Mobil versiya
Parlament komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub -Fotolar
Tarix: 06-11-2026 | Saat: 18:40
Bölmə:Gündəm / Parlament | çapa göndər

Parlament komitələrinin birgə iclasında 2027-ci ilin  dövlət büdcəsinin layihəsi müzakirə olunub

Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iclası açaraq vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin inkişafı son illərdə və xüsusilə 2026-cı ildə davam edib. O, bildirib ki, ölkə Prezidenti tərəfindən iqtisadi, sosial və digər mühüm sahələrdə müəyyən edilmiş strateji kursun uğurlu icrası Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir və ölkəmizin gələcək inkişaf perspektivlərini aydın şəkildə şərtləndirir. Diqqətə çatdırılıb ki, Milli Məclisə təqdim edilən 2027-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın cari ildə sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir və növbəti ilin əsas maliyyə proqramını formalaşdırır.
Bildirilib ki, müşahidə olunan əsas meyllərdən biri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlıdır. Qeyri-neft-qaz sektorunun yüksək templə artımı ölkənin gələcək iqtisadi modelinin əsasını təşkil edir. İqtisadi tərəqqi və maliyyə dayanıqlığının gücləndirilməsi sosial inkişaf proqramlarının uğurla həyata keçirilməsi üçün ciddi zəmin yaradır. Sosial yönümlü büdcə xərclərinin artım tempi dövlət büdcəsinin ümumi gəlir və xərclərinin artım dinamikasını üstələyir.
Əli Əhmədov çıxışında ölkəmizin bu gün reallaşdırdığı iqtisadi və sosial yönümlü layihələrdən, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edib. O, görülən tədbirlər nəticəsində ölkədə iqtisadi fəallığın artdığını, məşğulluq səviyyəsinin yüksəldiyini, yeni iş yerlərinin yaradıldığını və bütün bunların Azərbaycan vətəndaşlarının ümumi rifahının yüksəlməsinə müsbət təsir göstərdiyini söyləyib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə məlumatı nəzərə çatdırıb.
Bildirilib ki, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz iqtisadi qüdrətini günü-gündən artırır, əhalinin sosial rifahı yaxşılaşdırılır, Azərbaycanın beynəlxalq arenada böyük nüfuz qazanması, eyni zamanda, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Qeyd edilib ki, 2027-ci ilin və sonrakı üç ilin dövlət büdcəsi, icmal büdcəsi və ortamüddətli xərclər çərçivəsi hazırlanarkən ölkədə dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin Dövlət Xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icrası, real sektorun inkişafının sürətləndirilməsi və digər istiqamətlər üzrə maliyyə təminatı dövlət büdcəsində və icmal büdcədə tam şəkildə formalaşdırılıb.
Sonra nazir 2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə bağlı nəzərə çatdırıb ki, Ümumi Daxili Məhsulun (ÜDM) 141 milyard manat, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 109.1 milyard manat, xam neftin 1 barrelinin orta illik qiyməti 65 dollar, ortaillik inflyasiya 5.3%, manatın məzənnəsinin 1 ABŞ dolları üçün 1.70 manat olması proqnozlaşdırılır. Bununla yanaşı, qeyd edilib ki, cari ilin sonuna dövlət borcumuzun ÜDM-ə nisbətinin 19.5% olması proqnozlaşdırılır, 2030-cu ilə qədər, yəni ortamüddətli dövrün sonuna bu göstəricinin 20.4% ətrafında olması gözlənilir. Borc portfelinin 16.2 milyard manatı daxili dövlət borcu, 7.7 milyard manatı isə xarici dövlət borcunu təşkil edir. Dövlət borcunun ÜDM-ə nisbətinə görə Azərbaycanın dünyada ən aşağı borca malik ölkələrdən olduğu söylənilib. Bildirilib ki, strateji valyuta ehtiyatları 1 oktyabr tarixinə 89.4 milyard dollar təşkil edir. Neft Fondunun transferti 7 milyard dollar proqnozlaşdırılıb. Qeyri-neft baza kəsirinin ÜDM-ə nisbəti növbəti ildə 17.1% olaraq proqnozlaşdırılır.
Nəzərə çatdırılıb ki, xərclər sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunub. Belə ki, 2027-ci ildə icmal büdcə xərcləri qeyri-neft ÜDM-in 46.2%-nə bərabər olacaq. Dövlət büdcəsinin 32.5%-i məhz əsaslı xərclərə yönələcək. Qeyd olunub ki, regionların dotasiyadan asılılığı tamamilə aradan qaldırılacaq, Naxçıvana dotasiya isə cari illə müqayisədə 6.4% azalaraq 198 milyon manat olacaq.
Bildirilib ki, icmal büdcə gəlirləri 47.6 milyard manat, dövlət büdcəsinin gəlirləri 39.3 milyard manat təşkil edəcək. Həmçinin qeyri-neft sektoru üzrə gəlirlər 23.8 milyard manat, dövlət büdcəsi gəlirlərinin 60.6%-i, neft-qaz sektoru üzrə gəlirlər 15,5 milyard manat, büdcə gəlirlərinin 39,4 % nəzərdə tutulur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 18.4 milyard manat və ya 47%, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar isə 6.9 milyard manat və ya 17.5% təşkil edəcək. Neft Fondunun transferti 11,9 milyard manat, dövlət şirkətlərindən dividendlər 872 milyon manat proqnozlaşdırılır. Büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 949 milyon manat, sair gəlirlər 484 milyon manat olacaq.
Təqdimata əsasən, icmal büdcə xərcləri 50.4 milyard manat, dövlət büdcəsinin xərcləri 42.4 milyard manat proqnozlaşdırılır. Sosialyönümlü xərclər 18.7 milyard manat, əsaslı xərclər 13,8 milyard manat, dövlət borclarına xidmətlərlə bağlı xərclər 2,2 milyard manat nəzərdə tutulur.
Müdafiə və milli təhlükəsizlik xərcləri 8.8 milyard manat, kənd təsərrüfatı üzrə 1.4 milyard manat, ətraf mühitin və təbiətin mühafizəsi üzrə 438.6 milyon manat, iqtisadi fəaliyyət xərcləri 8.9 milyard manat, dövlət əsaslı vəsait qoyuluşu 5.3 milyard manat müəyyən edilib. Sosial müdafiə və sosial təminat xərcləri üzrə 4.9 milyard manat, təhsil və elm xərcləri üzrə 5.4 milyard manat, səhiyyə xərcləri üzrə 2.1 milyard manat, beynəlxalq fəaliyyət xərcləri üzrə 561 milyon manat vəsait proqnozlaşdırılır.
Sonra nazir büdcə kəsiri parametrləri ilə bağlı diqqətə çatdırıb ki, dövlət büdcəsinin kəsiri 3.1 milyard manat, icmal büdcənin kəsiri 2.8 milyard manat olaraq qiymətləndirilir.
Sahil Babayev növbəti ilin dövlət və icmal büdcələrinin ölkənin qarşısında duran inkişaf, sosial rifah, müdafiə, milli təhlükəsizliyin qorunması və işğaldan azad olunmuş ərazilərin bərpası kimi mühüm çağırışların uğurla yerinə yetirilməsinə zəmin yaradacağını vurğulayıb.
Sonra iclasda iqtisadiyyat nazirinin müavini Anar Axundov çıxış edib. O, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitliyin qorunduğunu, şaxələndirmə siyasətinin öz bəhrəsini verdiyini söyləyib. Bildirilib ki, strategiya dövrünün yekunlarına əsasən, qeyri-neft-qaz sektorunda orta illik artımın 5.2% olacağı gözlənilir. Cari ilin yanvar-sentyabr aylarında isə iqtisadi artım 1.5% təşkil edib. Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Ümumilikdə, xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Bununla yanaşı, özəl sektorun investisiya fəallığı yüksəlir. Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20.7% artıb. Eyni zamanda, kənd təsərrüfatı emalı məhsullarının ixracı 37%, qeyri-neft-qaz sənaye məhsullarının ixracı isə 21.5% artıb.
Diqqətə çatdırılıb ki, büdcə daxilolmaları üzrə də müsbət dinamika davam edir. Cari ilin 9 ayında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 13.6% artaraq 10.3 milyard manat olub. Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri isə 9.3% yüksəlib. İlin əvvəlindən aktiv vergi ödəyicilərin sayı 4.8%, əlavə dəyər vergisi ödəyicilərin sayı isə 6.4% artıb. Cari ilin 9 ayında qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 3.5% və ya 36 minə yaxın artıb. Bundan əlavə, qeyri-neft/qaz sahəsində fəaliyyət göstərən özəl müəssisələrinin ƏDV depozit hesabında toplanmış vəsaitdən sosial sığorta ödənişləri üçün istifadə imkanı yaradılıb.
Nazir müavininin sözlərinə görə, qarşıdakı dövrdə iqtisadi siyasətin əsas istiqaməti ixracyönümlü, özəl investisiyalara əsaslanan və regionlarda yeni imkanlar yaradan iqtisadi artımın təmin edilməsidir. O, qeyd edib ki, bu baxımdan, iki istiqamət prioritet hesab olunur. Birincisi, yerli resurslara söykənən emal sənayesi, ikincisi isə xarici bazarlarla çıxış imkanları. O, müzakirəyə təqdim edilən büdcə layihəsinin ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri baxımından mühüm əhəmiyyət kəsb etdiyini, dövlətimizin sabit və təhlükəsiz inkişafına, vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə xidmət edəcəyini söyləyib.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2027-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib.
O, rəyin hazırlanmasında büdcə zərfindən başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatlarından, mərkəzi icra hakimiyyəti orqanlarının, Mərkəzi Bank və Dövlət Neft Fondunun hesabat və statistika məlumatlarından, Hesablama Palatası tərəfindən keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri və onların təhlillərinin nəticələrindən, nüfuzlu beynəlxalq təşkilatların hesabat və təhqiqatlarından da istifadə edildiyini deyib.
