Mobil versiya
Ordumuz qürur mənbəyimizdir
Tarix: 24-06-2026 | Saat: 10:11
Bölmə:Siyasət | çapa göndər

Ordumuz qürur mənbəyimizdir

Azərbaycanın dövlət inkişaf strategiyasında mühüm yer tutan sahələrdən biri də güclü və müasir ordunun formalaşdırılması olmuşdur. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan Ordusu təkcə regionun deyil, daha geniş coğrafiyanın ən peşəkar və yüksək hazırlıqlı hərbi qüvvələrindən birinə çevrilmişdir. Bu gün ordumuzun əldə etdiyi nailiyyətlər ölkədə mövcud olan siyasi sabitliyin, iqtisadi inkişafın və xalq-iqtidar birliyinin mühüm nəticəsi kimi qiymətləndirilir.

Cənab Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk dövrlərdən etibarən hərbi quruculuq məsələlərini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Ordunun maddi-texniki imkanlarının genişləndirilməsi, ən müasir silah və texnikalarla təmin olunması, şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının “Ordu quruculuğu bizim üçün prioritet məsələdir” fikri bu sahəyə verilən xüsusi önəmin göstəricisidir.

Son illər ölkənin müdafiə gücünün artırılması məqsədilə mühüm struktur və hüquqi islahatlar reallaşdırılmışdır. 2017-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun hərbi sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə şərait yaratmışdır. Bununla yanaşı, milli müdafiə sənayesinin inkişaf etdirilməsi ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Hazırda Azərbaycanda minlərlə adda hərbi məhsul istehsal olunur və yerli müdafiə sənayesi Silahlı Qüvvələrin silah-sursat təminatında mühüm rol oynayır. Bu isə xarici mənbələrdən asılılığın azalmasına və müdafiə imkanlarının daha da möhkəmlənməsinə xidmət edir.

Ordunun inkişaf səviyyəsinin əsas göstəricilərindən biri müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin davamlı şəkildə artırılmasıdır. Ayrılan maliyyə resursları hesabına Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəlmiş, hərbi hissələr və infrastruktur müasirləşdirilmiş, hərbçilərin sosial təminatı daha da yaxşılaşdırılmışdır. Mənzil proqramlarının icrası, əməkhaqlarının artırılması və sosial müdafiə tədbirlərinin genişləndirilməsi dövlətin hərbi qulluqçulara göstərdiyi qayğının bariz nümunəsidir.

Azərbaycan Ordusunun qüdrəti ilk növbədə döyüş meydanlarında sübut olunmuşdur. 2016-cı ilin Aprel döyüşləri uzun illər mövcud olmuş vəziyyətin dəyişdirilməsinin mümkün olduğunu nümayiş etdirdi. Qazanılan uğurlar ordumuzun yüksək hazırlığını, peşəkarlığını və güclü döyüş ruhunu ortaya qoydu. 2018-ci ildə həyata keçirilən Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin növbəti mühüm uğuru kimi tarixə düşdü. Bu qələbələr sonradan əldə ediləcək böyük zəfərlərin xəbərçisi oldu.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı torpaqlar azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Müharibə zamanı Azərbaycan Ordusu müasir texnologiyaların tətbiqi, yüksək hərbi peşəkarlıq və güclü vətənpərvərlik ruhunun vəhdətini nümayiş etdirdi. Xüsusi diqqət çəkən məqamlardan biri də odur ki, döyüşlər zamanı orduda bir nəfər belə fərari qeydə alınmadı. Yaralanan hərbçilərin yenidən döyüş bölgəsinə qayıtmaq istəyi Azərbaycan əsgərinin Vətənə bağlılığının və mənəvi qüdrətinin parlaq nümunəsi oldu.

Qazanılan Zəfər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla rəsmiləşdirildi. Bunun nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, illərlə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti öz tarixi bəhrəsini verdi.

Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması istiqamətində növbəti mühüm mərhələ 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və ölkənin konstitusiya quruluşu bütün ərazilərdə bərpa edildi. Bu əməliyyat Silahlı Qüvvələrin operativ qərarvermə, yüksək dəqiqlik və peşəkar fəaliyyət imkanlarını bir daha nümayiş etdirdi.

Vətən müharibəsindən sonra əldə olunan təcrübə əsasında orduda yeni islahatlar həyata keçirilmişdir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin genişləndirilməsi və yeni hazırlıq sistemlərinin tətbiqi müasir döyüş şəraitinə uyğun çevik qüvvələrin formalaşdırılmasına imkan yaratmışdır. “Görünmədən görmək, ölmədən dönmək” prinsipi ilə hazırlanan komando bölmələri hazırda Azərbaycan Ordusunun ən peşəkar və hazırlıqlı strukturlarından hesab olunur.

Ordunun inkişafında beynəlxalq əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yeni mərhələyə yüksəlmişdir. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında hərbi-siyasi əməkdaşlığın strateji əsaslarını müəyyən etmişdir. Ordunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması, Milli Müdafiə Universitetinin yaradılması, birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək inkişaf üçün mühüm perspektivlər açır.

Bu gün Azərbaycan Ordusu yalnız ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qarantı deyil, həm də dövlət gücünün, milli həmrəyliyin və xalqımızın qürur mənbəyinin simvoludur. Tarixi Zəfər bir daha sübut etdi ki, uzun illər ərzində həyata keçirilən ardıcıl və uzaqgörən ordu quruculuğu siyasəti Azərbaycanın milli maraqlarının qorunmasının əsas təminatçılarından biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu bu gün qalib ordu, Azərbaycan xalqı isə qalib xalq kimi yeni inkişaf dövrünə inamla qədəm qoyur.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2026