Mobil versiya
Türk dünyasının maraqlarına xidmət edən siyasət
Tarix: 04-07-2025 | Saat: 09:45
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Türk dünyasının maraqlarına xidmət edən siyasət

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri



Bu günlərdə Mərkəzi Asiyanın ən mühüm ölkəsi olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri tarixi və yaddaqalan hadisələrdən biri kimi qiymətləndirilməlidir. Bunun da təbii səbəbləri vardır.
Birincisi, Özbəkistan Azərbaycanla ortaq tarixə, ortaq mədəniyyətə, dilə və dinə malik ölkədir. Xalqlarımız daim bir-biri ilə ünsiyyətdə olmuş, eyni aqibəti paylaşmışlar.Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
İkincisi, Azərbaycan və Özbəkistan təkcə ikitərəfli əlaqələrlə deyil, həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu əlaqələr çərçivəsində görüşlərin intensivləşməsi təbii ki, diqqət çəkir.
Üçüncüsü, iki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, Azərbaycan və özbək xalqları SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar.
Bu şərtlər və səbəblər daxilində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafı təəccüblü deyildir və tamamilə təbii bir prosesdir.
Özbəkistan Prezidentinin dövlət səfəri çərçivəsində imzalanan sənədlər də bunu təsdiq edir.
İyulun 2-də sənədlərin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı bəyanatında bildirib ki, “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik.”
Qardaş Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini, Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasını, iqtisadi potensialının güclənməsini, sosial həyatın bir çox məsələsinin həll olunmasını böyük nailiyyətlər adlandıran və buna ürəkdən sevinən cənab İlham Əliyev bunların Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsi kimi dəyərləndirmişdir: “Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.”
Özbəkistanın bu gün investisiyalar üçün çox cəlbedici ölkə olduğunu qeyd edən cənab Prezident bildirib ki, bu yaxınlarda yaradılmış İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Hazırda İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. “Özbəkistana investisiyalar bizim üçün prioritetdir.”-deyə bildirən cənab İlham Əliyev bunun iki səbəbini göstərib: “Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir.”
Orta Dəhliz layihəsinin ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malik olduğunu bildirən Azərbaycan lideri bu nəhəng nəqliyyat-logistika layihəsində Özbəkistanın, eləcə də Mərkəzi Asiya dövlətlərinin iştirakının əhəmiyyətini vurğulamış və bildirmişdir ki, “Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.”
İşğaldan azad edilmiş Qarabağın bərpasına göstərdiyi köməyə görə qardaş özbək bu bölgədə “Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.”
Cənab Prezident İlham Əliyev açılışında iştirak etdiyi Özbəkistan səfirliyinin binasının, “Ağ şəhər”də təməli qoyulacaq “Özbəkistan” parkının iki qardaş xalqın dostluq rəmzi olacağına dərin inamını bildirib və qeyd edib ki, bu ərazidə Özbəkistan səfirliyinin binası üçün torpağı da Ulu Öndər Heydər Əliyev ayırmışdı.
Son olaraq qeyd edək ki, Azərbaycan Özbəkistan əlaqələrinin yüksək səviyyədə olmasına diqqət yetirən ölkəmizin başçısı bu qardaş ölkə ilə mümkün əməkdaşlığın bütün variantlarından istifadə edir. Çoxvektorlu xarici siyasətində cənab ilham Əliyev ən güclü Mərkəzi Asiya ölkəsi olan Özbəkistanla strateji tərəfdaşlıq səviyyəsinə yükəsləməyə doğru gedən münasibətləri inkişaf etdirir. Bu siyasət hər iki ölkənin, eləcə də Türk dünyasının maraqlarına uyğundur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025