Mobil versiya
Ermənistana qarşı əks tədbirlər görməliyik - DEPUTAT
Tarix: 16-05-2025 | Saat: 14:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ermənistana qarşı əks tədbirlər görməliyik

Sülhdən danışan, iqtisadi çətinliklər məngənəsində boğulan bir ölkə hərbi büdcəsini artırmaz, yeni silahlar almaz

Ermənistanın iki kürsüdə oturması

Almaniya ilə gələcək, Rusiya ilə tarix arasında siyasət oyunu gedir

Mayın 13-də Ermənistanın müdafiə naziri Suren Papikyan Berlində Almaniyanın federal müdafiə naziri Boris Pistorius ilə görüşüb. Bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib. Bildirib ki, görüş zamanı müdafiə sahəsində Ermənistan-Almaniya əməkdaşlığı və inkişaf perspektivləri müzakirə edilib: "Biz əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və onu genişləndirməyə hazır olduğumuzu bildirdik. Biz regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunduq". Görüşdə hər iki tərəf hər iki ölkədə hərbi attaşelər təyin etməklə əməkdaşlığa yeni təkan verməyə hazır olduqlarını bildiriblər. Xatırladaq ki, Ermənistan intensiv şəkildə silahlanmaqdadır. Səfərdən öncə Hindistanın Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyası göndərilib. İrəvan Nyu Dehli ilə təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. İlk sistemlər ötən ilin sonunda göndərilib. Təbii ki, burada söhbət müdafiə yox, hücum silahlarından gedir. Ermənistan 2025-ci il üçün rekord həcmdə - 1.7 milyard dollar hərbi büdcə müəyyənləşdirib. Bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Maraqlısı odur ki, Qərblə əməkdaşlığı sürdürən İrəvan hökuməti Rusiya ilə də münasibətləri normallaşdırmaq qərarına gəlib. Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də müzakirə olunur. Bu barədə Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Rusiyalı politoloq Mixail Belyayev isə deyib ki, İrəvan iki kürsüdə oturaraq Qərb və Rusiyada ikili oyun oynamağa davam edir. Ekspert İrəvanın "Ermənistan Rusiya ilə münasibətlərinə xələl gətirmədən Avropa Birliyi ilə əlaqələri inkişaf etdirir" açıqlamasına diqqət çəkib. Vurğulayıb ki, belə bir vəziyyətdə sual yaranır: "Ya Qərb ideologiyasının yanındasınız, ya da Avrasiya İttifaqındasınız. Ermənistanın Qərblə bir yolda necə gedəcəyi mənə tam aydın deyil. İrəvan tərəfindən Rusiya və KTMT-yə qarşı qəribə, heç də həmişə xoş olmayan bəyanatlar verilib. Ardınca isə parad səfəri. Rusiyaya qarşı bu cür addımlar yalnız ona görə atılır ki, Qərb son illərdə Ermənistana verdiyi dəstəyi dayandırıb. Ona görə də Paşinyan sığortalanmalıdır. Ermənistan parlamentinin spikerinin Rusiyanı hibrid müharibədə ittihamı isə artıq İrəvanın Qərbə boyun əyməsidir". Belyayevin sözlərinə görə, Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra Qərbin Ermənistana dəstəyi əvvəlkindən daha az olub.

Millət vəkili Nəsib Məhəməliyev mətbuata açıqlamasında deyib ki, Ermənistan silahlı qüvvələri, siyasi hakimiyyət öz təxribatlarını davam etdirməkdədir:

" Şərti sərhədlərdə atəşkəsin pozulması da bunun isbatıdır. Son günlər Ermənistan müdafiə nazirinin müxtəlif ölkələrdə hərbi əməkdaşlıqla bağlı müqavilələr imzalaması, birgə təlimlərin keçirilməsi, ölkədə ehtiyatda olan qüvvələrin genişmiqyaslı təlimlərinə başlanması, mobilizə edilməsi, mühəndis-istehkam qurğularının, səngərlərin tikilməsi Ermənistan siyasi hakimiyyətinin sülhə hazır olmadığını göstərir. Baxmayaraq ki, İrəvan hökumətinin rəsmiləri müxtəlif platformalarda sülhdən danışırlar, amma bu istiqamətdə heç bir əməli addım atmırlar. İşğal dövründə də Ermənistanın mövqeyi bu cür idi. O zaman daim sülhdən danışsalar da, müharibə istəmədiklərini bəyan etsələr də, faktiki olaraq torpaqlarımızı işğalda saxlayırdılar. Beynəlxalq ictimaiyyətə Ermənistanın "sülhpərvər" obrazını qəbul etdirməklə, əsas məqsədlərini gizlədirdilər. Bu baxımdan hesab edirəm ki, Ermənistanın indiyədək apardığı siyasətə inanmamalıyıq. Sadəlövh olmamalıyıq və əks tədbirlər görməliyik. Sülhdən danışan, iqtisadi çətinliklər məngənəsində boğulan bir ölkə hərbi büdcəsini artırmaz, yeni silahlar almaz, hərbi əməkdaşlıqlar üçün can atmaz".

