Mobil versiya
MİLLİ RUHUN BƏRPASI MANİFESTİ
Tarix: 06-11-2025 | Saat: 17:54
Bölmə:Gündəm / Siyasət / Özəl | çapa göndər

MİLLİ RUHUN BƏRPASI MANİFESTİ

Şəmsi QOCA,
Qərbi Azərbaycan İcması
Aparatının elmi işçisi



Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki strateji nitqinə bir nəzər

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinin təntənəli səhnəsində ölkənin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dayanmışdı. Tarixi ədalətin qüdrətli bərpasından sonra, lider xalqın gələcəyini təmin edən, qeyri-maddi, lakin daha möhkəm olan qala divarlarından – milli mənəviyyatdan danışırdı. Onun çıxışı zəfərin fiziki təntənəsi ilə milli ruhun əbədi yaşamaq haqqının fəlsəfi sintezi, bir növ ruhun bərpası manifesti idi.
Cənab Prezident İlham Əliyev çıxışına, sanki, Azərbaycanın intellektual inkişafının qızıl dövrünə ekskurs edərək başladı. O, vurğuladı ki, bugünkü qüdrət siyasətinin kökləri məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən kadr siyasətinə və elmə diqqətinə dayanır. Hələ keçən əsrin 70-ci illərində Heydər Əliyev yüz minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu mərkəzlərinə göndərilməsinə nail olmuşdu. Bu, gələcək müstəqil Azərbaycanın intellektual ordusunu yaratmaq üçün atılmış tarixi bir addım idi. Prezident bu tarixi davamlılığın hər zaman prioritet olduğunu xatırladaraq, Ulu Öndərin elmə dəyərini əks etdirən müdrik kəlamını səsləndirdi:
Ulu Öndər Heydər Əliyev demişdir: "Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları ... elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur."
Cənab Prezidentin özünün irəli sürdüyü "Tükənməz sərvət intellektual potensialdır" tezisinin məhz o təməl üzərində qurulduğu göstərilirdi. Lider, hər şeydən öncə, tükənməz sərvətin nə tank, nə də neft olduğunu elan etdi; bu, intellektual potensialdır! Lakin potensialın kökləri haradadır? Onun mayası, onun can damarı, məhz ana dilimizdir. Əgər dil solarsa, Vətənin kökləri quruyar, milli mənsubiyyətin saflığı zədələnər və xalqın gələcəyi qeyri-müəyyənlik dumanına bürünər. Cənab Prezidentin dilin saflığı ilə bağlı səsləndirdiyi çağırış, sadəcə dilçilik institutlarına deyil, hər bir vətəndaşın vicdanına və məsuliyyətinə ünvanlanmışdı. Həm də Ulu Öndərin: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" fikrinin müasir dövrdə təcəssümüdür.
"Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır! Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər."
Bu, dilimizin yabanı otlar tərəfindən boğulmasına, milli kimliyimizin yad kəlmələrlə bulanmasına qarşı qaldırılan bir qalxandır.
Çıxışın ən alovlu, ən qəlbi titrədən hissəsi isə tarixi ədalətin bərpası fəlsəfəsi oldu. Müzəffər Ali Baş Komandan tanklarla deyil, dinc yolla, qardaşlıq və ləyaqətlə qayıdışın labüdlüyünü elan etdi. O, Ermənistan cəmiyyətinə ünvanlanmış tarixi qardaşlıq və ləyaqət çağırışını bəyan etdi:
"Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq! Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Bizim qayıdışımız sülh və bərabərhüquqlu yaşam zəminində olmalıdır!"
Qayıdışın sülh platformasında başladığını nümayiş etdirən möhtəşəm bir baxışla Prezident İlham Əliyev zəfərin mənəviyyat cəbhəsinin açıldığını elan etdi. Prezident İlham Əliyevin bu çıxışı ilə Azərbaycan xalqının zəfər yolu tamamlanır. İndi biz hərbi qüdrətimizə güvənərək, texnoloji üstünlüyümüzü inkişaf etdirərək, mədəni kimliyimizi qoruyaraq, dilimizi ucalara qaldıraraq və tarixi torpaqlarımıza ləyaqətlə qayıtmağa hazır olmalıyıq. Bu, hər bir vətəndaşın çiyninə düşən müqəddəs borcdur, yeni zəfərlərin mənəviyyat cəbhəsidir!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2025