Mobil versiya
Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək
Tarix: 25-07-2025 | Saat: 17:24
Bölmə:Siyasət | çapa göndər

Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək

Azərbaycanın 30 ildən artıq bir müddətdə davam edən işğal və separatizmə qarşı apardığı mübarizə 2020-ci ildə Şanlı Zəfərlə nəticələndi. Bu Qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın milli ləyaqətinin, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi idi. Bu böyük tarixi hadisəni əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə simvolik addımlar atılır. Bu baxımdan, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət komitəsinin yerləşdiyi binanın Qələbə muzeyinə çevrilməsi həm rəmzi, həm də ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Sovet dövründə Xankəndində yerləşən bu bina uzun illər boyunca erməni separatizminin mərkəzi olmuşdur. Məhz bu binada Azərbaycanın suverenliyinə qarşı qəsdlər planlaşdırılıb, ölkənin ərazi bütövlüyünü pozmağa yönəlmiş qərarlar qəbul olunub. 1980-ci illərin sonundan etibarən burada anti-Azərbaycan təbliğatı aparılıb və sonradan bölgədə etnik təmizləmə və təcavüz siyasətinə zəmin yaradılıb. Bu səbəbdən həmin binanın məhz Qələbə muzeyinə çevrilməsi böyük simvolik gücə malikdir — bu, separatizmin və işğalın simvolu olan bir yerin indi Azərbaycanın Qələbəsinin və dövlət suverenliyinin təcəssümünə çevrilməsi deməkdir. Qələbə muzeyinin yaradılması Azərbaycan xalqının mübarizə iradəsinin və vətən sevgisinin əbədi yaddaşda saxlanılması üçün önəmli addımdır. Muzeydə 44 günlük Vətən müharibəsi ilə yanaşı, birinci Qarabağ müharibəsində və daha öncəki dövrlərdə xalqımızın göstərdiyi fədakarlıq, əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin əziz xatirəsi əks olunacaq. Muzey həm də Azərbaycanın hərbi, siyasi və diplomatik sahələrdə əldə etdiyi uğurların nümayiş etdiriləcəyi, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanacağı bir məkana çevriləcək. Bu təşəbbüs həm də dünyaya ciddi bir mesaj verir. Azərbaycan torpaqlarının bir qarışı belə heç vaxt düşmənə güzəştə getməyib və getməyəcək. Separatçılıq siyasəti iflasa uğrayıb və onun əsas dayaqları bir-bir aradan qaldırılır. Tarixi ədalət öz yerini tapıb və Azərbaycan qalib xalq olaraq işğal altındakı torpaqlarını azad edib. Bu Qələbənin simvolik təsvirləri yalnız abidələrlə və yazılı tarixlə deyil, həm də belə muzeylərlə əbədiləşdirilməlidir. Qələbə muzeyi, eyni zamanda, Xankəndinin Azərbaycanın ümummilli mədəni və siyasi məkanına inteqrasiyasının simvoludur. Bu addım həmin şəhərin artıq separatizmlə deyil, dövlətçiliklə, birliklə və qürurla assosiasiya olunacağını göstərir. Muzey həm yerli əhalinin, həm də ölkəyə gələn qonaqların ziyarət edə biləcəyi, Qarabağ Zəfərinin mahiyyətini və miqyasını dərindən anlayacağı bir mərkəz olacaq. Separatizmin mərkəzi olmuş keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyinin yaradılması tarixi ədalətin bərpası və Azərbaycan dövlətçiliyinin gücünün simvoludur. Bu bina artıq nifrət və parçalanma ideologiyasının yox, birlik, zəfər və əbədi suverenliyin rəmzinə çevriləcək.

Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025