Mobil versiya
Azər Kərimli: “Dövlət siyasətinin iqtisadi dayanıqlıq konsepsiyası öz təzahürlərini yenidən qurulan ərazilərimizdə aydın şəkildə tapır”
Tarix: 29-10-2025 | Saat: 15:09
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Dövlət siyasətinin iqtisadi dayanıqlıq konsepsiyası öz təzahürlərini yenidən qurulan ərazilərimizdə aydın şəkildə tapır”

“Cəbrayıl rayonunun Horovlu kəndinin, eləcə də Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin bərpası, sakinlərin doğma torpaqlarına qayıdışı, Azərbaycanın müasir tarixində dövlətin və xalqın birliyinin daha bir parlaq təzahürüdür. Cənab Prezident İlham Əliyevin oktyabrın 28-də bu iki rayonda kənd sakinləri ilə görüşü, sadəcə mənzillərin açarlarının təqdim olunması deyil, həm də “Böyük Qayıdış” siyasətinin canlı təsdiqi, milli dövlət quruculuğunun real nəticəsinin nümayişidir. Azad edilmiş ərazilərdə yenidən qurulan hər bir kənd və qəsəbə bu gün göz oxşayan yaşayış məntəqəsinə çevrilib. Yeni evlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi, iş yerləri və sosial infrastruktur — bütün bunlar dövlətin vətəndaşına olan qayğısının, bərpa siyasətinin səmərəli icrasının göstəricisidir. İllərlə viran qalmış bölgələrin qısa müddətdə bu səviyyəyə çatması əlbəttə ki, təsadüf deyil. Bu, planlı və mərhələli dövlət siyasətinin nəticəsidir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Öz açıqlamasında millət vəkili cənab Prezident İlham Əliyevin Horovlu kəndində etdiyi çıxışının siyasi motivlərini vurğulayaraq onları diqqət mərkəzinə çəkib: “Əlbəttə ki, istər Horovluda, istərsə də bütün digər azad olunmuş ərazilərdə görülən işlərin ən önəmli cəhəti sadəcə şəhər və kəndlərimizin yenidən qurulması deyil. Bundan daha vacib olan ədalətin bərpasıdır. Dövlət başçımızın öz çıxışında səsləndirdiyi “bu torpaqların sahibləri bizik” fikri, həm siyasi, həm mənəvi, həm də ideoloji məna daşıyır. Müstəqil Azərbaycan dövləti 30 illik işğalın yaratdığı ədalətsizliyi aradan qaldırmaqla, xalqına və şəhidlərinin ruhuna olan borcunu yerinə yetirib. Bu gün Qarabağ və Şərqi Zəngəzur tam mənada tikinti meydançasıdır.“Böyük Qayıdış” proqramı yalnız sosial layihə deyil, həm də strateji dövlət konsepsiyasıdır və bu konsepsiya Azərbaycanın demoqrafik, iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edir. Cəbrayılda yaradılan “Araz Vadisi” sənaye zonası, Günəş Elektrik Stansiyaları, kənd təsərrüfatı üçün geniş torpaq sahələrinin istifadəyə verilməsi göstərir ki, dövlət bərpa prosesini yalnız yaşayışla məhdudlaşdırmır; iqtisadi dayanıqlılıq da əsas prioritetdir. Məhz bu yanaşma, postmünaqişə dövründə regionun sosial-iqtisadi transformasiyasının mahiyyətini açır. Görülən işlərin nəticələri isə, yalnız bərpa yox, həm də yenidənqurma, modernləşmə və strateji inkişaf modeli kimi öz bariz təzahürlərini tapır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2025