Mobil versiya
YAŞIL ENERJİ SAHƏSİ AZƏRBAYCANDA UĞURLA İNKİŞAF ETMƏKDƏDİR!
Tarix: 26-04-2024 | Saat: 09:58
Bölmə:Özəl | çapa göndər

YAŞIL ENERJİ SAHƏSİ AZƏRBAYCANDA UĞURLA İNKİŞAF ETMƏKDƏDİR!

Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamına uyğun olaraq bərpaolunan enerji sənayesinin inkişaf etdirilməsi üçün xarici sərmayədarların cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb və Anlaşma Memorandumu imzalanıb. Dövlət başçısının 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən isə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur. 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
Bu sənədə əsasən, Xəzər dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulur. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. “Yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq bu sektorda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir. Eyni zamanda, “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq institusional tədbirlər həyata keçirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Prezident İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir. Onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu (2021-ci il) mühüm yer tutur. Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu vardır. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur.
2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm əhəmiyyət kəsb edir ki, bu da təsadüfi deyildir. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla, enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir. Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Bütün bu qanunvericilik və institusional tədbirlər Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olan “yaşıl enerji”yə keçid strategiyasını reallaşdırmaq üçün mühüm tədbirlərin hamısını həyata keçirmək istiqamətində çalışdığını sübut edir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024