Mobil versiya
Daşkənddəki strateji bəyanatlar yeni əməkdaşlıq körpüsünün mesajıdır
Tarix: 17-11-2025 | Saat: 09:41
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Daşkənddəki strateji bəyanatlar yeni əməkdaşlıq körpüsünün mesajıdır

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı ilə xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycanın bu strateji formata qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid geosiyasi və geoiqtisadi məkan kimi birləşdirən yeni bir əməkdaşlıq dövrünün başlanğıcı kimi qeyd olunur.
Cənab Prezident İlham Əliyev çıxışına ev sahibi Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə dərin minnətdarlıq bildirərək başladı. Liderin uzaqgörən rəhbərliyi ilə Özbəkistanın regionda lider mövqeyə yüksəldiyini vurğulayan cənab Əliyev, qardaş Mirziyoyevin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafındakı misilsiz xidmətlərini və xalqımıza olan səmimi münasibətini xüsusi qeyd etdi. Bu, iki qardaş dövlətin liderləri arasında qurulan yüksək etimad və şəxsi dostluğun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyev həmçinin Daşkənddəki İslam Sivilizasiyası Mərkəzini ziyarət etməyin yaratdığı təəssüratları bölüşdü. Bəzi ölkələrdə sistemli xarakter alan islamofobiyaya qarşı bu Mərkəzin açılışı İslamın quruculuq, dözümlülük və qardaşlıq dini olduğunu bütün dünyaya nümayiş etdirən mühüm bir cavab idi.
Dövlətimizin başçısı Mərkəzi Asiya ilə münasibətləri "xüsusi xarakter" daşıyan, çoxəsrlik ortaq tarixə, mənəvi irsə və qardaşlığa söykənən əlaqələr kimi qiymətləndirdi. Son illərdə artan qarşılıqlı səfərlərin (son 3 ildə Prezident Əliyev Mərkəzi Asiya ölkələrinə 14, Mərkəzi Asiyalı həmkarları isə 23 dəfə Azərbaycana səfər edib) bu əlaqələrə strateji tərəfdaşlıq dinamikası qatdığı vurğulandı. Cənab Əliyev qeyd etdi ki: "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur."
Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə fəaliyyəti sayəsində artıq vahid geosiyasi və geoiqtisadi region formalaşıb. Cənab Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini xüsusi qeyd etdi. Füzulidə Özbəkistanın Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Qırğızıstanın Ağdamdakı Manas məktəbi və Türkmənistanın Füzulidə təməli qoyulan məscidi bu həmrəyliyin tarixi sübutlarıdır. Bu qardaşlıq nümunələri qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Cənab Prezident İlham Əliyevin çıxışının əsas strateji sütunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına həsr olundu. Azərbaycanın artıq Şərqlə Qərb arasında birləşdirici bəndə çevrildiyi vurğulanaraq, son üç ildə Orta Dəhliz üzrə ölkəmizdən keçən yükdaşımaların 90% artması beynəlxalq logistikada Bakının əsas rolunu təsdiqləyir. Cənab Əliyev, həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və doqquz beynəlxalq hava limanı kimi infrastrukturların Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirdiyini diqqətə çatdırdı. Nəqliyyatın gələcəyi barədə danışan Prezident, Zəngəzur dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu elan etdi və vurğuladı: "İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək."
Bu, həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, həm də beynəlxalq tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Cənab Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Azərbaycanı əməkdaşlıq formatına qoşulmaq qərarına görə təşəkkürünü bildirərək çıxışını yekunlaşdırdı. Bu qərar, əlaqələrin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləməklə yanaşı, geniş coğrafi məkanda əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Bu çıxış, Azərbaycanın nəinki Cənubi Qafqazda, həm də Avrasiya məkanında qardaş Mərkəzi Asiya ölkələri ilə birlikdə sülhün, iqtisadi inkişafın və strateji əməkdaşlığın mərkəzi fiquruna çevrildiyini vurğuladı və yeni əməkdaşlıq körpüsünün qurulduğunu rəsmən təsdiqləmiş oldu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2025