Mobil versiya
Azər Kərimli: “Azərbaycan-İtaliya əlaqələri Avropa enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir”
Tarix: 05-05-2026 | Saat: 15:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Azərbaycan-İtaliya əlaqələri Avropa enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir”

“İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Səfər zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat da göstərir ki, Azərbaycan-İtaliya əlaqələri təkcə ikitərəfli diplomatik münasibətlər kontekstində deyil, həm də Avropa enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair imzalanmış iki bəyannamə iki ölkə arasında münasibətlərin əsasını təşkil edir və bu sənədlərdə təsbit edilmiş məsələlər bu gün real həyatda öz əksini tapır. Həmçinin xanım Meloninin Ermənistanda öz proqramını bitirib Azərbaycana gəlməsi xüsusi məna daşıyır və Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, İtaliya bazarı ölkəmiz üçün həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır: “Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Dünən keçən danışıqlar əsnasında bu həcmi artırmaq üçün müzakirələr aparılıb. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır və bu proses davam etdirilir. Burada diqqət çəkən mühüm məqam İtaliya dövlət rəhbərliyinin TAP layihəsi ətrafındakı problemlərin həllinə şəxsən nəzarət etməsidir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropa bazarında tutduğu mövqe, məhz güclü siyasi iradə və əməkdaşlıq modelinin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin də çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Bu bəyanat bir daha təsdiq edir ki, enerji layihələri təkcə iqtisadi deyil, həm də siyasi və diplomatik alətlərdir. Azərbaycanın İtaliya ilə münasibətləri isə bu alətlərdən səmərəli istifadə edən uğurlu model nümunəsidir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2026