Mobil versiya
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
Tarix: 03-07-2026 | Saat: 11:27
Bölmə:Şou-biznes | çapa göndər

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar


Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəziləri illərlə azadlıqdan məhrum edildi, bəziləri isə inzibati həbs cəzası aldı.

aia.az bildirir ki, “Yeni Sabah” son illərdə həbs olunan məşhur qadınların siyahısını və onların hansı səbəbdən həbs edildiklərini araşdırıb.

2026 – “TikTok” fenomeni İlduzə Hacıyeva (Arzum 9999)

“TikTok”da “Arzum 9999” adı ilə tanınan bloger İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə mühakimə olundu. Ötən gün məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum etdi. İş üzrə müəyyən edildi ki, qəza nəticəsində bir nəfər həyatını itirib. Hökm ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

2025 – Rəqsanə İsmayılova

Müğənni Rəqsanə İsmayılova 16 avqust 2025-ci ildə Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaqın məlumatına görə, o, iki zərərçəkmişə məxsus ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra ifaçı ev dustaqlığına buraxıldı.

2025 – Dəniz Əsədova

Müğənni Dəniz Əsədova xüsusi ittiham qaydasında baxılan cinayət işi üzrə məhkəmə prosesində ötən il həbs edilib. O, məhkəmə zalındaca qandallanaraq Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdi.

2025 – Günay Əliyeva

“TikTok” fenomeni Günay Əliyeva əxlaqsızlığın təbliği və təşkilinə dair cinayət işi çərçivəsində saxlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, bu iş üzrə həbs olunan bir neçə sosial media fenomenindən biri idi. Hadisə həmin vaxt sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.

2025 – Quanna Quliyeva

Bloger Quanna Quliyeva da eyni cinayət işi üzrə həbs edilən məşhurlardan idi. İstintaq onun sosial şəbəkə fəaliyyəti ilə bağlı irəli sürülən ittihamları araşdırıb və onun barəsində həbs qətimkan tədbiri seçmişdi. İş uzun müddət medianın diqqətində qaldı.

2025 – Nurdan Yusifova

“TikTok” istifadəçisi Nurdan Yusifova da eyni əməliyyat zamanı saxlanılan şəxslərdən idi. O, cinayət işi çərçivəsində həbs olunmuşdu. İttihamlar əxlaqsızlığın təşkili və təbliği ilə bağlı idi. Onun işi digər fenomenlərlə birlikdə araşdırılmışdı.

2024 – Çelsi Baxşıyeva

Sosial media fenomeni Çelsi Baxşıyeva inzibati xəta törətməkdə təqsirli bilinərək 30 sutka inzibati həbs almışdı. Ona qarşı xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri tətbiq edilmişdi. O, 30 sutkalıq inzibati həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb və sosial şəbəkələrdə fəaliyyətini bərpa edib.

2024 – Arzuxanım Həsənova

Müğənni Arzuxanım Həsənova 2024-cü ildə narkotik vasitədən istifadə ilə bağlı əməliyyat məlumatı əsasında polis tərəfindən saxlanılıb. Təyin edilən ekspertizanın nəticələrinə əsasən, onun qanında psixotrop maddə - metamfetamin aşkar edildiyi bildirilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona əvvəlcə 15 sutka inzibati həbs təyin etsə də, ictimai mövqeyi və ailə vəziyyəti nəzərə alınaraq cəza 5 sutka inzibati həbslə əvəz olunub.

2023 – Təranə Səmədova

Prodüser Təranə Səmədova insan alveri və qadınları cinsi istismara cəlb etmə ittihamı ilə həbs edildi. Məhkəmə onu təqsirli bilərək azadlıqdan məhrum edib. Bu, onun barəsində qaldırılan ilk cinayət işi deyildi, bundan əvvəl də o insan alverinə görə cəza almışdı. Məhkəmənin hökmü ilə o, 2023-cü ildə 6 il azadlıqdan məhrum edilib.

2017 – Fədayə Laçın

Müğənni Fədayə Laçın Bakı-Astara qatarından qaçan məhbusların qaçışına kömək etməkdə ittiham olunub. O, həbs edilərək istintaqa cəlb edilmişdi. Sonradan məhkəmə ona 5 il azadlıqdan məhrumetmə cəzası verdi, daha sonra cəzası azaldıldı. 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Sonradan mühafizə altından qaçan Əli Ağami həbs olunmuş, Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilmişdi. Fədayə Laçın “Qoca” ilə sevgi münasibətində idi. Bu hadisə Azərbaycan şou-biznesinin ən səs-küylü cinayət işlərindən biri hesab olunur.

2015 – Maral Tahirqızı

Müğənni Maral Tahirqızı əxlaqsızlıq yuvası təşkil etmək ittihamı ilə saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Bir müddət sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilərək buraxılmışdı.

2013 – Gülər Əhmədova

Keçmiş deputat Gülər Əhmədova deputat mandatının satılması ilə bağlı qalmaqallı cinayət işi üzrə həbs olunmuşdu. O, dələduzluq və nüfuz alverində təqsirli bilinərək məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir müddət sonra cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz olundu və o, azadlığa buraxıldı. Bu iş uzun müddət Azərbaycanın ən çox müzakirə olunan siyasi qalmaqallarından biri oldu.

2000-ci illər – Dinarə Məmmədova

İki dəfə “Miss Azerbaijan” titulunu qazanan keçmiş model Dinarə Məmmədova Rusiyada qadın həbsxanasında cəza çəkib. O, dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkib, hazırda azadlıqdadır. Dinarə Məmmədova 2003-cü ildə, 17 yaşında “Miss Azerbaijan” seçilib, daha sonra ikinci dəfə eyni titulun sahibi olub və “Miss Avropa” müsabiqəsinə dəvət alıb. Onun sözlərinə görə, Rusiyada ortağına etibar etməsi nəticəsində adından istifadə olunub, geri qayıtdıqda isə barəsində çoxsaylı şikayətlər verildiyini öyrənib və cinayət işi üzrə həbs edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2026