Palata sədri bildirib ki, 2027-ci il dövlət büdcəsinin layihəsinə dair Hesablama Palatasının rəyində təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunverici aktlara uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri, xərcləri və büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyi ifadə olunur.
Nəzərə çatdırılıb ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, dövlət büdcəsinin gəlir və xərclərinin düzgün uçotunun aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş əksər məsələlər təqdim olunmuş büdcə zərfində tam və ya qismən nəzərə alınıb. Qeyd olunub ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı təqdim edilmiş məlumatlara əsasən, büdcə sisteminin vahidliyi, bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı təsbit edilmiş tələblər təmin olunub, layihə vahid büdcə təsnifatı tətbiq edilməklə tərtib edilib.
Bildirilib ki, əvvəlki ildən fərqli olaraq, büdcə zərfinə daxil edilən Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların layihələri ilə yanaşı, həmin layihələrin uyğunluğu barədə arayışlar, hüquqi ekspertiza rəyləri, əsaslandırmalar, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əlaqələr hazırlanmalı, dəyişiklik edilməli və ləğv edilməli aktların siyahısı, müqayisəli cədvəllər, layihələri hazırlamış vəzifəli şəxslərin siyahısı və digər aidiyyəti sənədlər də əlavə edilib.
Palata sədri təqdim edilən rəydə qanun layihəsinin maddələr üzrə təhlil olunduğunu qeyd edib. O, bəzi bəndlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirərək, sənədin hazırlanmasında Hesablama Palatasının tövsiyələrinin nəzərə alındığını vurğulayıb.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, 2027-ci ildə də dövlət və icmal büdcələrinin sosial yönümlülüyü qorunacaqdır. Dövlət başçısının tapşırığına əsasən, növbəti sosial islahat paketinin həyata keçirilməsi üçün 2027-ci ilin dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatı yaradılıb.
Nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə dövlət büdcəsindən ayrılacaq vəsaitlər, eləcə də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcəsinin əsas göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, DSMF-nin gələn il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin müvafiq göstəricisindən 10,8% çoxdur. Xərcləri isə 9 milyard 273 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq xərclərindən 789,5 milyon manat və ya 9,3% çoxdur.
Qeyd olunub ki, fondun özünümaliyyələşdirmə imkanları davamlı genişlənir. Gələn il əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat olması proqnozlaşdırılır.
İşsizlikdən Sığorta Fondunun (İSF) 2027-ci il büdcəsinin göstəricilərinə toxunan nazir ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində işsizliyin 5 faiz civarında sabit saxlanıldığını bildirib. Vurğulanıb ki, məşğulluğun strukturunda özəl sektorun payı davamlı artır. Ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8 faiz və ya 59 min, ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–iyun aylarında 52,2 min yeni iş yeri açılıb ki, bu da ötən ilin müvafiq dövründən 7 faiz çoxdur.
Vurğulanıb ki, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri də aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Belə ki, fondun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
Nazir İcbari Tibbi Sığorta Fondunun 2027-ci il büdcəsinin əsas göstəriciləri barədə məlumat verərək bildirib ki, fondun gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2% çoxdur.
Fondun 2027-ci il üçün gəlirlərinin 50,6%-i və ya 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqlarından daxilolmalar hesabına formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 141,6 milyon manat və ya 14,2% çoxdur.
Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması məqsədilə 2027-ci ildə Fonda dövlət büdcəsindən cari illə müqayisədə 200 milyon manat və ya 22,2% çox olmaqla, 1,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Fondun 2027-ci il üzrə ümumi xərclərinin 2 milyard 980 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7% çoxdur. Xərclərin 2 milyard 565 milyon manatı və ya 86,1%-i tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və tibb heyətinin əməkhaqqı xərcləri üçün nəzərdə tutulub.
Növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, həmçinin rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi, əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bildirilib ki, növbəti ildə nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək.
İclasda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2027-ci ilin dövlət büdcəsi layihəsini müsbət qiymətləndirərək, ölkənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, büdcə layihəsi qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ətrafında müzakirələrdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Nigar Arpadarai, deputatlar Jalə Əliyeva, Asif Əsgərov, Asim Mollazadə, Pərvanə Vəliyeva, Nəsib Məhəməliyev, Elman Nəsirov, Soltan Məmmədov, Müşfiq Məmmədli çıxış edərək, növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər, bəzi suallarını səsləndiriblər.
Maliyyə naziri Sahil Babayev və səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Fatma Yıldırım, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Bədəl Bədəlov, Naqif Həmzəyev, Kamaləddin Qafarov, İlham Məmmədov, Əziz Ələkbərov, Göydəniz Qəhrəmanov, Soltan Məmmədov, Nigar Məmmədova, Günay Əfəndiyeva, Məlahət İbrahimqızı, Anatoliy Rafailov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Qaya Məmmədov, Sevil Mikayılova, Elçin Mirzəbəyli, Rasim Musabəyov, Gülşən Paşayeva, Zaur Şükürov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026