Mobil versiya
CNN nə üçün Azərbaycanla bağlı qərəzli, yalan məlumat yaydı?- Detallar
Tarix: 06-06-2026 | Saat: 11:39
Bölmə:Ölkə | çapa göndər

CNN nə üçün Azərbaycanla bağlı qərəzli, yalan məlumat yaydı?- Detallar


Xəbər verdiyimiz kimi, “CNN World” xəbər kanalının rəsmi internet səhifəsində “İsrail İran müharibəsi zamanı regiondakı gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərib – mənbələr bildirir” sərlövhəli məqalə dərc olunub. Məqalədə İsrailin İranla qarşıdurma dövründə Azərbaycana xüsusi təyinatlı və elit hərbi bölmələr yerləşdirdiyi iddia edilir.

Sözügedən iddialar Azərbaycanda ciddi rezonans doğurub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, həmin iddialar tamamilə əsassızdır və heç bir fakta söykənmir. O vurğulayıb ki, rəsmi Bakı bu cür məlumatları qətiyyətlə rədd edir və onları növbəti dezinformasiya nümunəsi hesab edir.

Məsələ ilə bağlı diqqət çəkən əsas məqamlardan biri odur ki, Azərbaycan tərəfi CNN-in sorğusunu cavablandıraraq yayımlanacaq məlumatın həqiqəti əks etdirmədiyini əvvəlcədən redaksiyanın diqqətinə çatdırsa da, kanal yenə də “anonim mənbələrə” istinad etməklə bu iddiaları ictimailəşdirib.

CNN-in sözügedən materialının arxasında hansı maraqların dayandığı, bu dezinformasiyanın kimlərə xidmət etdiyi və məqsədin nə olduğu məsələləri ciddi şəkildə suallar ortaya qoyur.

Mövzu ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların əsassız olduğu dəfələrlə rəsmi səviyyədə bəyan edilib. Bu baxımdan həmin xəbər tamamilə əsassız və təxribat xarakterlidir:

"Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin CNN-in sorğusuna cavab olaraq bu məlumatın əsassız olduğunu redaksiyaya təqdim etməsinə baxmayaraq, kanal yenə də “anonim mənbələrə” istinad edərək dezinformasiyanı yaymağa üstünlük verib. Bu isə o deməkdir ki, “anonim mənbə” həmin xəbərin yayılmasında israrlı olub və CNN də bu israra tabe olub.

Bəs hansı mərkəzlər İsrailin guya Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirməsi barədə dezinformasiyanın yayılmasında maraqlı ola bilər?

ABŞ Prezidenti CNN kanalına münasibətini heç vaxt gizlətməyib. Ağ Ev sahibi bu kanalı dəfələrlə qərəzli mövqe tutmaqda və dezinformasiya yaymaqda ittiham edib. Azərbaycana aid yayılan son xəbər də bu ittihamların növbəti təsdiqi kimi qiymətləndirilə bilər.

Bununla belə, “anonim mənbənin” ABŞ-ın müəyyən rəsmi strukturlarına bağlı olduğu ehtimalını da diqqətdən qaçırmaq olmaz. Belə görünür ki, dezinformasiyanın yayılmasında əsas məqsəd İran-Azərbaycan münasibətlərində əlavə gərginlik yaratmaq olub.

Diqqətçəkən məqamlardan biri də budur ki, İranın mühafizəkar dairələri və onlara bağlı media resursları CNN-in sözügedən materialından əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifadə etməsi barədə müxtəlif dezinformasiyalar yayırdılar. İndi isə həmin dairələr CNN-ə istinad edərək, “düşmən dövlətin nüfuzlu xəbər kanalı da bizim dediklərimizi təsdiqlədi” məzmunlu ittihamları daha geniş şəkildə tirajlamağa çalışacaqlar.

Bu baxımdan belə qənaətə gəlmək olar ki, “anonim mənbə” kimdirsə və ya hansı qüvvələri təmsil edirsə, onun fəaliyyəti İranın mühafizəkar dairələrinin Azərbaycana qarşı yaydığı dezinformasiyaların davam etdirilməsinə xidmət edir".

Elxan Şahinoğlu qeyd edib ki, CNN-in yaydığı dezinformasiyada Azərbaycanın adı ilə yanaşı İsrailin də adı hallandırıldığı üçün, İsrail Xarici İşlər Nazirliyinin də bu məlumatı təkzib etməsinə ehtiyac var:

"Belə olan halda CNN-in “anonim mənbəyə” istinadən yaydığı xəbəri geri götürmək və ya təkzib etməkdən başqa seçimi qalmayacaq.

Əks halda, CNN-ə istinad edərək bu dezinformasiyanı yaymağa çalışanların sayı daha da arta bilər və bu da regionda informasiya manipulyasiyasının yeni mərhələyə keçməsinə səbəb ola bilər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə