Mobil versiya
Qars müqaviləsi və 100 il sonra imzalanan Şuşa Bəyannaməsi...
Tarix: 11-06-2024 | Saat: 16:30
Bölmə:Siyasət / Özəl | çapa göndər

Qars müqaviləsi və 100 il sonra imzalanan Şuşa Bəyannaməsi...

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 2021-ci il 15 iyun tarixində keçirilən Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının   ən yüksək formuludur. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və Türkiyə xalqları əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib.  Qurucularının çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi  dövləti yaşadıb, bu gün də yaşadır. Ən cətin günlərdə də bu qardaşlıq öz sarsılmazlığını sübut etdi. Türkiyə hər zaman olduğu kimi, Vətən müharibəsində türk millətini qürurlandıracaq münasibət sərgilədi. Qardaş Türkiyənin Prezdienti Rəcəb Tayyib Ərdoğanın  böyük nümayəndə heyəti ilə dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirakı və çıxışı  dediklərimizə əlavə qüvvət verir. “... Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir...” deməklə cənab İlham Əliyev  xalqımızın təşəkkürünü ifadə etdi.  2021-ci ildə 15 İyun-Milli Qurtuluş Günündə   Şuşa şəhərində  «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» imzalandı. Bu Bəyannamə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, «Bir millət, iki dövlət» reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımıdır. Eyni zamanda, qardaşlığın yeni səhifələrini açacaq tarixi hadisədir. Xüsusi ilə qeyd etmək istərdim ki, 15 iyun 2021-ci il ən yeni dövr tariximizin, Türk dünyası tarixinin yeni mərhələsinin əsasını qoydu.
Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir və Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı, qarşısında Türkiyəni də görəcək! Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan Müttəfiqlik haqqında birgə Bəyannamə  gələcək işbirliyimizin istiqamətini göstərir. Qars müqaviləsinin tarixi əhəmiyyətinə nəzər salarkən vaxtilə Ümummilli Lider Heydər Əliyevin Qars müqaviləsinin tarixi əhəmiyyəti ilə bağlı fikirləri də xüsusi qeyd edilməlidir. Ulu Öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək bildirmişdir: «Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir.» Qars müqaviləsi - Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci il tarixində  bağlanmış sülh müqaviləsidir. Yüzilliklər boyu dünyanın bir çox güc mərkəzlərindən «böyük Ermənistan» xəstəliyi ilə süslənmiş erməni xalqının tarixi Azərbaycan ərazilərinə zaman-zaman torpaq iddiaları irəli sürməsi və gənc nəsillərinə bu yalanı aşılamasının şahidi olmuşuq. Təsadüfi deyil ki, qədim Azərbaycan torpağı olan Naxçıvan diyarı da davamlı olaraq erməni xislətinin hədəfinə çevrilmişdir. Naxçıvan ərazisini ələ keçirməyə çalışan ermənilərə yerli əhalinin müqaviməti böyük idi. Ona görə də Naxçıvan Türkiyənin dəstəyi ilə Azərbaycanın tərkibində Muxtar Respublika statusu qazana bildi. Bu muxtariyyətin qorunmasında Qars müqaviləsinin təminat rolu oynaması da artıq tarixdə öz təsdiqini tapmış gerçəklikdir.
Şuşa Bəyannaməsində Qars müqaviləsinin hüquqi qüvvəsinin yenidən təzlənməsinin tarixi əhəmiyyətini vurğulayarkən bu müqavilənin vaxtilə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında müstəsna rolu haqqında səciyyəvi bir hadisəni qeyd etmək yerinə düşərdi. 
Bütün həyatını müstəqillik amallarının müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin yaşadılmasına Azərbaycanımızın işıqlı gələcəyi naminə bütün fədakarlıqlara sinə gərmiş Ulu Öndər  Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaratmışdır. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası müasir tariximizdə məhz Ümummilli Liderə  məxsusdur. Böyük Öndərin  dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider kimi  millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.
Zaman ötdükcə, ölkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920-ci illərdə əldə etdiyimiz müstəqillikdən də qısa olacaqdı. Ulu Öndərin böyük qayıdışı nəinki Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda, ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. Əslində, bizim ikinci  müstəqillik tariximiz 15 iyundan başlamışdır desək, yanılmarıq. Çünki 1991-ci ildə əldə edilmiş müstəqillik formal, şərti xarakter daşıyırdı. O zaman idarəetmə düyməsi Moskvanın əlində idi. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.
Şuşa şəhərinin düşməndən azad olması ilə Qələbəmizin əsas akkordlarını vuran cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdi. Qarabağın tacı Şuşa şəhərində qardaş Türkiyə ilə Müttəfiqlik sənədinin imzalanması üçün 15 iyun 2021-ci il tarixinin  seçilməsi təsadüfi deyildir. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini qeyd edərəkən  Prezident İlham Əliyevin  söylədiyi fikirlər çox önəmlidir:  “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.”
İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük  Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk bildirmişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.»  XX əsrin sonlarında Ümummilli Lider  Heydər Əliyev bildirmişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.”

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2024