Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan-İran dostluq əlaqələri qədim ənənələrə malikdir”
Tarix: 20-05-2024 | Saat: 21:53
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan-İran dostluq əlaqələri qədim ənənələrə malikdir”

“Azərbaycan bu gün həyata keçirdiyi layihələrlə təkcə özünün deyil, bütün bölgə ölkələrinin rifah yüksəlişinə böyük töhfələr verir. Həmçinin bu layihələr region ölkələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və şaxələnməsinə xidmət edir. O cümlədən may ayının 19-da İranla sərhəddə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi də İran-Azərbaycan dostluğunun növbəti təzahürü oldu. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Azərbaycan və İran arasında mövcud olan bu dostluğun dərin kökləri və tarixi vardır. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar və bu gün məhz bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Həm beynəlxalq məsələlərlə əlaqədar, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür və bu, bölgənin sabitliyi üçün çox önəmli bir amildir.”

Bu sözləri İranla sərhəddə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istismara verilməsi və açılış mərasimi ilə bağlı fikirlərini paylaşan Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı mətbuata açıqlamasında deyib.

Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, Azərbaycan heç bir faktiki fəaliyyəti olmayan bəzi beynəlxalq qurumlarının ləğvini tələb etməkdə tamamilə haqlıdır: “Azərbaycan 30 ilə yaxın müddət ərzində beynəlxalq birlik tərəfindən misli görünməmiş ədalətsizliyə məruz qoyulmuşdu. Bütün bu dövr ərzində Ermənistanın torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, həmin ərazilərdən Azərbaycan əhalisinin zorla çıxarılmasına, bizə qarşı etnik təmizləmə siyasətinin aparılmasına və bir milyon azərbaycanlının evsiz-eşiksiz qalmasına rəğmən ATƏT-in Minsk qrupu və onun həmsədrləri uzun illər ərzində bu məsələni həll etmək üçün yox, münaqişəni dondurmaq üçün çalışırdılar. Məhz buna görə də 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir və bu tələb ilk növbədə sağlam məntiqə əsaslanıb. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu isə o deməkdir ki, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Lakin bunun üçün də bəzi Qərb dövlətlərinin rəsmi İrəvana təsirlərini dayandırmaları vacib şərtdir. Çünki, yersiz və lazımsız müdaxilələr bu günə qədər dünyanın heç bir bölgəsində səmərə verməyib və bundan sonra da verməyəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-06-2024