Mobil versiya
Bakıda köhnə binalar söküləcək - Yeni qayda prosesi sürətləndirəcək
Tarix: 05-11-2026 | Saat: 20:17
Bölmə:Ölkə | çapa göndər

Bakıda köhnə binalar söküləcək - Yeni qayda prosesi sürətləndirəcək


“Sökülən binaların sakinlərinə verilən kompensasiyaların vergidən azad edilməsi vətəndaşların daha əlverişli şərtlərlə mənzil əldə etməsinə şərait yarada bilər. Vergi Məcəlləsinə təklif olunan və sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə yeni tikilidə kompensasiya xarakterli verilən yaşayış və qeyri-yaşayış sahələrinin vergidən azad edilməsini nəzərdə tutan dəyişiklik daşınmaz əmlak bazarı üçün əhəmiyyətli iqtisadi təşəbbüsdür”.
Bunu aia.az-a açıqlamasında iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, təklif olunan dəyişiklik ilk növbədə köhnə yaşayış fondunun yenilənməsinə, tikinti şirkətlərinin vergi yükünün optimallaşdırılmasına və söküntü layihələrinin iqtisadi cəlbediciliyinin artırılmasına xidmət edir:

“Burada əsas məsələ yalnız vətəndaşa verilən mənzilin vergidən azad olunması deyil. Əslində, söhbət şəhərsalma siyasəti ilə fiskal siyasətin uzlaşdırılmasından, köhnəlmiş yaşayış fondunun yenilənməsi üçün əlavə iqtisadi stimulların yaradılmasından gedir. Bu dəyişiklik tikinti şirkətlərinin layihələr üzrə xərclərini azalda və investorların söküntü-yenidənqurma layihələrinə marağını artıra bilər.

Təklifə əsasən, sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada mülkiyyət sənədlərində müəyyən edilmiş sahənin müqabilində verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələri vergi tutulan gəlirlərə aid edilməyəcək. Eyni zamanda, köhnə sahənin 20 faizinədək əlavə sahə verildiyi halda, həmin əlavə sahə də güzəşt mexanizminə salınacaq. Bundan başqa, müvafiq əməliyyatlar üzrə ƏDV azadolması və çəkilmiş məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur”.
Ekspert hesab edir ki, bu güzəştlər kompensasiya şərtlərinin yaxşılaşdırılması üçün də iqtisadi imkan yarada bilər:

“Tikinti şirkətinin vergi yükünün azalması onun layihə üzrə maliyyə imkanlarını genişləndirir. Bu qənaətin müəyyən hissəsinin vətəndaşa əlavə kvadratmetr, daha keyfiyyətli mənzil və ya digər əlverişli kompensasiya şərtləri formasında ötürülməsi mümkündür. Lakin vergi güzəşti avtomatik olaraq kompensasiyanın artması demək deyil. Bunun üçün bazarda rəqabət və mülkiyyətçilərin maraqlarını qoruyan mexanizmlər də vacibdir.

Söküntü layihələrində kompensasiya məsələsinə daha sistemli yanaşılmalıdır. Xüsusilə müstəqil qiymətləndirmənin tətbiqi, əmlakın real bazar dəyərinin nəzərə alınması və vətəndaşa təklif olunan yeni mənzilin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır”.

Mənzil bazarına mümkün təsirləri şərh edən ekspert bildirib ki, dəyişiklik uzunmüddətli perspektivdə yeni tikililərin təklifini artıra, köhnə yaşayış fondunun yenilənməsini sürətləndirə və müəyyən ərazilərdə bazar rəqabətini gücləndirə bilər:

“Bununla belə, mənzil qiymətlərində avtomatik ucuzlaşma gözləmək düzgün olmazdı. Çünki qiymətlərə yalnız tikinti şirkətlərinin vergi xərcləri deyil, torpağın dəyəri, tikinti materiallarının qiyməti, əməkhaqqı, maliyyələşmə xərcləri və əraziyə olan tələb də təsir göstərir. Söküntü potensialı yüksək olan ərazilərdə torpaq sahələrinin investisiya cəlbediciliyi hətta arta bilər.
Bu dəyişiklik xüsusilə Bakıda köhnəlmiş yaşayış fondunun yenilənməsi prosesinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, vergi güzəştlərinin yaratdığı iqtisadi üstünlüyün yalnız investorların mənfəətinin artmasına deyil, həm də vətəndaşların daha əlverişli kompensasiya şərtləri əldə etməsinə xidmət etməsi vacibdir.

Söküntü və yenidənqurma layihələrinin səmərəliliyi yalnız tikinti şirkətlərinin gəlirləri ilə ölçülməməlidir. Bu prosesdə vətəndaşın mülkiyyət hüququ, dövlətin şəhərsalma maraqları və investorun iqtisadi mənafeyi arasında ədalətli balans yaradılmalıdır. Vergi güzəşti həmin balansın formalaşması üçün mühüm iqtisadi alət ola bilər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026