Parlamentari qeyd edib ki, Ermənistan çox çətin və mürəkkəb dövrünü yaşamaqdadır:
"İrəvan hökuməti Qərblə Şərq arasında seçim etməlidir. Tarixən Ermənistan xaricdəki müxtəlif ağaları tərəfindən idarə olunub və onların dəstəyinə inanıb. 100 il əvvəl də belə olub, indi də belədir. Uzun müddət Rusiya Ermənistanın bir növ strateji müttəfiqi olaraq bütün sahələrdə himayədarlıq edirdi. Ancaq 2018-ci ildə, yəni Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Qərb istiqamətində siyasətə üstünlük verdi. Çünki Qərbdən kifayət qədər maliyyə dəstəyi alırdı. Ermənistan müdafiə nazirinin Almaniyaya səfəri də Paşinyanın Qərb dəyərlərinə üstünlük verməsi, həmin xəttə sadiq qalması da bir növ manevrdir. Ona görə ki, Paşinyan Moskvaya gedərək 9 may paradında iştirak etdi. Moskvadan qayıdandan sonra Qərbə sadiqliyini göstərməyə çalışdı. Ancaq inanmıram ki, Paşinyan uzun müddət bu ikili təzyiq altında duruş gətirə biləcək".

N.Məhəməliyev vurğulayıb ki, Nikol Paşinyanı təzyiq altında saxlayan, onun əleyhinə təbliğat kampaniyası aparanlar kriminal "Qarabağ klanı"dır:
"Revanşistlər Paşinyanı ittiham edirlər ki, Rusiyaya xəyanət etdin, amma Qərbdən də umduğun dəstəyi ala bilmədin. Ələlxüsus, ABŞ-də Tramp administrasiyası fəaliyyətə başladıqdan sonra USAİD-in fəaliyyəti dayandırıldı və araşdırmalar başladı. Artıq USAİD yoxdur. O səbəbdən Paşinyan üzünü Moskvaya çevirib. Burada Paşinyanın təhlükəsizlik məsələləri də önə çıxır. Paşinyanın hakimiyyətinə çox böyük təhlükə var. Bu yaxınlarda Gümrüdə keçirilən yerli bələdiyyə seçkilərində Paşinyanın partiyası uduzdu. Sorğular da göstərir ki, gələnilki parlament seçkilərində Paşinyanın partiyasının qalib gəlməsi böyük sual altındadır. İndi revanşistlər, daşnaklar, "Qarabağ klanı" Paşinyanı suçlayırlar ki, "sən məcburiyyət qarşısında Moskvaya yönəldin". Nəzərə almaq lazımdır ki, Paşinyanın Qərb institutları qarşısında da məsuliyyəti var. Ona görə baş nazir məcburdur ki, onlara bir daha elan etsin ki, "İrəvan Qərb dəyərlərinə sadiqdir". Ancaq iki stulda oturmaq çox alınmayacaq. Rusiya xarici işlər nazirinin müavininin qəti bəyanatı var idi. O, açıq vurğuladı ki, ola bilməz ki, Paşinyan Avropa strukturlarına inteqrasiya etsin və bununla paralel Avrasiya Birliyi və Gömrük İttifaqında qalsın. Bu, mümkün deyil. Paşinyan yaxşı bilir ki, qarşıdakı illərdə də Avropadan maliyyə dəstəyi ala bilməyəcək. Avropa üçün hazırda prioritet Rusiya-Ukrayna müharibəsidir. Hazırda Avropa İttifaqı özü bataqlığa sürüklənib".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025