Mobil versiya
Milli Enerji Strategiyamızın növbəti nailiyyəti
Tarix: 30-06-2025 | Saat: 10:10
Bölmə:Siyasət | çapa göndər

Milli Enerji Strategiyamızın növbəti nailiyyəti

Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 24-də Mingəçevirdə açılışını etdiyi “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın energetika sahəsində irəliyə doğru atdığı növbəti uğurlu addımdır. Ölkənin ümumi enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatdırılması bir daha Azərbaycanın gücünü, potensialını nümayiş etdirdi. Yeni stansiyanın işə düşməsilə Mingəçevirin təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Həmin vaxtdan etibarən Mingəçevir Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamağa başladı. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Müstəqilliyin ilk illərində ölkədə enerji qıtlığı yaranmışdı. Çünki energetika sistemi lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemi artıq tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi.

Son 20 il ərzində isə Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan quruldu. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları istifadəyə verildi. Buna paralel olaraq Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verildi. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.

Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin də böyük payı var. Məlum olduğu kimi, bu iki ölkə Azərbaycanın strateji tərəfdaşlarıdır. Onların hər biri ilə strateji tərəfdaşlıq haqqında iki bəyannamə imzalanmışdır və dövlət başçımızın bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Azərbaycan İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlayıb. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrinin birgə icrasına başlanıb. Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir.

Son olaraq deyə bilərik ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Ölkənin enerji sisteminin səmərəliliyi artırılacaq, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. Beləliklə, ölkəmizə təbii qaza qənaət etmək üçün əlavə imkan yaranacaq və bu da Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcək.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025