Mobil versiya
Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin qüdrətinin təntənəsidir - DEPUTAT
Tarix: 06-11-2026 | Saat: 10:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin qüdrətinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm tarix xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və dövlətimizin qüdrətinin təntənəsi olmaqla yanaşı, uzun illər davam edən torpaq həsrətinə son qoyulmasının, tarixi ədalətin bərpasının rəmzidir.

1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması xalqımızın həyatında ağır izlər buraxıb. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. İşğal nəticəsində şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə, iqtisadiyyatımıza və infrastrukturumuza ciddi ziyan vurulub. Bütün bu illər ərzində Azərbaycan dövlətinin əsas strateji məqsədi ərazi bütövlüyümüzün bərpası və işğal altında olan torpaqlarımızın azad edilməsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılmasını təmin edib. Dövlət başçısının qeyd etdiyi kimi, 2003-cü ildən etibarən həyata keçirilən bütün tədbirlər Azərbaycanın gücləndirilməsinə, torpaqlarımızın azad olunmasına xidmət edib.

Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin müasir silah-sursat və hərbi texnika ilə təchiz olunması, müdafiə sənayesinin yaradılması və inkişafı Azərbaycanın hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan regional və transmilli layihələr, enerji və nəqliyyat xəritəsində qazandığımız üstünlüklər, çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verib.

Azərbaycan uzun illər münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə çalışıb. Lakin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin icra edilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi münaqişənin həllini uzadıb. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün zəruri siyasi, iqtisadi və hərbi potensialını səfərbər edib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və tarixə “Dəmir yumruq” əməliyyatı kimi düşən 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixinin ən böyük hərbi-siyasi Zəfəri ilə nəticələnib. Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq, yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirib. Qısa müddət ərzində çoxsaylı şəhər, qəsəbə, kənd və strateji yüksəkliklər işğaldan azad olunub. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin gedişində həlledici mərhələ olmaqla, Azərbaycanın tarixi Qələbəsini şərtləndirən əsas hadisələrdən birinə çevrilib. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırılıb və Azərbaycanın hərbi-siyasi üstünlüyü rəsmiləşib.

Bu tarixi Qələbə Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun döyüş qabiliyyətinin parlaq təzahürü oldu. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə edilən Zəfər bütün dünyaya Azərbaycanın öz torpaqlarını azad etmək əzmində olduğunu nümayiş etdirdi. Müharibə dövründə xalqımızın nümayiş etdirdiyi həmrəylik, ön və arxa cəbhə arasında yaranan sarsılmaz birlik “Dəmir yumruq” rəmzində öz ifadəsini tapdı.

Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr də Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısı bu müsahibələr vasitəsilə münaqişənin əsl mahiyyətini, Ermənistanın təcavüzkar siyasətini və Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Beləliklə, ölkəmiz döyüş meydanında olduğu kimi, informasiya müstəvisində də mühüm uğurlar qazandı. Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpası idi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyuldu, Azərbaycan öz suverenliyini tam təmin etdi. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin mühüm hadisələrindən biri kimi yadda qaldı.

Ölkəmizin əldə etdiyi hərbi-siyasi uğurlar sonrakı mərhələdə regionda sülh və əməkdaşlıq gündəliyinin formalaşmasına da zəmin yaratdı. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması normallaşma prosesində mühüm nəticələr oldu. Həmçinin ATƏT-in Minsk Prosesi və onun əlaqəli strukturlarının fəaliyyətinə son qoyulması uzun illər davam edən münaqişənin beynəlxalq müstəvidəki institusional mərhələsinin başa çatmasını ifadə etdi. Zəfərimizin ən mühüm nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, yollar, körpülər, tunellər, hava limanları, təhsil və səhiyyə müəssisələri, sosial obyektlər istifadəyə verilir.

2026-cı il oktyabrın 23-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 10 min 114 ailədən ibarət 40 min 922 nəfərin qayıdışı təmin edilib. Hazırda həmin ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bu göstəricilər Böyük Qayıdış prosesinin ardıcıl şəkildə davam etdirildiyini və azad edilmiş torpaqlarımızda yeni həyatın qurulduğunu təsdiqləyir.

Dövlətimizin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən diqqət və qayğıdır. Müharibədən sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobillərlə təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi, reabilitasiya xidmətlərinin təşkili istiqamətində mühüm tədbirlər görülüb. “YAŞAT” Fondunun fəaliyyəti də şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə əlavə dəstək göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Zəfər tariximizin əbədiləşdirilməsi, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. 8 Noyabr - Zəfər Gününün təsis edilməsi, “Zəfər” və “Qarabağ” ordenlərinin, müxtəlif medalların yaradılması, Bakıda Zəfər parkının və Zəfər muzeyinin istifadəyə verilməsi bu məqsədə xidmət edir. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı isə Azərbaycanın tarixi Qələbəsinin, hərbi qüdrətinin və milli birliyinin dünyaya nümayişi oldu.

Hesab edirəm ki, 8 Noyabr - Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti hər bir azərbaycanlı üçün müstəsna dəyər daşıyır. Bu gün biz yalnız hərbi Qələbəmizi deyil, həm də xalqımızın milli iradəsini, dövlətimizin gücünü, şəhidlərimizin müqəddəs xatirəsini və müstəqilliyimizin sarsılmazlığını ehtiramla yad edirik. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik ən mürəkkəb tarixi sınaqların öhdəsindən gəlməyin əsas şərtləridir. Bu gün qarşımızda duran başlıca vəzifə əldə etdiyimiz tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərimizi inkişaf etdirmək, ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirmək və gələcək nəsillərə qüdrətli Azərbaycan miras qoymaqdır.

8 Noyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu şanlı tarix milli qürurumuzun, dövlətçilik iradəmizin və Vətən sevgimizin təcəssümüdür. Zəfər Günümüz mübarək!

Asif Əsgərov,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026