Mobil versiya
"Adamlar var idi, Mehdiyevin kabinetinin qarşısında saatlarla, günlərlə gözləyirdilər" - Novruz Məmmədov
Tarix: 20-10-2025 | Saat: 16:21
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Adamlar var idi, Mehdiyevin kabinetinin qarşısında saatlarla, günlərlə gözləyirdilər" -

Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinə və barəsində 4 aylıq ev həbsi çıxarılması barədə qərara münasibət bildirib.

aia.az xəbər verir ki, Novruz Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Ramiz Mehdiyev barəsində çıxarılmış məhkəmə qərarı tam ədalətlidir. Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər Azərbaycanda gedən ictimai-siyasi proseslərdə mühim rol oynayıb:

“Hamı yaxşı bilir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə yer alan ən yüksək səviyyəli şəxslərdən biri kimi çox mühüm rol oynayıb. Dövlət idarəetmə sistemində gedən bütün prosesləri görüb, bunları müşayiət edən adamlar da biri olub. Son proseslərlə bağlı da bildirim ki, Ramiz Mehdiyevlə bağlı axtarış olub, xüsusi işlər görülüb, araşdırılıb, öyrənilib, haradansa məlumatlar əldə olunub. Ona görə də onunla bağlı belə qərar qəbul edilib.

Düşünürəm ki, onunla bağlı məhkəmə qərarı ədalətli və hər şey dəqiq nəzərə alınaraq atılan addımdır. Ona görə də mən bu məsələyə başqa cür yanaşmağı düzgün hesab etmirəm. Çünki Ramiz müəllimin gördüyü işlər çox idi, çox ciddi və məsuliyyətli işlərlə məşğul olurdu. Gərək o da çalışmalı idi ki, fəaliyyəti digərlərinə nümunə olsun”.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan dövləti Ramiz Mehdiyevə çox böyük imkanlar yaratmışdı, o da həmin imkanlarla işləyib, yaşayırdı:

“Uzun illər biz eyni binada işləmişik, hərdən salamlaşırdıq, görüşürdük. Amma mən onun xarakterini bildiyim üçün ona heç zaman ehtiyacım olmayıb, heç vaxt Ramiz Mehdiyevdən kömək ummamışam. Buna mən özüm imkan verməmişəm. Amma adamlar var idi, kabinetinin qarşısında saatlarla, günlərlə onu gözləyirdilər ki, qəbul eləsin. Ramiz Mehdiyevin idarəçilik xarakteri çox qəribə idi, özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur. Sanki hamı onun qəbulunda saatlarla gözləməlidir və s. Ramiz Mehdiyev vəzifədə işləyən zaman çox insanlara qarşı heç də ədalətli olmurdu, onları qapıda çox gözlətdirirdi. Özündən çox razı idi, heç kimi saymırdı, heç kimlə məsləhətləşmək istəmirdi. Elə fikirləşirdi ki, sanki Azərbaycanı o idarə edir. Ona görə də mən onu qəbul edə bilmirdim, sadəcə yaşına görə işinə qarışıb bir söz demirdim. Bütün bunlara görə hesab edirəm ki, Ramiz Mehdiyev barəsində qərar ədalətlidir”.

Sabiq Baş nazir Ramiz Mehdiyevin PA-nın sabiq şöbə müdiri Əli Həsənovla münasibətlərindən də danışıb:

“Ramiz Mehdiyevin mənə ziyanı dəyməyib. Ümumiyyətlə, mən elə iş görməmişdim ki, onun mənə zərbəsi dəysin. PA-da çalşanda da işimi normal görürdüm, heç vaxt da aramızda ciddi problem yaşanmayıb. Əgər onun mənə bir zərbəsi dəysəydi, bu, həmin vaxtı böyük hadisə olardı. Çünki mən bunu Prezidentə məruzə edəcəkdim. Bəlkə də o başqa adamları axtarıb tapıb, hansısa işlər görürdü. Ancaq Əli Həsənov məndən fərqli idi, onun öz işindən başqa əlavə işlərin görülməsində fəaliyyəti geniş idi. Çünki Ramiz Mehdiyev və Əli Həsənov eyni sahələrə baxırdılar. Onların arasında nələrsə olubsa belə, Əli Həsənov çıxıb özü sözünü desin.

Amma yenə deyirəm ki, vəzifədə olarkən mən öz işimdən başqa iş görməmişəm. Heç, bir kvadrat metr belə torpaqda da gözüm olmayıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025