Mobil versiya
10 noyabr bəyanatının erməni mediasındakı təhrifli təqdimatı
Tarix: 10-11-2026 | Saat: 15:43
Bölmə:Özəl | çapa göndər

10 noyabr bəyanatının erməni mediasındakı təhrifli təqdimatı

İrəvanın altı il əvvəl imzalanmış sənədi yenidən siyasi ittihamlar vasitəsinə çevirmək cəhdi və Azərbaycanın cavab verməli olduğu məsələlər
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanatın altıncı ildönümü Ermənistan mediasında yenidən geniş müzakirələrə səbəb olub. Lakin bu müzakirələrdə diqqət çəkən məqam sənədin hüquqi məzmunundan daha çox onun Ermənistanın daxili siyasi mübarizəsində istifadə edilməsidir. Bəzi erməni nəşrləri və siyasi qüvvələr müharibənin nəticələrini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və sonrakı prosesləri elə təqdim etməyə çalışırlar ki, sanki Ermənistanın üzləşdiyi bütün problemlərin məsuliyyəti Azərbaycanın üzərinə düşür.

NEWS.am 9 noyabr tarixli materialında bəyanatın doqquz bəndindən bir sıra öhdəliklərin yerinə yetirilmədiyini iddia edir. Xüsusilə əsirlərin dəyişdirilməsi və regional nəqliyyat əlaqələrinin açılması məsələləri qabardılır. Eyni materialda 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsi birtərəfli hərbi müdaxilə kimi təqdim olunur. Belə yanaşma hadisələrin əvvəlini və hüquqi-siyasi kontekstini kənarda qoyur.

Əvvəlcə bir həqiqəti xatırladaq: 10 noyabr Bəyanatı Ermənistanın hərbi məğlubiyyətindən sonra imzalanmış sənəd idi. Onun əsas məqsədi döyüşləri dayandırmaq, ərazilərin qaytarılmasını təmin etmək və regionda yeni münasibətlər sisteminin formalaşmasına zəmin yaratmaq idi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması hansısa birtərəfli güzəşt deyil, sənəddə təsbit edilmiş öhdəlik idi. Digər dörd rayon isə Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində artıq azad edilmişdi. Deməli, erməni mediasının bu ərazilərin qaytarılmasını Ermənistanın haqsız itkisi kimi təqdim etməsi tarixi və hüquqi reallığı dəyişmir.

Bəyanatın 7-ci bəndi məcburi köçkünlərin və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıtmasını nəzərdə tuturdu. Lakin bu müddəa ərazi üzərində Azərbaycanın suverenliyini dəyişdirmirdi. 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağ ermənilərinin Ermənistana köçməsi ni bayraq edənlərə Azərbaycan dövlətinin o zamankı müraciətini də xatırlatmaq yerinə düşər. Həm də həmin hadisələri təqdim edərkən 30 ilə yaxın davam etmiş işğalı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu və regionun əvvəlki demoqrafik tarixini də unutmamaq gərəkdir.

Erməni tərəfinin əsirlərlə bağlı ittihamları da ayrıca araşdırılmalıdır. Bəyanatın 8-ci bəndində hərbi əsirlərin, digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi nəzərdə tutulurdu. Azərbaycan tərəfi 2021-ci ildə müharibə zamanı əsir götürülmüş və hərbi əsir statusuna malik şəxslərin geri qaytardı. Kalin sonrakı dövrdə saxlanılan şəxslərin isə döyüşlər başa çatdıqdan sonra Azərbaycan ərazisində törədilmiş cinayətlərlə bağlı araşdırmalar çərçivəsində saxlanıldığından onların tatusu tam fərqli idi.Bu fərqi nəzərə almadan bütün saxlanılan şəxsləri eyni hüquqi kateqoriyaya aid etmək düzgün deyil.
Nəqliyyat əlaqələri məsələsində də erməni mediası birtərəfli yanaşma nümayiş etdirir. Bəyanatın 9-cu bəndi regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edilməsini nəzərdə tuturdu. Altı il keçməsinə baxmayaraq bu istiqamətdə bütün məsələlərin həll edilməməsi faktdır. Lakin məsuliyyəti yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Hazırda TRIPP layihəsi üzrə Azərbaycan, Ermənistan və ABŞ arasında texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması bu məsələnin yenidən praktik müzakirə mərhələsinə keçdiyini göstərir.

