Mobil versiya
Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub -Fotolar
Tarix: 13-06-2026 | Saat: 12:02
Bölmə:Ölkə | çapa göndər

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsi yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin birinci mərhələsi çərçivəsində Cağar-Cibir su kanalından Avaran kəndinə 1,4 km uzunluğunda magistral su xətti çəkilib. 10 min 250 kubmetr həcmində su anbarı və 2 min kubmetr həcmində lil çökdürmə hovuzu inşa edilib. Hovuzun daxili səthinə müasir membran örtük döşənib, həmçinin nasos stansiyası və su təmizləyici filter məntəqəsi tikilib, üçmərhələli təmizləmə sistemi quraşdırılıb.

Layihənin birinci mərhələsində 18 km uzunluğunda su xətləri çəkilərək 125 abonentin su təchizatı təmin edilib. İkinci mərhələdə isə 32 km uzunluğunda yeraltı plastik su xətləri çəkilib və 259 ev su xətləri ilə təmin edilərək müasir tipli sayğaclar quraşdırılıb. Layihənin hər iki mərhələsinin yekununda Avaran kəndində mövcud olan 384 evin hamısı mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub.

Avaran kəndində yaradılan içməli su təchizatı infrastrukturunun ikinci mərhələsinin açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədrinin müşaviri Ramin Sadıqov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, “İSFA” MMC və BP şirkətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Sahir Məmmədxanov bildirib ki, ölkəmizdə vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin mərkəzində dayanır. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su, təbii qaz və enerji təminatı bu siyasətin prioritet istiqamətlərindəndir.

Rayon rəhbəri vurğulayıb ki, Avaran kəndinin içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasiminin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etməsi tədbirə xüsusi rəmzi məna qazandırır.

Təbirdə qeyd olunub ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah səviyyəsinin yüksəldilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların tarazlı və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə ölkənin bütün bölgələrində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq son illərdə Qusar rayonu da daxil olmaqla respublikanın bütün bölgələrində sosial infrastrukturun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində genişmiqyaslı layihələr icra olunur. Yaşayış məntəqələrinin təbii qaz və elektrik enerjisi ilə təminatı, müasir standartlara cavab verən içməli su sistemlərinin qurulması, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması bu istiqamətdə aparılan işlərin əsas tərkib hissəsidir.

Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədrinin müşaviri Ramin Sadıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikanın bütün regionlarında əhalinin keyfiyyətli kommunal xidmətlərlə təmin olunması istiqamətində ardıcıl işlər aparılır. Qusar rayonunun Avaran kəndində icra olunan layihə də bu siyasətin tərkib hissəsidir. Dövlət-özəl qurumlarının əməkdaşlığının uğurlu nümunəsi olan layihənin müasir standartlara uyğun icra edilməsi də kənd sakinlərinin uzunmüddətli və dayanıqlı şəkildə təmiz içməli su ilə təminatına xidmət edir.

Tədbirdə çıxış edən kənd sakinləri – şəhid anası Yeganə Pirseyidova və Nazilə Kələntərova uzun illər ərzində içməli su təchizatı ilə bağlı yaşadıqları çətinliklərin aradan qaldırıldığını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına, layihənin həyata keçirilməsində təşəbbüsünə görə rayon rəhbərliyinə, layihənin maliyyə dəstəkçisi BP şirkətinə və icraçı təşkilat olan “İSFA” MMC-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Mərasimdə layihənin rəmzi açılışını ifadə edən bulaq istifadəyə verilib.

Açılış mərasimi konsert proqramı ilə davam etdirilib.

Müxbir – Elxan Yusifli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə