Mobil versiya
Almaniyada deport böhranı: Miqrantlar müqavimət göstərir, minlərlə reys ləğv edilir
Tarix: 19-07-2026 | Saat: 11:06
Bölmə:Dünya | çapa göndər

Almaniyada deport böhranı: Miqrantlar müqavimət göstərir, minlərlə reys ləğv edilir


Almaniyada qeyri-qanuni miqrantların deportasiyası getdikcə daha mürəkkəb prosesə çevrilir.

aia.az xəbər verir ki, hakimiyyət hər deportasiya reysi uğrunda ciddi mübarizə aparmalı olur.

Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, federal polis əməkdaşları deportasiya zamanı getdikcə daha çox güc tətbiq etməyə, xüsusi hərəkət məhdudlaşdırıcı kəmərlərdən, qandal və tüpürcəkdən qoruyan maskalardan istifadə etməyə məcbur qalırlar. Bununla belə, planlaşdırılan deportasiyaların böyük hissəsi ümumiyyətlə baş tutmur.

Rəsmi statistikaya əsasən, 2025-ci ildə Almaniyada 21 438 nəfər deportasiya edilib. Eyni dövrdə isə 34 241 planlaşdırılmış deportasiya müxtəlif səbəblərdən ləğv olunub. 2026-cı ilin yanvar-may aylarında isə 7 416 nəfər deportasiya edildiyi halda, 13 546 deportasiya həyata keçirilməyib.

Deportasiyaların baş tutmamasının əsas səbəbi regional hakimiyyət orqanlarının miqrantları müəyyən edilmiş tarixdə polisə təhvil verməməsi və ya prosesi əvvəlcədən ləğv etməsidir. Bundan başqa, çoxsaylı miqrantların gizlənməsi də əsas problemlərdən biri kimi göstərilir.

2025-ci ilin yanvarından 2026-cı ilin may ayının sonunadək deportasiyalar aşağıdakı səbəblərlə də pozulub:

- 313 halda miqrantlar passiv müqavimət göstərərək oturaq etiraz aksiyası keçiriblər;
- 173 halda tibbi səbəblər deportasiyaya mane olub;
- 136 halda qəbul edən dövlət həmin şəxsi qəbul etməkdən imtina edib;
- 119 halda isə miqrantlar polis əməkdaşlarına qarşı zorakılıq da daxil olmaqla aktiv müqavimət göstəriblər.

Bu müddət ərzində federal polis ümumilikdə 3 683 dəfə xüsusi məcburetmə vasitələrindən istifadə edib. Onlardan 1 330 dəfə qandal, 1 275 dəfə əl qandalları, 882 dəfə isə əlləri bel kəmərinə bərkidən xüsusi saxlayıcı kəmərlər tətbiq olunub. Bundan əlavə, təxminən 200 dəfə digər xüsusi vasitələrdən istifadə edilib.

Almaniya Polis Həmkarlar İttifaqının sədri Manuel Ostermann bildirib ki, bəzən əməkdaşlar ölkəni tərk etməli olan miqrantları onların iradəsinə zidd şəkildə təyyarəyə mindirməli olurlar. Onun sözlərinə görə, bu, həm polis əməkdaşları, həm də miqrantlar və onların ailələri üçün ağır və dramatik mənzərələr yaradır. O əlavə edib ki, məcburetmə vasitələri yalnız üçüncü şəxslər üçün birbaşa təhlükə yarandıqda tətbiq olunur.

Buna qarşı çıxan Amnesty International təşkilatı isə deportasiyalarda məcburetmə vasitələrinin istifadəsinin ildən-ilə artdığını bildirir. Təşkilatın sığınacaq məsələləri üzrə eksperti Nina Alizade Marandi qeyd edib ki, "nəyin bahasına olursa-olsun deportasiya" siyasəti bu prosesləri getdikcə daha sərt və qəbuledilməz edir.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildən bəri deportasiya prosesləri zamanı 21 intihara cəhd və ya özünə xəsarət yetirmə hadisəsi qeydə alınıb.

Almaniyada deportasiyalar yalnız xüsusi hazırlıq keçmiş polis əməkdaşları tərəfindən həyata keçirilir. Şəxs deportasiyaya müqavimət göstərdiyi halda, polis qanunvericiliyə uyğun olaraq "birbaşa məcburetmə" tətbiq edə bilər. Bununla yanaşı, proporsionallıq prinsipi əsas götürülür və hər hansı xəsarət və ya əlavə təhlükə yaranacağı ehtimalı olduqda deportasiya dayandırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-07-2026