Mobil versiya
NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib -Fotolar
Tarix: 26-06-2026 | Saat: 09:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən NATO-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.

aia.az xəbər verir ki, tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini, səfir Kevin Hamilton, NATO yanında akkreditə olunmuş müttəfiq və tərəfdaş ölkələrin səfirləri və hərbi nümayəndələri, Alyansın Beynəlxalq Katibliyinin təmsilçiləri, eləcə də digər yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

Rəsmi qəbulda NATO yanında nümayəndəliyimizin başçısı Cəfər Hüseynzadə bildirib ki, bu əlamətdar gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin fədakar xidmətinə ehtiramın ifadəsi olmaqla yanaşı, müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin əhəmiyyətini bir daha ön plana çıxarır. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi böyük fədakarlıqlar hesabına əldə olunub və onun qorunması güclü dövlət institutlarından, milli birlikdən və peşəkar silahlı qüvvələrdən asılıdır.

Cəfər Hüseynzadə müasir Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq deyib ki, onun əsasını qoyduğu hərbi quruculuq siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasətin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.

O qeyd edib ki, Azərbaycanın məqsədi yalnız suverenliyini bərpa etməklə məhdudlaşmır, həm də Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına yönəlib. Bu kontekstdə Vaşinqton Sammiti çərçivəsində Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyiş mühüm addım kimi qiymətləndirilib.

Nümayəndəliyin başçısı vurğulayıb ki, Azərbaycan ilə NATO arasında 30 ildən artıq müddətdə qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan NATO-nun rəhbərlik etdiyi əməliyyatlara, xüsusilə Kosovo və Əfqanıstandakı missiyalara mühüm töhfələr verib.

Cəfər Hüseynzadə, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını, eyni zamanda Avropa, Mərkəzi Asiya və digər regionlar arasında strateji nəqliyyat və logistika əlaqələrini gücləndirən mühüm Avrasiya bağlantı mərkəzinə çevrildiyini bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov çıxışında ordumuzun yaranma və inkişaf tarixi, eləcə də Azərbaycan–NATO hərbi əməkdaşlığının əsas istiqamətləri barədə məlumat verib.

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini səfir Kevin Hamilton çıxışında Azərbaycanı NATO-nun etibarlı və dəyərli tərəfdaşı kimi səciyyələndirib. O bildirib ki, uzunmüddətli əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşmasına və modernləşdirilməsinə mühüm töhfə verib. Hazırda Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyət qabiliyyətinə malikdir.

Kevin Hamilton Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara, xüsusilə Əfqanıstandakı fəaliyyətə verdiyi töhfələri yüksək qiymətləndirib, müttəfiq qüvvələrin həmin ölkədən təxliyəsi zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib. O vurğulayıb ki, Azərbaycan Əfqanıstanı tərk edən son tərəfdaş ölkə olub.

Səfir, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib. Bununla yanaşı, o, Azərbaycan və Ermənistan arasında de-fakto sülhün formalaşması istiqamətində əldə edilmiş tarixi irəliləyişi alqışlayaraq, bunu regional sabitlik və təhlükəsizlik baxımından mühüm nailiyyət kimi dəyərləndirib.

Rəsmi qəbul çərçivəsində Azərbaycan–NATO tərəfdaşlığını, Ümummilli Lider Heydər Əliyevin bu əməkdaşlığın inkişafına verdiyi töhfələri, Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına səfərlərini və Alyans rəhbərliyi ilə keçirdiyi görüşləri əks etdirən fotosərgi nümayiş etdirilib. Qonaqlara, həmçinin Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə