə tutulur.

Yeni sistemə əsasən, çağırışçılar hərbi xidmətin ilk altı ayını xüsusi təlim mərkəzlərində keçirəcəklər. Burada onlara döyüş taktikası, fiziki hazırlıq, silahlardan istifadə və müasir hərbi texnologiyalar öyrədiləcək.

Əsgərlər eyni zamanda xarici dillər, süni intellekt texnologiyaları və informasiya texnologiyaları sahəsində biliklər qazana biləcəklər. Bundan başqa, onların əmək bazarında tələb olunan mülki peşələrə yiyələnməsinə də şərait yaradılacaq.

Növbəti altı ay isə hərbi hissələrdə keçiriləcək. Bu mərhələdə əsgərlər əldə etdikləri bilikləri praktiki döyüş hazırlığında tətbiq edəcək və hərbi bölmələrin tərkibində tapşırıqlar yerinə yetirəcəklər.

Qeyd edək ki, Qazaxıstanda 18–27 yaş arasında olan kişilər hərbi xidmətə çağırılırlar. Ölkədə həm orta, həm də ali təhsilli şəxslər üçün məcburi hərbi xidmət müddəti 12 ay, yəni bir ildir.

Yeni modelin bəzi elementləri artıq Qazaxıstanda həyata keçirilən "Sarbaz+" layihəsi çərçivəsində sınaqdan keçirilib.

Orduda pilotsuz qüvvələr yaradılacaq

İslahatların mühüm istiqamətlərindən biri pilotsuz sistemlər üzrə xüsusi qüvvələrin formalaşdırılmasıdır.

Qazaxıstan yerli istehsal olan pilotsuz uçuş aparatlarının, eləcə də onlara qarşı mübarizə vasitələrinin hazırlanmasını və tətbiqini genişləndirməyi planlaşdırır.

Silahlı Qüvvələrdə süni intellekt və rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi də artırılacaq.

Hərbi təlimlərdə döyüş əməliyyatlarını virtual mühitdə canlandıran xüsusi simulyatorlardan istifadə ediləcək. Bu texnologiyalar müxtəlif döyüş vəziyyətlərinin modelləşdirilməsinə, şəxsi heyətin hazırlığının gücləndirilməsinə və poliqon təlimlərinə çəkilən xərclərin azaldılmasına imkan verəcək.

Əsgərlərin hüquqlarını müstəqil məsləhətçilər qoruyacaq

Yeni islahatlar çərçivəsində hərbi hissə komandirlərindən asılı olmayan hərbi məsləhətçilər institutu yaradılacaq.

Bu şəxslər əsgərlərin hüquqlarının qorunması, qanun pozuntularının aşkarlanması və hərbi qulluqçuların qanuni maraqlarının müdafiəsi ilə məşğul olacaqlar.

Bundan əlavə, hərbi qulluqçuların hüquqları üzrə xüsusi müvəkkil institutunun yaradılması nəzərdə tutulur.

Orduda nizamnamədənkənar münasibətlərin qarşısının alınması və hərbi intizamın gücləndirilməsi əsas prioritetlərdən olacaq.

Əsgərlərin qidalanma keyfiyyətinin yaxşılaşdırılması, yeni geyim və avadanlıqlarla təmin edilməsi, kazarmaların, təlim obyektlərinin və poliqonların təmiri də islahatlar planına daxil edilib.

Məktəblərdə də hərbi hazırlıq sistemi dəyişdiriləcək

İslahatlar yalnız orduda xidmət edənləri deyil, məktəbliləri də əhatə edəcək.

2027-ci ildən Qazaxıstanda "Jas Aibın" adlı vahid hərbi-vətənpərvərlik hazırlığı sisteminin yaradılması planlaşdırılır.

Bu sistem "Jas Qıran", "Jas Ulan" və "Jas Sarbaz" proqramlarını birləşdirəcək.

Məktəblilərə təhlükəsiz davranış, ilkin tibbi yardımın göstərilməsi və fövqəladə hallarda düzgün hərəkət qaydaları öyrədiləcək.

Ölkədə ixtisaslaşdırılmış hərbi məktəblərin şəbəkəsi də genişləndiriləcək.

Səfərbərlik və ehtiyat qüvvələr sistemi yenilənəcək

İslahatların daha bir mühüm istiqaməti ordunun səfərbərlik hazırlığının və ehtiyat qüvvələrinin formalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsidir.

Silahlı Qüvvələrin strukturu, idarəetmə sistemi və müdafiə planlaşdırılması yenidən nəzərdən keçiriləcək.

Bununla yanaşı, ordunun ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi üçün yeni informasiya-kommunikasiya strategiyası qəbul ediləcək.

Tokayev Müdafiə Nazirliyinin fəaliyyətinin kompleks yoxlanılmasını həyata keçirən komissiyanın işinin 2026-cı ilin sonuna qədər başa çatdırılmasını tapşırıb.

İslahatların təşkilati tədbirlərinin cari ilin sonuna, əsas dəyişikliklərin isə 2027-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə