Mobil versiya
Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır
Tarix: 06-11-2026 | Saat: 10:30
Bölmə:Siyasət | çapa göndər

Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır

Hər bir suveren dövlətin siyasi inkişaf səviyyəsi, idarəçilik ənənələri və gələcək hədəfləri, hər şeydən əvvəl, onun konstitusion prinsiplərində ifadə olunur. Konstitusiya təkcə dövlətin idarəetmə sistemini və quruluşunu müəyyən edən hüquqi sənəd deyil, eyni zamanda cəmiyyətin hansı milli və ümumbəşəri dəyərlərə əsaslandığını, vətəndaşın dövlət həyatındakı mövqeyini və ölkənin inkişaf prioritetlərini müəyyənləşdirən fundamental qanundur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası da milli dövlətçiliyimizin möhkəm təməllər üzərində qurulmasında, dövlət müstəqilliyimizin hüquqi əsaslarının formalaşdırılmasında və demokratik inkişaf istiqamətinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edib. Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü bu baxımdan müstəqil dövlətimizin tarixində baş vermiş mühüm hadisənin mahiyyətini və əhəmiyyətini bir daha dəyərləndirmək üçün xüsusi fürsətdir.

Azərbaycanın müstəqilliyini möhkəmləndirən Əsas Qanunun qəbul edilməsi uzunmüddətli və mürəkkəb tarixi prosesin məntiqi nəticəsi idi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dövlətçilik ənənələrini yenidən canlandırsa da, cəmi 23 ay fəaliyyət göstərdiyi müddətdə Konstitusiya hazırlayıb qəbul edə bilmədi. Daha sonrakı sovet hakimiyyəti illərində qəbul olunan konstitusiyalar isə müstəqil dövlətin suveren qərarlarına əsaslanan milli hüquq sisteminin yaradılması məqsədinə xidmət etmirdi. Buna baxmayaraq, həmin tarixi mərhələdə milli kimliyin, dilin və dövlətçilik düşüncəsinin qorunması istiqamətində görülən işlər gələcək müstəqilliyin mənəvi və ideoloji əsaslarının saxlanılmasında mühüm rol oynadı.

Bu tarixi prosesdə 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsi xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və prinsipial yanaşması nəticəsində Əsas Qanuna daxil edilən bu müddəa ana dilimizin qorunmasına, milli-mənəvi irsimizə və xalqımızın özünəməxsusluğuna göstərilən diqqətin bariz nümunəsi idi. Bu hadisə bir daha sübut edirdi ki, ən çətin siyasi şəraitdə belə milli maraqların müdafiəsi üçün güclü siyasi iradə, prinsipiallıq və uzaqgörən yanaşma vacibdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik modelinin formalaşdırılması istiqamətində atılan addımlar da məhz bu tarixi təcrübənin yaratdığı məsuliyyətin davamı kimi meydana çıxdı.

Bununla belə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası yeni Konstitusiyanın qəbul edilməsi üçün yalnız ilkin şərt idi. Belə bir mühüm sənədin hazırlanması üçün ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının normal fəaliyyətinin qurulması və səmərəli idarəçilik mexanizmlərinin yaradılması zəruri idi. Müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən siyasi böhran, hakimiyyətin idarəçilikdə yol verdiyi ciddi nöqsanlar və dövlət strukturlarında yaranmış xaos Konstitusiya quruculuğu prosesinin həyata keçirilməsinə mane olurdu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ölkənin gələcək inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və idarəetmə sisteminin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər yeni Konstitusiyanın hazırlanması üçün zəruri şəraiti formalaşdırdı.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Əsas Qanununun yalnız mövcud dövrün ehtiyaclarını deyil, həm də dövlətin uzunmüddətli inkişaf məqsədlərini təmin etməsini əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdu. Onun rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyasının gördüyü işlər nəticəsində milli dövlətçilik ənənələrini müasir hüquqi yanaşmalarla birləşdirən yeni Konstitusiya layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 91,9 faizinin sənədin lehinə səs verməsi Konstitusiyanın xalqın iradəsi əsasında qəbul olunduğunu təsdiqlədi. Noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müstəqil Azərbaycanın dövlət quruculuğunun hüquqi prinsiplərini müəyyənləşdirdi, idarəetmə sisteminin əsaslarını formalaşdırdı və ölkənin gələcək inkişafı üçün etibarlı hüquqi baza yaratdı.

Konstitusiyanın aliliyinin təmin olunması və konstitusion quruluşun möhkəmləndirilməsi baxımından konstitusiya nəzarəti institutunun yaradılması da mühüm əhəmiyyət daşıyırdı. 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkəmizdə hüquqi dövlət quruculuğunun institusional əsaslarının daha da inkişafına şərait yaratdı. Bu qurumun yaradılması Əsas Qanunun üstünlüyünün qorunması, qanunvericilik aktlarının konstitusion normalara uyğunluğunun yoxlanılması və dövlət idarəçiliyində hüquqi prinsiplərin tətbiqinin genişləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addım idi.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası isə Konstitusiyanın tarixi vəzifələrinin həyata keçirilməsi baxımından tamamilə yeni mərhələnin başlanğıcını təşkil etdi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ölkəmizin bütün ərazilərində vahid konstitusion hüquqi məkanın təmin olunması üçün yeni imkanlar yaratdı. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm dövlət suverenliyinin tam bərpası ilə əldə olunan tarixi nəticələrin, həm də müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsinin 30 illiyinin əhəmiyyətini ön plana çıxardı. Eyni zamanda, həmin ildə Konstitusiyanın hazırlanması və təkmilləşdirilməsi, onun aliliyinin qorunması və milli hüquq sisteminin inkişaf etdirilməsi sahəsində xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsi məqsədilə yubiley medalının təsis olunması da mühüm hadisələrdən biri kimi diqqət çəkdi.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026