Mobil versiya
Azərbaycan regional güc mərkəzi kimi: strateji təşəbbüslər dayanıqlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlığa xidmət edir - Asif Əsgərov
Tarix: 07-07-2025 | Saat: 12:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan regional güc mərkəzi kimi: strateji təşəbbüslər dayanıqlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlığa xidmət edir

İyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün qədim Azərbaycan torpağı olan Xankəndidə keçirilməsi regional əməkdaşlığın genişlənməsi, həmçinin ölkəmizin postmünaqişə dövründə siyasi və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin çıxışı dövlətimizin regional lider kimi mövqeyini və iqtisadi inkişaf strategiyasını nümayiş etdirir.

Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın suverenliyinin təzahürü olmaqla yanaşı, uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini bir daha təsdiqləyir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan 300-dən çox şəhər və kəndi işğaldan azad etmişdir. Bu tarixi qələbələr regionda yeni geosiyasi reallıqların formalaşmasını sürətləndirmişdir.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında işğal zamanı törədilmiş dağıntıların miqyası və fəsadlarına beynəlxalq hüquq çərçivəsində obyektiv yanaşmanın vacibliyini qeyd etmişdir. Hazırda Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur. 50 mindən artıq sakin öz doğma yurduna dönərək yaşayır, çalışır və təhsil alır. Bu faktorlar həm insan hüquqlarının bərpası, həm də regionun iqtisadi və sosial inkişafının gücləndirilməsi deməkdir.

Dövlətimizin başçısı çıxışında Ermənistan tərəfindən deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinin vacibliyini diqqətə çatdırıb. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilmiş Nazirlər Şurasında azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən qətnamənin yekdilliklə qəbul edilməsi ölkəmizin bu məsələdə beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Bu istiqamətdə Azərbaycan diplomatiyası ardıcıl, səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirir.

Ölkəmizin ECO məkanında enerji sektorundakı rolu misilsizdir. Son 20 ildə Azərbaycana yatırılan təxminən 350 milyard ABŞ dolları məbləğində sərmayə, sabit siyasi mühit və sürətlə inkişaf edən iqtisadiyyat regionun iqtisadi inteqrasiyasının güclənməsində mühüm amil olub. Azərbaycanın təbii qazını ixrac etdiyi 12 ölkə ilə yanaşı, beynəlxalq platformalarda, o cümlədən COP kimi önəmli qlobal konfranslarda fəal iştirakı dövlətimizin enerji təhlükəsizliyi sahəsində mövqeyini daha da möhkəmləndirir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji mövqedə yerləşən Azərbaycan artıq təkcə tranzit ölkə deyil, regional logistika və enerji mərkəzinə çevrilib. Bu faktor ECO ölkələri arasında ticari və iqtisadi əlaqələrin dərinləşməsinə mühüm təkan verir. Prezident İlham Əliyev 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürünü bildirib.

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən ECO Həftəsi kimi tədbirlər ölkəmizin regionda liderlik mövqeyini daha da gücləndirir. Biznes, gənclər və qadınlar forumları vasitəsilə iqtisadi əməkdaşlığın müxtəlif sahələrində praktiki addımlar atılır, eləcə də tədqiqat və təmiz enerji mərkəzlərinin yaradılması planlaşdırılır.

Xankəndidə keçirilmiş ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın yalnız regionda deyil, qlobal arenada da artan nüfuzunu təcəssüm etdirir. Prezident İlham Əliyevin çıxışı Azərbaycan modelinin postmünaqişə reallıqları, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində parlaq nümunə olduğunu göstərir. Bərpa və yenidənqurma işləri ilə yanaşı, hüquqi və diplomatik müstəvidə əldə edilən uğurlar ölkəmizin regional gücdən qlobal aktora çevrilməsinin əsasını təşkil edir.

Asif Əsgərov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025