Panorama nəşrinin yaydığı Strong Armenia partiyasının bəyanatı isə diqqəti başqa istiqamətə yönəldir. Partiya Azərbaycanın Xankəndidədəki Respublika Tibb Mərkəzini yenidən açmasını erməni mülkiyyətinin mənimsənilməsi kimi təqdim edir. Halbuki hər hansı obyektin kim tərəfindən maliyyələşdirilməsi onun yerləşdiyi ərazinin dövlət mənsubiyyətini müəyyən etmir. Qarabağ Azərbaycan ərazisidir və burada fəaliyyət göstərən ictimai obyektlər Azərbaycanın qanunvericiliyi və dövlət idarəçiliyi çərçivəsində fəaliyyət göstərməlidir. Obyektlərin taleyi ilə bağlı mülkiyyət və hüquqi məsələlər isə siyasi şüarlarla deyil, sənədlər əsasında həll edilir. Və adamdan soruşarlar ki Ermənistana kim icazə vermişdi ki gəlib burada obyekt tikmişdi?
Ermənistan müxalifətinin yeni Konstitusiya məsələsini Azərbaycanın ərazi iddialarına güzəşt kimi təqdim etməsi də eyni siyasi yanaşmanın davamıdır. Azərbaycan tərəfi Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiya preambulasındakı müddəaları problemli hesab edir. Bunun səbəbi həmin bəyannamədə Qarabağla bağlı 1989-cu il qərarına istinadın olmasıdır. Sülh müqaviləsinin imzalanması üçün qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin hüquqi təminatları aydın olmalıdır. Bu, Ermənistanın müstəqilliyinə müdaxilə deyil, iki dövlət arasında davamlı sülhün hüquqi əsaslarının formalaşdırılması məsələsidir.
Erməni siyasi dairələrinin unutmamalı olduğu daha bir həqiqət var: Azərbaycan altı il əvvəl imzalanmış bəyanatı yalnız müharibənin dayandırılması haqqında sənəd kimi deyil, regionda yeni siyasi reallığın başlanğıcı kimi qəbul edir. Bu reallıqda heç bir dövlət digərinin ərazisinə iddia irəli sürməməli, nəqliyyat əlaqələri qarşılıqlı maraqlar əsasında açılmalı, sərhədlər toxunulmaz olmalı və sülh müqaviləsi real hüquqi təminatlara söykənməlidir.

Azərbaycanın mövqeyi aydındır: sülh keçmişin saxtalaşdırılması, tarixi həqiqətlərin unudulması və ya qarşılıqlı ittihamlarla qurula bilməz. Ermənistan mediası 10 noyabr Bəyanatını yenidən müzakirəyə çıxarırsa, onda sənədin bütün bəndlərini, o cümlədən Ermənistanın üzərinə götürdüyü öhdəlikləri də xatırlatmalıdır. Yalnız özünə sərf edən müddəaları seçib qalanlarını susdurmaqla obyektiv tarix yazmaq mümkün deyil.

Altı il əvvəl imzalanmış sənəd bir həqiqəti təsdiqlədi: müharibənin nəticələrini siyasi şüarlarla dəyişmək mümkün deyil. Bu gün regionun ehtiyacı yeni qarşıdurma deyil, hüquqa, suverenliyə və qarşılıqlı məsuliyyətə əsaslanan davamlı sülhdür.

Şəmsi Qoca
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-11-2026