Mobil versiya
Səttar Möhbalıyev:" Böyük Qayıdış sadəcə soydaşlarımızın geri dönməsi deyil, dövlətin hərtərəfli dirçəliş strategiyasıdır"
Tarix: 29-10-2025 | Saat: 11:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev:" Böyük Qayıdış sadəcə soydaşlarımızın geri dönməsi deyil, dövlətin hərtərəfli dirçəliş strategiyasıdır"

Cəbrayıl rayonunun Horovlu, Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sakinlərlə görüşü Zəfərdən sonra dövlət siyasətinin mərkəzində dayanan “Böyük Qayıdış” proqramının növbəti mərhələsi kimi tarixə düşdü. 28 oktyabrda baş tutan bu görüşlər, əslində, tək bu kəndlərin deyil, bütöv bir dövrün simvoluna çevrildi. Cənab Prezidentin sözləri ilə desək, “Bu gün Horovlu kəndinin tarixində çox əlamətdar, unudulmaz, tarixi bir gündür. Kəndin sakinləri öz doğma torpağına qayıdırlar.” Bu cümlə, sadəcə bir təbrik deyil — otuz illik nisgilin sonu, ədalətin bərpası və tarixi Zəfərin sosial reallığa çevrilməsi deməkdir. Cəbrayıl, Füzuli istiqamətindən başlanan Zəfər yürüşü 2020-ci ildə Azərbaycanın hərb meydanında tarix yazdığı an idi, bu gün isə həmin tarixin müasir bərpa səhifələri Horovluda Məmmədbəylidə, Ağalıda vəbütöv Qarabağda yazılır.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, əslind Horovlu, Məmmədbəyli, Ağalı – Böyük Qayıdışın parlaq modelidir. Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Böyük Qayıdış sadəcə məcburi köçkünlərin geri dönməsi deyil, dövlətin hərtərəfli dirçəliş strategiyasıdır. Horovluda 334 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, iş yerləri və müasir infrastruktur — bütün bunlar Horovlunun yeni həyatının təməl daşlarıdır. Əvvəl 1500 nəfər əhalisi olan kəndin artıq 2000-dən çox sakini olacaq. Bu, həm demoqrafik artımın, həm də iqtisadi dinamizmin göstəricisidir. Cənab Prezidentin dediyi kimi: “Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var. Dövlət sizin üçün bütün şəraiti yaradıb.” Horovlu indi təkcə bərpa olunmuş bir yaşayış məntəqəsi deyil, Böyük Qayıdış konsepsiyasının laboratoriyasıdır. Burada sosial rifah, ekoloji dayanıqlıq, müasir idarəçilik və enerji müstəqilliyi bir model kimi formalaşdırılır. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusilə diqqət çəkən məqam ədalətin təntənəsi ideyasıdır. O, qeyd etdi ki, “Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib.” Bu fikir təkcə siyasi ritorika deyil, Azərbaycan dövlətinin postmüharibə fəlsəfəsinin əsas sütunudur. Çünki bu torpaqlara qayıdış həm torpaq üzərində, həm də yaddaşda qazanılmış qələbənin davamıdır. Horovluda bərpa olunan evlər, salınan yollar, tikilən məktəblər – bunlar ədalətin inşasıdır. Bu, düşmənin viran qoyduğu yurdların dirçəlməsi ilə yanaşı, insan ləyaqətinin bərpasıdır. Cənab Prezident İlham Əliyev Horovludan çıxış edərək Cəbrayıl rayonunun iqtisadi inkişaf istiqamətlərini də müəyyənləşdirdi. Onun sözləri ilə desək “Araz Vadisi sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir, yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaq.” Bu, dövlətin məqsədyönlü siyasətinin nəticəsidir: işğaldan azad edilmiş ərazilər sadəcə bərpa edilmir, həm də iqtisadi müstəqilliyin yeni mərkəzlərinə çevrilir. İki Günəş Elektrik Stansiyasının təməli qoyulub, üçüncü – ən böyük stansiyanın tikintisi isə davam edir. Cəbrayıl və Zəngilan rayonlarında ümumilikdə 400 meqavat gücündə enerji istehsalı planlaşdırılır. Bu, bir şəhərin enerji tələbatına bərabərdir və yaşıl enerji zonasının reallığa çevrildiyini göstərir. Azərbaycan burada enerji diplomatiyasının yeni modelini – daxildə yaşıl iqtisadiyyat, xaricdə enerji ixracı kimi strateji konsepsiyanı həyata keçirir.

Millət vəkili onu da deyib ki, cənab Prezidentin çıxışında “işsizlik olmamalıdır” tezisi xüsusi önəm daşıyır. Bu, dövlətin sosial siyasətinin mahiyyətini ifadə edir.
Hər bir ailəyə on iki sot torpaq sahəsinin ayrılması, kənd təsərrüfatı üçün geniş ərazilərin istifadəyə verilməsi yerli iqtisadiyyatın insan üzərində qurulduğunu göstərir.
Aqroparklar, heyvandarlıq, arıçılıq, üzümçülük, meyvəçilik – bütün bunlar Horovlunun gələcəyini təmin edən davamlı həyat modelidir. Bu, həm də cənab Prezidentin illər əvvəl dediyi “Azad olunan şəhərlər əvvəlkindən daha gözəl olacaq” vədinin reallaşmasıdır.

Bu gün Horovluda qurulan həyat, həmin sözlərin praktik, sosial və mənəvi təsdiqidir. Cəbrayılın azad edilməsinin beşinci ildönümü ərəfəsində cənab Prezidentin səfəri Zəfər tarixinin canlı təcəssümüdür. Cənab Prezident çıxışında qeyd etdi ki,
“Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir.” Bu tarix – təkcə hərbi Qələbənin deyil, xalqın ruhunun, iradəsinin və dövlətçilik təməllərinin yenilənməsinin simvoludur. Horovluya qayıdan hər bir ailə əslində Zəfərin canlı hekayəsini yaşayır. Bu kəndin küçələrində uşaq səsi, məktəb zəngi, tikinti səsi eşidildikcə, Azərbaycanın Böyük Qayıdışı da yeni mərhələyə qədəm qoyur.
Cənab Prezident İlham Əliyevin Horovluda, Məmmədbəylidə, Ağalıda səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan Zəfəri ilə başladığı yolu Böyük Qayıdışla tamamlayır. Bu yol həm ədalətin bərpası, həm də milli ruhun dirçəldilməsi yoludur.
Horovlu kəndinin bərpası, Cəbrayılın sənaye və enerji mərkəzinə çevrilməsi, yeni həyatın qurulması – bunların hər biri Azərbaycan dövlətinin gücünü, cənab Prezidentin uzaqgörən siyasətini və xalqın iradəsini göstərir. Bu gün Horovluya Məmmədbəyliyə, Ağalıya qayıdan hər bir insan sadəcə öz evinə yox, müstəqil Azərbaycanın qələbə salnaməsinə dönür-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2025