Mobil versiya
Səttar Möhbalıyev: "Cənab Prezident İlham Əliyevin Daşkəndəki çıxışı uzunmüddətli strateji xətti dəqiq konturlarla təsvir etdi"
Tarix: 17-11-2025 | Saat: 16:13
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev: "Cənab Prezident İlham Əliyevin Daşkəndəki çıxışı uzunmüddətli strateji xətti dəqiq konturlarla təsvir etdi"

Noyabrın 16-da Daşkənd bir daha türk dünyasının siyasi həmrəyliyinin, regional əməkdaşlığın və strateji tərəfdaşlığın mərkəzinə çevrildi. “Mərkəzi Asiya+Azərbaycan” formatında keçirilən 7-ci Məşvərət Görüşü təkcə tarixi hadisə deyil, həm də Avrasiya məkanında yeni geosiyasi arxitekturanın formalaşmasına verilən bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iclasdakı çıxışı isə bu yeni mərhələnin mahiyyətini, məqsədlərini və uzunmüddətli strateji xəttini dəqiq konturlarla təsvir etdi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev nitqinə Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevi yüksək qiymətləndirməklə başladı. Bu dəyərləndirmə həm diplomatik jest idi, həm də Mərkəzi Asiya ölkələrinin Azərbaycanın qardaşlıq-əməkdaşlıq modelindəki xüsusi yerini göstərdi: “Özbəkistan qardaşım Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır.” Bu sözlər nəticə etibarilə iki ölkənin münasibətlərinin emosional fonunun nə qədər güclü olduğunu nümayiş etdirir. Burada təkcə rəsmi tərəfdaşlıqdan deyil, xalqların bir-birinə olan səmimi münasibətindən söz gedir. Məhz bu fundament regionda yeni siyasi arxitekturanın yaranmasına təkan verir. Cənab Prezident İlham Əliyev Daşkənddə yaradılan İslam Sivilizasiyası Mərkəzini ziyarət etməsini xüsusi vurğuladı: “İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir.” Bu tezis isə iki məqamı ehtiva edir. İslamofobiyanın artdığı bir dövrdə türk-İslam dünyasının təbliği və müdafiəsini və mədəni diplomatiyanın geosiyasi alət kimi istifadəsini dünyaya çatdırır. Azərbaycan bu istiqamətdə yalnız öz milli maraqlarını yox, həm də bütövlükdə İslam dünyasının mənafeyini müdafiə edən lider dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri regional əməkdaşlığın təməlində duran ortaq kimlik faktorları oldu: “Bizim münasibətlərimiz çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik üzərində qurulub.” Bu, türk dünyasının siyasi inteqrasiyasının ən möhkəm dayağıdır. Əldə olunan faktlar isə bu təməl üzərində yüksələn real nəticələri əks etdirir. Beləki son üç ildə cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri, həmin ölkələrdən Azərbaycana 23 yüksək səviyyəli səfər, müttəfiqlik və strateji tərəfdaşlıq sənədləri, birgə investisiya fondları və müntəzəm keçirilən mədəniyyət günləri və sərgilər real nəticəni tam göstəricisidir. Bu dinamika göstərir ki, Azərbaycan regionda artıq müşahidəçi yox, aksiya və qərar sahibi olan aparıcı aktordur. Cənab Prezident İlham Əliyev çıxışında daha bir çox mühüm məqama toxunur: “Bu gün Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu artan vahid geosiyasi və geoiqtisadi regiondur.” Bu fikir isə sadəcə diplomatik kompliment deyil, faktların ifadəsidir. Böyük nəqliyyat dəhlizləri, enerji və rəqəmsal layihələr, siyasi həmrəylik, regional təhlükəsizlikdə ortaq maraqlar və müştərək beynəlxalq təşəbbüslər buna əyani misaldır.

Millət vəkili onu da əlavə etdi ki, Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya artıq tək-tək yox, kollektiv güc kimi çıxış etməyə başlayır. Cənab Prezident İlham Əliyev azad olunmuş Qarabağ torpaqlarında Mərkəzi Asiya qardaşlarının hədiyyə etdiyi layihələri xüsusi vurğuladı: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına İncəsənət Mərkəzi, Ağdamda Manas məktəbi, Türkmənistanın dəstəyi ilə Füzulidə məscidin təməli.” Bu faktlar təkcə tikinti deyil – Azərbaycan xalqı üçün mənəvi borc, qardaşlıq izidir. Qarabağın bərpası türk dünyasının ortaq missiyasına çevrilib. Cənab Prezident İlham Əliyev çıxışın mühüm hissəsini nəqliyyat məsələlərinə ayırdı. “Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb.” Bu artım təsadüfi deyil – Azərbaycanın yaratdığı infrastruktur Avrasiyanın iqtisadi xəritəsini dəyişir. Ələt Beynəlxalq Limanı – 25 milyon ton potensial, Bakı–Tbilisi–Qars xəttinin genişləndirilməsi, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və ən əsası –Zəngəzur dəhlizi bu günkü reallıqlardan və gələcək iqtisadi uğurlardan xəbər verir. Cənab Prezidentin vurğuladığı kimi: “Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlk mərhələdə 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq.” Bu dəhliz Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığını birbaşa Avropa bazarları ilə birləşdirəcək strateji arteriyadır. Azərbaycan yalnız nəqliyyatda deyil, rəqəmsal və enerji sahəsində də Mərkəzi Asiya ilə yeni dövrün layihələrini qurur. Xəzərin altı ilə fiber-optik kabel – rəqəmsal körpü və Xəzərin altı ilə elektrik kabeli – yaşıl enerji ixracı ən səmərəli və böyük layihələrdir. Bu layihələr regionu enerji və rəqəmsal qlobal mərkəzə çevirəcək. Cənab Prezident İlham Əliyevin çıxışının sonda dediyi sözlər bütün siyasi mənzərəni yekunlaşdırdı: “Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini təsdiqləyir və əməkdaşlığı daha da möhkəmləndirəcək.” Azərbaycan isə bu formatda təkcə iştirakçı deyil, strateji istiqamətin müəlliflərindən biridir.

Tam əminliklə demək olar ki, Daşkənd zirvəsi Azərbaycanın diplomatik qələbəsidir. Cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dünyasının mərkəzi sütunlarından biridir. Mərkəzi Asiya ilə münasibətlər yalnız iqtisadi yox, siyasi-mədəni və strateji mahiyyət daşıyır. Orta Dəhliz, Zəngəzur dəhlizi, rəqəmsal və enerji layihələri regionun gələcək xəritəsini formalaşdırır. Qarabağın bərpası türk dünyasının ortaq dəyərinə çevrilir. Azərbaycan bu formatda lider dövlət kimi çıxış edir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2025