Mobil versiya
Azər Kərimli: Laçın aeroportunun fəaliyyətə başlaması Laçın, Kəlbəcər, Qubadlı və ətraf rayonların iqtisadi potensialını artıracaq
Tarix: 29-05-2025 | Saat: 16:58
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azər Kərimli: Laçın aeroportunun fəaliyyətə başlaması Laçın, Kəlbəcər, Qubadlı və ətraf rayonların iqtisadi potensialını artıracaq

Azərbaycan, Türkiyə və Pakistan birliyin genişlənməsi və inkişafı, təkcə üç ölkə üçün deyil, həm də region üçün böyük əhəmiyyət daşıyır

“Laçın aeroportunun açılışı Azərbaycan üçün siyasi, iqtisadi, strateji və sosial baxımdan əhəmiyyətli bir hadisəsidir. Laçın aeroportu Azərbaycanın Qarabağ bölgəsində dövlət infrastrukturunun bərpası və müasir standartlara uyğun inteqrasiyası baxımından növbəti mühüm addımdır və milli maraqlar baxımından çoxşaxəli əhəmiyyətə malikdir. Aeroportun fəaliyyəti Laçın, Kəlbəcər, Qubadlı və ətraf rayonların iqtisadi potensialını artıracaq. İnvestisiyaların cəlb olunması, turizmin inkişafı və yerli məhsulların daha sürətli daşınması baxımından imkanlar genişlənəcək. Həmçinin bununlada işğaldan azad edilmiş regionlarda iş yerlərinin yaradılması və əhalinin geri qayıdışı üçün əlverişli şərait formalaşır”.

Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Azər Kərimli bildirib.

Deputat həmçinin fikrinin davamı olaraq aereportun nəqliyyat və loqistika istiqamətində verdiyi üstünlüklərdən də bəhs edib: “Laçın aeroportu Zəngilan və Füzuli hava limanları ilə birlikdə Qarabağın hava nəqliyyat infrastrukturunu tamamlayır. Gələcəkdə Cənubi Qafqazda logistik mərkəzə çevrilmək məqsədinə xidmət edir. Bölgəyə daxili və xarici turizm axınının artmasına şərait yaradacaq”.

Təbii ki, hər hansı layihənin humanitar və sosial tərəfləri var. Layihənin humanitar və sosial tərəfləri barədə danışan millət vəkili Azər Kərimlinin fikrincə aeroportun açılışı qayıdış proqramları çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına dönüşünü sürətləndirəcək. Həmçinin təcili yardım, fövqəladə hallar və digər xidmətlərin bölgəyə daha sürətli çatdırılması üçün hava nəqliyyatı xüsusi önəm kəsb edir.

Millət vəkili Azər Kərimlinin qənaətinə görə, Türkiyə Prezidentinin Laçın aeroportunun açılışında iştirakı türk dünyasını birləşdirəcək yeni nəqliyyat və iqtisadi layihələrin ön plana çəkildiyinin göstəricisi olmaqla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi mesajını özündə ehtiva edir.

Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışı zamanı Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkənin əməkdaşlığını yüksək qiymətləndirərək demişdir: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.” Deputat Azər Kərimli bu fikirlərin təsdiqi olaraq 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıdığını qeyd edərək, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistanın dəstəyini bizi daim bizi ruhlandırdığını vurğuladı. Deputat bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə dünya miqyasında yeni reallıqlar yaradır, - deyir.

Deputat Azər Kərimlinin fikrincə, bizim gücümüz birliyimizdədir. Laçın görüşü birliyimizi üçtərəfli formatda bir daha təsdiqləyir: “Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq son illərdə ciddi şəkildə güclənib və bu birliyin strateji əhəmiyyəti daha da artır. Hər üç ölkə ortaq maraqlar, mədəni bağlar və tarixdən gələn əlaqələr üzərində qurulmuş bir dostluq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirirlər. Azərbaycan, Türkiyə və Pakistan, geosiyasi vəziyyətin təsiri altında daha sıx əməkdaşlıq edirlər. Xüsusən, Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqdəki vəziyyət onları birləşdirən əsas amillərdən biridir. Üç ölkə, bir-birinin təhlükəsizlik maraqlarını dəstəkləyir və hərbi əməkdaşlıq sahəsində bir çox ortaq layihələr həyata keçirirlər. Bu birliyin qlobal və regional məsələlərdəki rolu da artır. Azərbaycan, Türkiyə və Pakistan, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda ortaq mövqeyə sahibdirlər. Bu birliyin genişlənməsi və inkişafı, təkcə üç ölkə üçün deyil, həm də region üçün böyük əhəmiyyət daşıyır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-05-2025