Mobil versiya
Çindən Avropaya yeni yol açılır: 500 kilometrlik nəhəng layihədə ilk tunel hazırdır
Tarix: 08-09-2026 | Saat: 19:47
Bölmə:Özəl | çapa göndər

Çindən Avropaya yeni yol açılır: 500 kilometrlik nəhəng layihədə ilk tunel hazırdır



Çin, Qırğızıstan və Özbəkistanı birləşdirəcək strateji dəmir yolu layihəsinin tikintisində mühüm mərhələ başa çatıb. Qırğızıstanda ilk tunelin inşası tamamlanıb və ölkə ərazisində görüləcək ümumi tikinti işlərinin 17 faizinin artıq yekunlaşdığı bildirilir.
Uzunluğu 500 kilometrdən çox olacaq dəmir yolu Çinin Sincan bölgəsindəki Kaşqardan başlayaraq Qırğızıstanın dağlıq ərazilərindən keçəcək və Özbəkistanın Əndican şəhərinə çatacaq. Xəttin həm yük, həm də sərnişin daşımalarında istifadəsi nəzərdə tutulur.
Layihənin ən mürəkkəb hissəsi Qırğızıstan ərazisidir. Burada təxminən 305 kilometr dəmir yolu ilə yanaşı, 27 tunel, 43 körpü və 20 stansiyanın tikilməsi planlaşdırılır. Artıq 209,6 metr uzunluğundakı ilk tunelin inşası tamamlanıb.
Təxminən 30 ildir müzakirə edilən layihənin tammiqyaslı tikintisinə 2025-ci ilin iyununda başlanılıb. İndiyədək işlərin gecikməsinin əsas səbəbləri sırasında yüksək maliyyə xərcləri, Qırğızıstanın mürəkkəb dağlıq relyefi və ölkələrin istifadə etdiyi fərqli dəmir yolu standartları göstərilirdi.
Yeni xəttin ən böyük əhəmiyyəti isə Çindən Mərkəzi Asiya üzərindən qərbə doğru əlavə nəqliyyat marşrutunun yaradılmasıdır. Yüklərin Qırğızıstan və Özbəkistandan keçərək digər regional dəhlizlər vasitəsilə Yaxın Şərq və Avropa istiqamətində daşınması mümkün olacaq. Marşrutun bəzi daşımalar üzrə çatdırılma müddətini 8 günədək azaltması gözlənilir.
Təxminən 4,7 milyard dollar dəyərində qiymətləndirilən nəhəng dəmir yolunun 2031-ci ilin iyununda istifadəyə verilməsi planlaşdırılır. Layihə tamamlandıqdan sonra Çin-Qırğızıstan-Özbəkistan xətti Mərkəzi Asiyanın nəqliyyat xəritəsini dəyişdirən əsas marşrutlardan birinə çevrilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-09-2026