Mobil versiya
YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb -Fotolar
Tarix: 15-05-2026 | Saat: 14:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Kommunist Partiyası (ÇKP) Şensi vilayət təşkilatının katibi, Şensi vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao İde ilə görüşüb.

Qarşılıqlı etimada söykənən çoxşaxəli əməkdaşlığın hər iki ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğu qeyd edilib. Son illərdə sürətlə inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş dövlətlərarası münasibətlərin nümunəvi xarakter daşıdığı və geniş perspektivlərə malik olduğu bildirilib.

Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri kimi YAP ilə ÇKP arasında əməkdaşlığın xüsusi diqqət mərkəzində olduğu qeyd edilib. 2024-cü ilin noyabr ayında imzalanmış Əməkdaşlıq memorandumunun partiyalararası əlaqələrin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirdiyi, yeni imkanlar yaratmaqla tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyi bildirilib. YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşlərin ölkələr və partiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə ÇKP Mərkəzi Komitəsinin Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanmasının kadr hazırlığı sahəsində təcrübə mübadiləsinə təkan verəcəyinə inam ifadə olunub.

Görüşdə yeni geosiyasi reallıqlar fonunda istər Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanın, istərsə də dünyada əsas güc mərkəzlərindən biri kimi çıxış edən Çinin özünəməxsus inkişaf modelinə malik olduğu nəzərə çatdırılıb. Hər iki ölkənin tərəqqi yolunun, o cümlədən əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin beynəlxalq səviyyədə böyük maraq doğurduğu və diqqətlə izlənildiyi bildirilib.

Görüş əsnasında Azərbaycan ilə Çinin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olduğu qeyd edilərək regionlararası əməkdaşlıq məsələlərinə də toxunulub. İqtisadi-ticari, turizm, elmi-texniki tərəqqi, təhsil, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələrdə mövcud potensialdan daha geniş istifadənin vacibliyi vurğulanaraq sürətli qlobal transformasiyalar dövründə səmərəli investisiya siyasətinin əhəmiyyəti qeyd edilib. Xüsusilə, Sian şəhərinin Çinin ən böyük logistika mərkəzlərindən biri kimi bu prosesdə roluna diqqət çəkilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri fonunda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının uğurla tətbiq edildiyi bildirilib. Çin şirkətlərinin innovativ texnologiyalar, infrastruktur quruculuğu, alternativ enerji, nəqliyyat və sənaye layihələri çərçivəsində bu prosesdə iştirak imkanları müzakirə olunub.

Tərəflər yüksəksəviyyəli siyasi dialoq şəraitində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin və ümumi maraq doğuran məsələlər üzrə təmasların daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Hər iki ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq gələcəyə yönəlik hədəflərin və bu xüsusda yeni işbirliyi imkanlarının müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Şensi vilayətində humanoid robotlar istehsal edən “Zhilaite” texnoloji şirkətinə, Çin–Avropa qatarları üzrə logistika mərkəzinə, Sian Böyük Məscidinə və Sin Şixuandi İmperiya Muzeyinə, o cümlədən Terrakota Ordusu Muzeyinə ziyarəti də təşkil olunub.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çinin “Şensi” televiziya kanalına müsahibəsində səfərin yekunlarına, eləcə də istər ölkələr, istərsə də partiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb.

Mayın 15-də YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2026