Mobil versiya
“Zəfər qürurumuz, dövlətçiliyimizin gücü və gələcək nəsillərə tarixi mirasımızdır” - DEPUTAT
Tarix: 02-11-2026 | Saat: 16:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Zəfər qürurumuz, dövlətçiliyimizin gücü və gələcək nəsillərə tarixi mirasımızdır”

“Xalqımız artıq altıncı ildir ki, möhtəşəm Zəfərini böyük qürur və təntənə ilə qeyd edir. Zəfər bizə milli qürurumuzu, mənəvi ucalığımızı qaytardı. Eyni zamanda, otuz il ərzində üzərimizə kölgə salan işğala məruz qalmış xalq obrazını tariximizin arxivinə göndərdi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, o, öz torpağının sahibidir, öz taleyini özü müəyyənləşdirir və heç vaxt işğalla barışmır:”Məhz buna görə Zəfər Günü qəhrəmanlıq tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifəsidir.
Bəli, bu böyük Zəfərin siyasi və strateji müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Çünki biz bu qələbəni yalnız 44 günlük müharibə ərzində qazanmadıq. Bu Zəfərin təməli 2003-cü ildən başlayaraq ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və uzaqgörən dövlət siyasəti nəticəsində formalaşdı.

44 günlük Vətən müharibəsi bizim qəhrəmanlıq tariximizdir. Lakin həmin qəhrəmanlığa aparan yol uzun illərin siyasi, iqtisadi və hərbi hazırlığından keçirdi.

Prezident İlham Əliyev ilk andiçmə mərasimindən başlayaraq torpaqlarımızın işğaldan azad ediləcəyini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını qətiyyətlə bəyan etmişdi. Dövlət başçısının bu mövqeyi sonrakı illərdə həyata keçirilən bütün strateji siyasətin əsas istiqamətinə çevrildi. Çünki torpaqlarının 20 faizi işğal altında olan, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan bir xalqın tam mənada xoşbəxt gələcəyindən danışmaq mümkün deyildi.

Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılan hər bir mühüm addım Azərbaycanın güclənməsinə və tarixi Zəfərə hazırlığına xidmət edirdi. Regionların sosial-iqtisadi inkişafı proqramları, infrastruktur layihələri, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və beynəlxalq mövqelərimizin gücləndirilməsi nəticəsində tamamilə yeni Azərbaycan formalaşdı.
Bu, müasirləşən, inkişaf edən, gənc nəslini vətənpərvərlik ruhunda yetişdirən, güclü ordusu, iqtisadi və siyasi müstəqilliyi olan, beynəlxalq arenada öz sözünü qətiyyətlə deyən Azərbaycan idi. Azərbaycan elə bir dövlətə çevrildi ki, hətta Ermənistanın arxasında dayanan qüvvələr də ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini nəzərə almaq məcburiyyətində qaldılar.

Beləliklə, 44 günlük Vətən müharibəsi illərlə görülən işlərin, qurulan güclü dövlətin və formalaşdırılan hərbi potensialın layiqli nəticəsi oldu.

Müharibə günlərində xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik isə Dəmir yumruğa çevrildi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız Vətənin müdafiəsi naminə vahid amal ətrafında birləşdi. Cəbhədə döyüşən əsgərimizlə arxa cəbhədə dayanan xalqımız arasında sarsılmaz birlik yarandı. Hər bir əsgərimizin sinəsində üçrəngli bayrağımız, ürəyində isə Şuşada bayrağımızı dalğalandırmaq arzusu var idi.

Düşmən tərəfdən fərarilik hallarının baş verdiyi bir vaxtda Azərbaycan əsgərinin göstərdiyi döyüş əzmi, iradə və qəhrəmanlıq müharibənin gedişində mühüm rol oynadı. 44 günün hər biri xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi.

Eyni zamanda, Prezident İlham Əliyevin müharibə dövründə beynəlxalq media orqanlarına verdiyi müsahibələr Azərbaycanın haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıdı. Beləliklə, biz həm döyüş meydanında, həm informasiya cəbhəsində, həm də beynəlxalq siyasi müstəvidə böyük Zəfərə imza atdıq.
Təəssüf ki, müharibə şəhidsiz ötüşmür. Bu gün yaşadığımız Zəfərin ən ağır bədəli Vətən uğrunda canından keçən şəhidlərimizin qanı, qazilərimizin sağlamlığıdır. Bu müqəddəs qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Allahdan onlara rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirəm.

Hesab edirəm ki, Zəfərimizin əsl mahiyyəti yalnız azad etdiyimiz torpaqlarla ölçülmür. Bu qələbə həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəmizin təntənəsidir.

İnanıram ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da güclənəcək, dövlət suverenliyimiz və müstəqilliyimiz daha da möhkəmlənəcək. Xalqımızın Dəmir yumruğu milli birliyimizin, dövlətçiliyimizin və təhlükəsizliyimizin rəmzi olaraq daim möhkəm qalacaq.

Zəfər bizim qürurumuz, dövlətçiliyimizin gücü, gələcək nəsillərə ən böyük tarixi mirasımızdır!

Zəfərin mübarək, Azərbaycan”!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026