Mobil versiya
Rusiyanın yanacaq böhranı Ermənistanı yeni seçim qarşısında qoyur – Bakı əsas alternativə çevrilirmi?
Tarix: 09-07-2026 | Saat: 20:25
Bölmə:Özəl | çapa göndər

Rusiyanın yanacaq böhranı Ermənistanı yeni seçim qarşısında qoyur – Bakı əsas alternativə çevrilirmi?




Rusiyada yanacaq böhranının dərinləşməsi və dizel yanacağının ixracına qoyulan qadağa Ermənistanın enerji təminatı ilə bağlı yeni riskləri gündəmə gətirib. Moskvanın qərarı Rusiyadan yanacaq idxalından ciddi asılı olan Ermənistanı alternativ tədarük mənbələri axtarmağa sövq edir.

Məlumata əsasən, prezident Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə baş nazirin müavini Aleksandr Novak dizel yanacağının ixracına tam məhdudiyyət tətbiq olunduğunu açıqlayıb. Bildirilir ki, qərarın əsas səbəblərindən biri Ukraynanın son aylarda Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələr və bunun daxili yanacaq bazarına təsiridir.

Ermənistanın neft yataqları və neft emalı zavodları olmadığından ölkə istifadə etdiyi yanacağın demək olar ki, hamısını idxal edir. Dizel yanacağının əsas hissəsi uzun illər Rusiyadan tədarük olunub ki, bu da İrəvanın enerji təhlükəsizliyini Moskvanın qərarlarından asılı vəziyyətə salır.

Ekspertlərin qiymətləndirməsinə görə, alternativ marşrutlar mövcud olsa da, onların hər biri müəyyən çətinliklərlə müşayiət olunur. İran istiqaməti sanksiyalar və regional təhlükəsizlik riskləri səbəbindən qeyri-müəyyən hesab edilir. Avropa və Yaxın Şərq bazarlarından tədarük isə yüksək logistika xərcləri və məhdud imkanlar səbəbindən Rusiyanın həcmlərini tam əvəz edə bilmir.

Bu şəraitdə Azərbaycanın potensial alternativ kimi önə çıxdığı qeyd olunur. Xatırladılır ki, son dövrdə Azərbaycandan Ermənistana benzin və dizel yanacağının ixracına başlanılıb. Mövcud həcmlər hələlik Rusiyadan gələn tədarükü tam əvəz etməsə də, coğrafi yaxınlıq, logistika üstünlüyü və mümkün əməkdaşlıq perspektivləri Azərbaycanın bu sahədə əhəmiyyətini artıran amillər kimi göstərilir.

Müşahidəçilərin fikrincə, Rusiyada yaranmış yanacaq böhranı Ermənistanın enerji asılılığını bir daha üzə çıxarıb və alternativ tədarük marşrutlarının şaxələndirilməsi məsələsini ölkənin əsas prioritetlərindən birinə çevirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2026